Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
RNA, İran 05.04.2021 2020-ci ildə dünyada koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, İran İslam Respublikası ilə Azərbaycan münasibətlərindəki inkişaf tendensiyasını qorumaq, həmçinin COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün birgə səyləri davam etdiriblər. Keçən il İran və Azərbaycan prezidentləri Həsən Ruhani ilə İlham Əliyev arasında çoxsaylı telefon danışıqları, iki ölkənin xarici işlər nazirlərinin və digər rəsmilərinin qarşılıqlı səfərləri, İran parlament nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, eləcə də regional qarşılıqlı fəaliyyət çərçivəsində münasibətlərin qorunub saxlanması üçün əlverişli siyasi zəmin yaradıb. İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə Azərbaycan baş nazirinin müavini, iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayev arasında müntəzəm telefon danışıqları, enerji, nəqliyyat, ticarət və özəl sektora aid bir neçə onlayn görüşün keçirilməsi tərəflərin 2020-ci ildə koronavirus pandemiyasının ikitərəfli və regional iqtisadi əməkdaşlığa mənfi təsirlərini azaltmaq üçün göstərdiyi səylərin nümunəsi sayıla bilər. İran və Azərbaycan 2020-ci ildə diqqəti daha çox iki ölkə arasında əlverişli siyasi kontekstdə müxtəlif iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldiblər. Təsadüf deyil ki, İran İslam Respublikasının Bakıdakı yeni səfiri Seyid Abbas Musəvi əsas məqsədlərindən və səylərindən birinin İranla Azərbaycan arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi olduğunu bəyan edib. Koronavirus pandemiası ilə mübarizədə həmrəylik Koronavirus pandemiyasının bütün ölkələr üçün problemlər yaradıb. Məsələ İran və Azərbaycan prezidentləri arasında baş tutan telefon danışıqlarında da diqqət mərkəzində olub. Ruhani azərbaycanlı həmkarı ilə telefon danışığında pendemiyaya qarşı mübarizədə ölkəsinin təcrübəsini bölüşməyə, Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib. Bu söhbətlər zamanı o, Bakı ilə Tehran arasında uğurlu əlaqələrə, əməkdaşlığa toxunub, iki ölkə rəsmilərinin əldə olunmuş razılaşmaların həyata keçirilməsini sürətləndirməli olduğunu deyib: “Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı bizim üçün vacibdir və ümid edirəm ki, müxtəlif sahələrdə əldə olunmuş razılaşmaların ən qısa vaxtda həyata keçirilməsinin şahidi olacağıq”. Birbaşa görüşlərin, qarşılıqlı səfərələrin çətin olduğu indiki dövrdə iki ölkə rəsmilərinin videokonfrans vasitəsi ilə məsləhətləşmələr apara biləcəklərini qeyd edən Həsən Ruhani bildirib ki, tərəflər qarşılıqlı ticarətin qaydalara uyğun aparılması üçün də səylərini birləşdirməlidir. Azərbaycan prezidenti İlham Əliyev də iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib. “Şübhəsiz ki, yaxın aylarda İran və Azərbaycan ikitərəfli əlaqələri və əməkdaşlığı daha da inkişaf etdirmək üçün birlikdə çalışacaq”, - deyə o, qeyd edib. İ.Əliyev İranın COVID-19 ilə mübarizədə qazandığı uğurları yüksək qiymətləndirib, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində, İranın bu işdəki təcrübəsindən yararlanmaqda maraqlı olduqlarını vurğulayıb. Qeyd edək ki, 2020-ci ilin aprelində Azərbaycanın koronavirusla mübarizədə İran xalqı və dövləti ilə həmrəyliyinin nümayişi kimi, İran İslam Respublikasının bayrağı Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərində proyeksiya olunub. Azərbaycan daha bir neçə ölkə, o cümlədən Çin, Fransa və Almaniya ilə də bu cür həmrəylik göstərib. Koronavirus pandemiyası şəraitində Bakı-Tehran münasibətləri İranın Bakıdakı yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim etməsi zamanı da müzakirə olunub. Həmin görüşdə Azərbaycanla İran arasında əlaqələrin sürətlə genişləndiyi, artıq kifayət qədər yüksək səviyyəyə çatdığını deyən Əliyev iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığını da yada salıb: “Bu söhbətdə bir çox vacib məsələlər müzakirə olundu və pandemiya dövründə iki ölkə rəsmilərinin mütəmadi onlayn görüşlər keçirmələri haqda razılığa gəlindi. O vaxtdan tərəflər arasında bir çox virtual görüş baş tutub”. İndiki şəraitdə onlayn görüşlərin vacibliyinə toxunan Əliyev deyib: “Biz vaxt itirmək istəmirik. Koronavirus pandemiyası bizim işlərimizə təsir göstərir”. Azərbaycan prezidenti iki ölkənin iştirak etdiyi mühüm nəqliyyat və enerji layihələrindən də danışıb. Bu kontekstdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan İlham Əliyev bildirib ki, bu layihə “təkcə ölkələrimizi deyil, bütün Avrasiya məkanını birləşdirəcək”. “İranla Azərbaycan bu beynəlxalq dəhlizin işə salınması və inkişaf etdirilməsi üçün böyük səylər göstəriblər”, - deyə prezident bildirib. Əliyev deyib ki, Azərbaycanla İran digər sahələrdə, o cümlədən investisiya, elektrik enerjisi və s. istiqamətlərdə də əməkdaşlıqda yaxşı nəticələr əldə edib, eyni zamanda, iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin uzun tarixi var və bu sahədə də yeni razılaşmalar əldə olunub: “Əminəm ki, bu sahədə də əməkdaşlığımız uğurla inkişaf edəcək”. Pandemiya dövründə iqtisadi-ticari əlaqələr İran və Azərbaycan rəsmiləri pandemiya dövründə iki ölkə arasında iqtisadi-ticari əlaqələri, o cümlədən nəqliyyat, yüklərin tranziti və s. təmin etmək üçün fəaliyyətlərini koordinasiya edə biliblər. İki ölkənin iqtisadiyyat sahəsinə məsul şəxsləri müntəzəm təmasda olub, bu isə iki ölkə arasındakı qarşılıqlı iqtisadi-ticari əlaqələrin pandemiya dövründə də davam etməsinə imkan verib. Bu kontekstdə İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında koronavirusla bağlı mövcud vəziyyəti qiymətləndirərək, iqtisadi-ticari əlaqələrinin sanitariya-gigiyena qaydalarına uyğun davam etdirilməsinə heç bir maneənin olmadığını söyləyib. Vazei bildirib ki, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət və nəqliyyat sahəsində əlaqələr davam edir və daha da inkişaf etdirilir. Ümumiyyətlə, 2020-ci ildə İran-Azərbaycan sərhədlərinin tranzit daşımaları üçün açıq olması iki ölkə arasında nəqliyyat əlaqəsinin intensivliyini daha da artırıb. Vazei ilə Mustafayevin söhbəti zamanı vurğulanıb ki, iki ölkə arasında ticarət əlaqələri birgə səylərlə ən qısa müddətdə pandemiyadan əvvəlki dövrdə olduğu səviyyəyə çatdırılacaq. Qeyd edək ki, Azərbaycan koronavirus pandemiyası üzündən quru, dəniz və hava sərhədlərini bağlasa da, bu, İran da daxil olmaqla, qonşu ölkələrlə tranzit daşımalarına aid deyil. Birgə İqtisadi Komissiyanın 14-cü iclası İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclasının Tehranda keçirilməsi iki ölkə arasında 2020-ci ildə iqtisadiyyat və ticarət sahəsində qarşılıqlı əməkdaşlığın vacib hadisələrindən sayıla bilər. Yanvarın əvvəlində keçirilmiş iki günlük iclasda İranla Azərbaycan arasında nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, müalicə, sosial, mədəniyyət, turizm, kənd təsərrüfatı, bankçılıq, sığorta və digər sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Sonda tərəflər arasında memorandum da imzalanıb. Sənəddə İranla Azərbaycan arasında birgə iqtisadi layihələrin davam etdirilməsindən, yeni layihələrin həyata keçirilməsindən, İranın özəl sektorunun Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulması və abadlaşdırılmasında iştirakından və s. danışılır. Toplantıda İranın iqtisadiyyat naziri Fərhad Dejpəsənd İran şirkətlərinin texniki və mühəndislik xidmətləri sahəsində misilsiz imkanlarına toxunub: “İranın podratçı şirkətləri dünyanın müxtəlif yerlərində tikinti aparır, bəndlər və elektrik stansiyaları, neftayırma zavodları tikir, yollar, körpülər salır. İndi bu şirkətlər Azərbaycanla əməkdaşlığa tam hazırdır”. Azərbaycan baş nazirinin müavini isə deyib: “Müharibə nəticəsində dağılmış ərazilərin bərpasında, bölgədə iqtisadi və nəqliyyat layihələrinin inşasında İranın bacarıqlı şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq”. Şahin Mustafayev İranla əlaqələrin inkişaf etdirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Bakı-Tehran münasibətlərinin köklərinin dərin olduğunu qeyd edən Mustafayev deyib: “Birgə komissiyanın 14-cü iclası bu istiqamətdə yeni imkanlar açacaq, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə təkan olacaq”. Güzəştli ticarət razılaşması İranla Azərbaycan arasında qarşılıqlı iqtisadi fəaliyyət istiqamətində atılmış vacib addımlardan biri də güzəştli ticarət anlaşmasının mətni üzərində aparılan işdir. Preferensial ticarətlə bağlı müzakirələr İranın Ticarət İnkişafı Agenliyinin nümayəndələri, Azərbaycan İqtisadiyyat Nazirliyi və iki ölkənin Xarici İşlər nazirliklərinin müxtəlif idarələrinin iştirakı ilə aparılıb. İki ölkənin siyasi rəhbərliyinin iqtisadi əlaqələri inkişaf etdirmək və dərinləşdirməklə bağlı qərarlarına uyğun olaraq, danışıqlar uğurla gedib və tərəflər İran İslam Respublikasının təklif etdiyi mətn üzərində Azərbaycan tərəfinin bəzi təkliflərini də nəzərə alaraq, razılığa gəlib. Güzəştli ticarət sazişinin imzalanması və bu məqsədlə iki ölkə arasında danışıqların aparılması barədə razılıq İran İslam Respublikası prezidentinin Qoşulmama Hərəkatı sammitində iştirak etmək üçün bir il əvvəl Bakıya səfəri çərçivəsində əldə edilmişdi. Müqavilənin tam razılaşdırılaraq imzalanması üçün növbəti danışıqların daha yüksək səviyyədə aparılacağı gözlənilir. Elektrik enerjisi sahəsində əməkdaşlıq İranla Azərbaycan arasında elektrik enerjisi sahəsində əməkdaşlıq 2020-ci ildə də davam edib. Bu sahədə bir sıra birgə layihələrin icrası ötən il də tərəflərin gündəliyində olub. Azərbaycanın energetika naziri Pərviz Şahbazov iranlı həmkarı Rza Ərdakanianla onlayn görüşdə ölkəsinin “Azərenerji” şirkəti ilə İranın “Təvanir” şirkəti arasında mübadilə sazişinin müddətinin uzadılmasını əməkdaşlığın dəstəklənməsi baxımından vacib addım kimi qiymətləndirib. Görüşdə iki ölkə sərhədindəki Araz çayı üzərində “Ordubad” Su Elektrik Stansiyasının, eləcə də “Qız qalası” və “Xudafərin” su bəndlərinin inşası üçün birgə layihələrin icrası məsələsi nəzərdən keçirilib, bu layihələrin icrası ilə əlaqədar işlərin sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər yaxın vaxtlarda bununla bağlı müvafiq texniki komissiyanın iclasının keçirilməsinə qərar verilib. Görüşdə Rusiya, Azərbaycan və İran elektrik dəhlizinin yaradılmasının iki qonşu ölkə üçün əhəmiyyətinə toxunulub, 3 ölkənin elektrik şəbəkələrinin birləşdirilməsinin texniki və iqtisadi əsaslandırılması barədə razılığa gəlindiyi vurğulanıb. Birgə sənaye şəhərciyinin yaradılması 2020-ci ildə İran və Azərbaycanın gündəliyindəki vacib məsələlərdən biri də Ərdəbil əyalətində iki ölkənin müştərək sənaye şəhərciyinin yaradılması məsələsi olub. İranın sənaye, mədən və ticarət naziri Əlirza Rəzm Hüseyni ölkəsinin buna hazır olduğunu bildirib. Müvafiq razılaşmanın əldə edilməsi ilə tərəflərin sənaye şəhərciyinin qurulmasına birgə investisiya yatıracağını söyləyən iranlı nazir deyib: “Ərdəbil vilayətində iki ölkənin birgə istehsalat müəssisələrinin qurulması üçün geniş imkanlar var. Bu layihənin reallaşması Bakı ilə Tehran arasında iqtisadi əməkdaşlığı genişləndirəcək”. (Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar