Xəbər lenti
 

Martın 14-də Ədalət Partiyasının onlayn qaydada VII qurultayı keçirilib. Qurultayda seçkili orqanların hesabatı dinlənilib və partiya rəhbərliyinə yeni seçkilər keçirilib. 
 
Ovqat.com-un məlumatına görə, partiyanın ötən 4 illik fəaliyyəti ilə bağlı sədr İlyas İsmayılov məruzə ilə çıxış edib.
 
Məruzəsində 1 ildir davm edən pandemiya şəraitinin bütün siyasi təşkilatların, o cümlədən Ədalət Partiyasının fəaliyyətinə mənfi təsir göstərdiyini vurğulayan İ.İsmayılov daha sonra görülən işlər, eləcə də ölkədəki ictimai-siyasi durum barədə danışıb.
 
Azərbaycan Ordusunun ötən ilin 27 sentyabrda başlatdığı və Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən əks-hücum əməliyyatlarından bəhs edən İ.Ismayilov deyib: “Problemin yarandığı ilk günlərdən mənim və partiyamızın mövqeyi belə olub ki, biz bütün qüvvələrimizi səfərbər edib torpaqlarımızı yalnız və yalnız özümüz müharibə yolu ilə azad etməliyik. Çünki tarixdə zəbt olunmuş torpaqların sülh yolu ilə qaytarılması faktı da yoxdur. Fərəh hissi ilə qeyd etməliyəm ki, keçən ilin 27 sentyabrında ölkə başçısının siyasi iradəsi ilə xalqın şərəf və layqətinin yeganə təminatçısı olan rəşadətli ordumuz erməni təxribatlarına cavab olaraq, bütün cəbhə boyu hücuma keçdi, 44 günlük Vətən Müharibəsi nəticəsində özündənmüştəbeh erməni ordusunu tamamilə məhv etdi, varlığımızın əsas şərtlərindən olan milli ləyaqət hissimizi canlandırdı, bizi qalib, məğrur millətə çevirdi. Unutmamalıyıq ki, bu tarixi qələbəmiz, müxalif qüvvələr də daxil olmaqla, bütün xalqın yumruq kimi birləşməsi, vətən sevgisi, cəsarəti nəticəsində mümkün olmuşdu.”
 


“Ədalət” sədri bu şanlı qələbəyə görə, qardaş Türkiyə Cümhuriyyətinə, onun prezidenti cənab R.T.Ərdoğana da minnətdarlıq edib və vurğulayıb ki, onun siyasi və mənəvi dəstəyi torpaqlaımızın azad edilməsində müstəsna rol oynayıb.
 
Çıxışında ölkədəki korrupsiya və rüşvətxorluq məsələsinə toxunan İ.İsmayılov deyib ki, korrupsiya ilə uğurlu mübarizə, ilk növbədə, dövlət vəzifə daşıyıcılarının gəlirləri üzərində ciddi nəzarətin olmasını, onların gəlirləri, əmlakları barədə mənbəyi, ödənilən vergilərin miqdarı göstərilməklə, deklarasiya verilməsini tələb edir: “Korrupsiya ilə mübarizə, mahiyyət etibarilə, xərclər barəsində də deklarasiya verilməsini tələb edir. Məlumdur ki, bizdə varlı adamlar biznesmenlər yox, vəzifəli şəxslərdir. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla qadağan olunmuş sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Birbaşa korrupsiyaya aparan yollardan biri də budur. Korrupsiya ilə ciddi mübarizə, demək olar ki, əksər nazirliklərdə yaradılaraq, həmin nazirliklərin mənafelərinə qulluq edən istintaq şöbələrinin ləğvini tələb edir. Bunun əvəzində isə Vahid İstintaq Komitəsi yaradılmalıdır”.
 
Ədalət Partiyasının sədri daha sonra qeyd edib ki, rəhbərlik etdiyi təşkilat həmişə səhiyyə və təhsilin pulsuz və hamı üçün əlçatan olmasına çalışıb və bundan sonra da hökumət qarşısında həmin tələbləri qaldımalıdır: “Təəssüf ki, illər keçsə də, göstərilən sahələrdə köklü heç br şey dəyişməmişdir. Korrupsiya, rüşvətxorluq bu sahələri də məhv etməkdədir. Vətəndaşlarımız bunu hər gün şəxsi həyatlarında hiss edirlər. Biz təhsil və səhiyyənin xalqa qulluq etməsi üçün çalışmaqda davam etməliyik”.
 
Çıxışında ötən il keçirilən parlament seçkilərinə də toxunan İ. İsmayılov bildirib ki, partiyanın Milli Məclisin deputatı olmağa layiq çox üzvləri olsa da, onların əksəriyyəti saxtakarlıqlara görə seçkilərdə iştirakdan imtina ediblər, iştirak edənlərlərin bir qismi isə qanuna zidd bəhanələrlə qeydiyyata alınmayıblar. Seçkilərdə qələbə çalan partiya təmsilçilərinin də olduğunu bildirən İ.İsmayılov onların səslərinin oğurlandığını vurğulayıb.
 
Siyasi partiyaların fəaliyyətinə toxunan “Ədalət” sədri deyib ki, “Siyasi partiyalar haqqında” qanunun 1-ci maddəsinin - partiyaların ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirakı, Konstitusiyada proporsional seçki sisteminin, o cümlədən prezidentin 2 müddətdən artıq seçilməsini qadağan edən maddənin bərpası istiqamətində təxirəsalınmaz işlər görülməlidir.  


 
Partiya sədrinin məruzəsindən sonra Lənkəran təşkilatından Rahim Nuriyev, Naxçıvan MR təşkilatından İsa Mirzəyev, Salyan RT-dən Aydın Abasbəyli, Masallı RT-dən Vüqar Məhərrəmov, Şəmkir RT-dən Əli Məmmədov, Qazax RT-dən Oruc Vəliyev, Yardımlı RT-dən Ağasəf Ağayev və başqaları çıxış edərək, partiyanın ötən müddətdəki fəaliyyəti, qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildiriblər, nöqsan və çatışmazlıqları qeyd ediblər.
 
Daha sonra seçkilər keçirilib.  İlyas İsmayılov növbəti 4 il müddətinə Ədalət Partiyasının sədri, 3 nəfər MNTK üzvü və 18 nəfər Ali Məclisin müstəqil üzvləri seçilib.


Ana səhifəyə qayıt        Baxış: 4 884          Tarix: 15-03-2021, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma