Xəbər lenti

 
İsrail Hava Yollarına aid bir sərnişin təyyarəsi 10 illik fasilədən sonra bu gün ilk dəfə İstanbula enib.
 
Ovqat.com xəbər verir ki, bu hadisə Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşılaşdırılmasının ilk əlaməti kimi qiymətləndirilir.
 
Bir ilə yaxındır ki, Türkiyənin bəzi radikal dini mətbuatında irəli dilə gətirilsə də, bu iddia Ankara tərəfindən rəsmən təsdiqlənməmişdi. Bununla belə, ötən ilin son günlərində Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən də yaxınlaşma prosesinə işarə edilmişdi. Belə ki, R.T.Ərdoğan ötən il dekabrın 25-də cümə namazından sonra mediaya verdiyi açıqlamasında İsrailin Fələstin siyasəti olmasaydı, Ankara ilə Təl-əviv arasındakı bütün soyuqluqlara son qoyula biləcəyini bəyan etmişdi: “Həm ədalət anlayışı, həm də ölkələrin ərazi bütövlüyünə yanaşma baxımından İsraildən fərqləndiyimiz nöqtə budur. Əks təqdirdə, könlümüz onlarla münasibətlərimizi inkişaf etdirilməsini istəyir”, - Ərdoğan belə demişdi.


 
R.T.Ərdoğan: “Könül istərdi ki, İsraillə münasibətlərimizi inkişaf etdirək”
 
 
Türkiyə prezidentinin bu sözlərindən sonra dünyanın müxtəlif mətbu orqanlarında iki dövlət arasında əlaqələrin yaxşılaşdırılması təşəbbüslərinin artırıldığı barədə xəbərlər yayılmağa başlanmışdı. Hətta ABŞ-dan yayımlanan “Axios” saytı bu təşəbbüsdə Azərbaycan rəsmilərinin vasitəçilik etdiyini iddiasını irəli sürmüşdü. Nəşrin “Azərbaycan Türkiyə ilə İsrail arasında vasitəçilik edir” sərlövhəli məqaləsində tanınmış jurnalist Barak Ravid yazırdı: “Türkiyə və İsrail Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan üzərində qələbə çalmasında açar rol oynayıb. Azərbaycan prezidenti İlham Əliyev bu iki müttəfiqi arasında münasibətlərin düzəlməsi üçün cəhdlər edir. İsrailin yüksək məqamlı məmuru mənimlə söhbəti zamanı bunu etiraf etdi”.
 
“Axios”un yazdığına inansaq, İ. Əliyevin məsləhətçiləri İsraildən olan həmkarlarına bildiriblər ki, cənab Ərdoğan iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı təklifə müsbət cavab verib. 


 
Azerbaijan seeks to mediate between Turkey and Israel - Axios
 
Bu gün isə Azərbaycan tərəfinin vasitəçiliyi baş tutan yaxınlaşmanın ilkin əlamətləri görünməyə başlayıb. 
 
Məlum olduğu kimi, Tel-əviv ötən ilin sentyabr ayında başda BƏƏ və Səudiyyə Ərəbistanı olmaqla bir sıra ərəb ölkələri ilə münasibətlərini yaxşılaşdıraraq əməkdaşlıq müqavilələri bağlamışdı. Ərəb liqasının aparıcı dövlətləri ilə başlayan bu normallaşma siyasətinə yaxın zamanlarda digər körfəz ölkələrinin də qatılacağı güman olunur. Misir, İoraniya kimi ərəb ölkələrinin də hazırda Tel-əvivlə yaxın münasibətləri var. Belə bir vəziyyətdə Ankaranın öz antisionist mövqeyində israrçılığı ərəb dünyasına heç bir fayda verməyəcəyi kimi, Türkiyənin də beynəlxalq siyasət sahəsində yalnızlaşmasına gətirib çıxara bilər. Odur ki, diplomatik manevrləri ilə Türk dövlətçilik ənənələrini bu günlərə qədər gətririb çıxarmağı bacaran Ankaranın İsraillə əlaqələri yenidən bərpa etməsi praqmatik siyasət baxımından da uğurludur.


 
Xatırladaq ki, Türkiyə ilə İsrail arasındakı münasibətlər 2008-ci ildə “Mavi Marmara” gəmisinin Fələstinə yardım daşıması ilə pisləşmiş, 2009-cu ildə R.T.Ərdoğanın Davos Forumunda İsrail prezidenti Şimon Peresə dediyi məşhur “one munite” çıxışı ilə tamamən durma nöqtəsinə gəlmişdi.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 578          Tarix: 11-02-2021, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma