Xəbər lenti


Azərbaycanla Ukrayna arasında mehriban dostluq münasibətləri Ermənistanda böyük narahatlıqla qarşılanır.
Oxu.Az xəbər verir ki, Ukrayna Baş nazirinin müavini, Müvəqqəti İşğal olunmuş Ərazilər naziri Aleksey Reznikovun işğaldan azad olunan Ağdam şəhərinə səfəri xüsusən erməniləri qıcıqlandırıb.

Bu məsələdə “Maariflənmiş Ermənistan” Partiyasının rəhbəri Edmon Marukyan xüsusi canfəşanlıq edib.
Ukrayna rəsmisinin səfərinə qəzəbini ifadə edən E.Marukyan Azərbaycana, işğaldan azad olunmuş ərazilərə “gülərüzlə” səfər edən hər kəsi hədələyərək, belə halları unutmayacaqlarını bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə istehsalı PUA-ların effektivliyinə sevindiyini, A.Reznikovun işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycana dəstək xarakterli çıxışını xüsusilə vurğulayan partiya sədri Azərbaycanın Ukraynanın dostu və tərəfdaşı olmasını, Kiyevin Bakını dəstəkləməsini həzm edə bilməyib.

E.Marukyan bir qədər də irəli gedərək, Azərbaycana dəstəyinə görə A.Reznikovu nəzərdə tutaraq “ləyaqətsiz” ifadəsindən istifadə edib.
“Erməni riyakarlığı” abidəsi üçün model ola biləcək həddə xəstə təxəyyül və şüur sahibi bu şəxsin fikirləri mənsub olduğu xalqın və dövlətin amalını, niyyətini, iç üzünü bir daha nümayiş etdirib.

Görünür Ermənistan kimi işğalçı və təcavüzkar dövlətdə işğalı dəstəkləməmək ləyaqətdən kənar hərəkət sayılır.
Bəlkə də, ermənilər üçün ləyaqət – qəsbkarlıq, təcavüz və ədalətsizliyi dəstəkləmək, terrorçuluq və talançılıqla məşğul olmaqdadır.

Nə qədər sərt səslənsə də, yuxarıdakı cümlənin ərsəyə gəlməsində baş rolu elə məhz ermənilər özləri oynayır. Təsəvvür edin, bir dövlətin ərazisini işğal edir, əhalisinə qarşı amansız qətllər törədir, bütün beynəlxalq prinsipləri tapdalayır, humanitar normaları yerlə-yeksan edirsiniz, amma buna etiraz edənləri “ləyaqətsiz” adlandırırsınız. Bu, erməni riyakarlığının kulminasiya nöqtəsidir, ən parlaq təzahürüdür. Ancaq söhbət Edmon Marukyanın qismində erməni siyasətindən gedirsə, burada ikiüzlülük limitinin olmadığını da nəzərə almalıyıq.
Edmon Marukyan “oğru elə bağırdı ki, doğrunun bağrı çatladı” prinsiplərini rəhbər tutub. Azərbaycanla Ukraynanı sadəcə iqtisadi maraqların birləşdirdiyini iddia edib və Kiyevin iqtisadi gözləntilərinə görə Bakının yanında olduğunu deyib.

E.Marukyan yenə də həqiqətə kor baxaraq, Azərbaycanla Ukraynanı birləşdirən bir çox bağları, dostluq münasibətlərini unudub, hər iki ölkənin işğal kimi ortaq bir dərdi olmasına göz yumub.

Erməni siyasətçi Krımın ilhaq edilməsindən sonra Ermənistanın bütün beynəlxalq təşkilatlarda, bütün platformalarda Ukraynanın ərazi bütövlüyünə zidd qərarlara dəstək verdiyini də yaddan çıxarıb.

Ən əsası: unudub ki, Ukraynanın ərazi bütövlüyünü tanımayan, uzun illər Azərbaycan ərazilərini işğalda saxlayan, Qaregin Njde kimi faşizm dəstəkçisi, Monte Melkonyan kimi bir terrorçunu ilahiləşdirən, əli minlərlə günahsız insanın qanına batmış, bütün qonşularına qarşı ərazi iddiaları olan monoetnik bir dövlətin, toplumun içindən çıxmış siyasətçinin “ləyaqət”dən danışması kənardan gülüş və ikrah hissi doğurur.



Ana səhifəyə qayıt        Baxış: 2 946          Tarix: 16-04-2021, 15:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma