Xəbər lenti


Raketin böyük sürəti və manevr imkanları NATO üçün real təhlükədir
Rusiya Hərbi Dəniz Qüvvələri artıq “Sirkon” (“Циркон”) hipersəs raketinin sualtı qayıqlardan sınaq atışlarını həyata keçirə bilər. Bu sınaqlar yeni silahın kütləvi istehsalına qədər keçəcəyi uzun yolun mühüm dönüş anıdır.

Rusiya müdafiə sənayəsindəki etibarlı mənbənin “TASS” İnformasiya Agentliyinə verdiyi məlumatda bildirilir ki, ”Sirkon” iyun ayında ilk dəfə sınaq rejimində Şimal Donanmasının Severodvinskdə yer alan atom sualtı qayığından buraxıla bilər.

“TASS” həmçinin bildirir ki, dövlət səviyyəsində qəbul sınağının dəqiq vaxtı hələ təyin edilməyib. Yeni raketin buraxılış qrafiki sıx olacaq. ”TASS”-ın məlumatına görə, əgər sınaq atışları uğurla keçərsə, Rusiya Hərbi Dəniz Qüvvələri “Sirkon” raketini 2022-ci ilin ilk yarısında döyüş cərgəsinə qəbul edə bilər.

“3M22 Sirkon” (NATO təsnifatına görə “SS-N-33”) gəmi əleyhinə hipersəsli qanadlı raketidir və onun hazırlanması üzərində işlər 2010-ci ildə başlayıb. Rusiya rəsmiləri bir qədər əvvəl qeyd ediblər ki, mühəndislər raketin hazırlanmasının ilk mərhələsində müəyyən çətinliklərlə qarşılaşıblar. Lakin belə görünür ki, indi hər şey tam qaydasındadır.

3M22 Sirkon” raketinin tam texniki xarakteristikası hələlik bəlli deyil. Ancaq öncəki sınaqlardan əldə olunmuş məlumatlara əsasən qeyd olunur ki, bu raket təxminən saatda 10 min kilometrə qədər sürət ala bilər. Start platformasından və müəyyən döyüş vəziyyətindən asılı olaraq, “Sirkon”un uçuş məsafəsi müxtəlifdir. Ümumi dəyərləndirmələrə görə, onun uçuş məsafəsi min kilometrdən iki min kilometrə qədər dəyişir.

Böyük sürət və uçuş zamanı manevr etmək qabiliyyəti “Sirkon”raketinin NATO güclərinə real təhlükə törətməsinə imkan verir. Rusiya hərbi ekspertləri iddia edirlər ki, gəmilərdən və sualtı qayıqlardan buraxılan “Sirkon” raketi ABŞ aviadaşıyıcı qruplarına ciddi zərbə vurmaq gücündədir.

“Sirkon” raketinin ilk sınağı “Tu-22M3” bombardmançı təyyarəsindən həyata keçirilib və elə həmin vaxt belə bir fikir yaranıb ki, ”Sirkon”un yerüstü variantı işlənib hazırlansın. Bu gün həmin raketin əsas etibarıyla sualtı qayıqlardan və gəmilərdən buraxılması planına daha çox üstünlük verilir.

Hərbi dairələrdən verilən son məlumatlara əsasən “Admiral Amelko” və “Admiral Çiçaqov” kimi bir neçə freqatda “Sirkon” raketləri quraşdırılacaq. Bunlardan əlavə “Pyotr Velikiy” və “Admiral Naximov” kimi ağır atom raket kreyserlərinin və modernləşdirilmiş korvetlərin də “Sirkon” raketləri ilə təchiz olunması nəzərdə tutulur.

Son illər “Sirkon” raketinin ən azından dörd sınaq buraxılışı olub. Bu buraxılışlar “22350 layihəsi”ndən olan “Admiral Qorşkov”-un gövdəsindən həyata keçirilib. Sualtı atışlar isə döyüş gücünü müəyyənləşdirmək istiqamətində mühüm mərhələdir. Çünki “Sirkon” Rusiyanın yeni atom sualtı qayıqlarının arsenalında xüsusi yer tutacaq.

“The National Interest”-ABŞ
Tərcümə: “Azpolitika”



Ana səhifəyə qayıt        Baxış: 3 466          Tarix: 16-03-2021, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma