Xəbər lenti


 
“İsrailin Fələstin siyasətlərini qəbul edə bilmərik. Həm ədalət anlayışı, həm də ölkələrin ərazi bütövlüyünə yanaşma baxımından İsraildən fərqləndiyimiz nöqtə budur. Əks təqdirdə, könlümüz onlarla münasibətlərimizi inkişaf etdirilməsini istəyir”.
 
Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün cümə namazından sonra jurnalistlərin verdiyi sualı cavablandırarkən belə deyib.
 
Ərdoğanın bildirdiyinə görə, İsraillə Türkiyə arasında kəşfiyyat və xəbərləşmə sahəsində əməkdaşlıq bu gün də davam edir. 
 
Ekspertlərin fikrincə, R.T.Ərdoğanın bu sözlərini İsraillə əməkdaşlığa hazır olduğu barədə mesaj kimi qiymətləndirmək olar. Sadəcə bir şərtlə; Təl-əviv Fələstin siyasətinə yenidən göz yetirsin. Türkiyə prezidenti bunu ölkəsinin “qırmızı cizgisi” olduğunu bildirib.
 
Xatırladaq ki, bu ilin sentyabr ayında İsraillə Birləşmiş Ərəb Əmirliyi arasında münasibətləri normallaşdırmaq barədə niyyət protokolu imzalanmış və digər müsəlman ölkələrin də bənzər addımlar atacağı vurğulanmışdı. Ardınca da İsrail rəsmilərinin Səudiyyə Krallığına getdiyi və orada ABŞ yetkililəri ilə bir araya gəldiyi vurğulanmışdı. Daha sonra G-20 sammitində Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Səudiyyə kralı ilə görüşdüyü xəbərləri yayılmışdı. 
 
Onu da xatırladaq ki, həm Türkiyə, həm də İsrail Azərbaycanı son Qarabağ savaşında açıq şəkildə dəstəkləyən iki ölkə idi.
 
Bütün bu məlumatlar bəzi ekspertlər tərəfindən Yaxın Şərqdə yeni müttəfiqliklərin yaranmasına işarə kimi qiymətləndirilmişdi. Rəcəb Tayib Ərdoğanın bugünkü mesajı da bu istiqamətdə atılmış növbəti addım təsiri bağışlayır.
 





Ana səhifəyə qayıt        Baxış: 5 390          Tarix: 25-12-2020, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma