Xəbər lenti


"Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə də belə həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Noyabrın 10-da imzalanan bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranan vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Ermənistanın qarşısında seçim o qədər də böyük deyil və yeni reallıqla barışmalı və hesablaşmalıdır", - dövlət başçısı əlavə edib.

Ovqat.com-un məlumatına görə, Prezident həmçinin ermənilərin beynəlxalq qurumlar qarşısında qaldırdığı hərbi əsirlərin qaytarılması tələbinə də aydınlıq gətirib.

“Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq. Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar. Beləliklə, Ermənistan və digər ölkələr tərəfindən edilən istənilən spekulyasiyalar yersizdir”, - Prezident vurğulayıb.

"TACC" Agentliyinin "Qarabağda inşa etdiyiniz aeroport beynəlxalq aeroportmu olacaq?" sualına cavab verən İlham Əliyev deyib: "Biz əraziləri ilk öncə minalardan təmizlədik. Yaxın zamanda aeroport fəaliyyətə başlayacaq. O, beynəlxalq xarakter daşıyacaq.  Bu ilin payızına dək, aeroport işə başlayacaq. Aeroport həm yüklərin daşınması üçün, həm də turistlərin Şuşaya səfəri üçün istifadə ediləcək. Şuşaya gedən yola mən "Qələbə yolu" adı vermişəm. Bu yolun inşası davam edir. Bu yol ilə biz Şuşaya gedə biləcəyik".

Prezident koronavirus vaksini hazırlayan bəzi ölkələri sərt tənqid edərək deyib:

“Düzünü deyim ki, əgər biz bütün istehsalçılarla razılaşma əldə etməsəydik, bu gün biz də vaksinsiz qalacaqdıq. Biz hələ bir neçə ay öncə “AstraZeneca”nı əldə etməli idik, “Sputnik”i əldə etmədik, COVAX üzrə “Pfizer”, “Moderna”nı əldə etmədik və bizə bunu nə vaxt əldə edə biləcəyimizi demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almağa vəsaitimiz də var. Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər? Demək, varlılar özlərini aşılayacaqlar, istehsalı özlərinə götürəcəklər, elementar insanlıq davranış normalarını rədd edəcəklər, bununla da, yoxsul ölkələr əziyyət çəkməlidir? Hansı bərabərlikdən danışa bilərik?”

İlham Əliyevin fikrincə, "10 noyabr bəyanatı de-fakto sülh müqaviləsidir":

“Erməni tərəfi baş nazirin simasında Prezident Putinin sözlərinə qulaq asmırdı. O özü də bunu mənə şəxsən deyib. Müharibə dövründə dəfələrlə təmasda olmuşuq. Təbii ki, Ermənistanın baş naziri ilə bizim birbaşa təmasımız yox idi və yoxdur. Lakin Prezident Putinin vasitəsilə biz bir-birimizə müxtəlif mesajlar ötürürdük və onun sözlərinə baş nazir qulaq asmırdı və beləliklə vəziyyəti elə pisləşdirdi ki, kapitulyasiya aktını hansısa qaranlıq otaqda imzalamalı oldu. Bizim siyasətimiz birmənalıdır. Biz sülhə köklənmişik. Bizə müharibə lazım deyildi, bu məcburi tədbir idi və bu tədbir illərdir sürən, 30 ildir sürən danışıqlardan daha effektiv oldu”, - dövlət başçısı bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistan tərəfinin yanaşması dəyişərsə, təmasların möhkəmlənməsi istiqamətində işlər görüləcək: “Əgər düşündüyümüz kimi hər şey davam etsə, hansısa mərhələdə sülh müqaviləsinin imzalanmasını istisna etmirik. Çünki de-fakto 10 noyabr bəyanatı mahiyyətcə sülh müqaviləsidir. Sülh müqaviləsində başqa nə olur ki? Bir tərəf digərini məğlub edir. Digər tərəf kapitulyasiya aktını imzalayır”.





Ana səhifəyə qayıt        Baxış: 4 171          Tarix: 26-02-2021, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma