Xəbər lenti

 
Baydenin məqsədi ermənilərə gün ağlamaq deyil. Əksinə, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan ermənilərdə revanşist duyğuları körükləmək və Cənubi Qafqazı yenidən döyüşlərə sürükləməkdir”.
 
Şair-publisist, siyasi analitik Heydər Oğuz Moderator.az-a açıqlamasında belə deyib.
 
Ötən gün 1915-ci ildə baş verən məlum hadisəni “soyqırım” adlandıran ABŞ prezidenti Cozef Baydenin bu addımının erməni kartından istifadə edərək  Rusiya ilə Türkiyəni üz-üzə gətirmək olduğunu düşünən analitik fikirlərini belə əsaslandırdı: “Bilirsiniz ki, ABŞ 1980-ci ilin sonları, 1990-cı ilin əvvələrində də eyni mövqeyi tutmuşdu. Məqsəd SSRİ-ni daxildən parçalamaq üçün onun subyektləri arasında milli ədavəti qızışdırmaq idi. Həqiqətən də ermənilərlə Azərbaycanlılar, daha sonra Özbəklərlə Axıska Türkləri arasında çıxan ziddiyyətlər Sovet İttifaqının etnik mozaiklərdən təşəkkül tapan təməllərini sarsıtdı və bu imperiyanı çökdürdü. Maraqlıdır ki, o zamanlar da ABŞ-da bu siyasəti idarə edənlərdən biri indiki prezident Co Bayden idi. Co Baydenin erməni lobbilərinin yardımı ilə hazırladığı bir sıra qətnamə layihələri Azərbaycanla Ermənistan arasında dərin şırımlar açdı və həmin təxribatların nəticəsi bu günə qədər davam edir”.
 
Şair-publisistin fikrincə, 44 günlük savaşda Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini öz təsir dairəsinin zəifləməsi kimi dərk edən Rusiya Dağlıq Qarabağın tam əldən çıxmasına imkan verməmək üçün sonunda hadisələrə müdaxilə etdi və “sülhməramlı” missiyası adı altında tamamilə ermənilərin mövqeyini müdafiə etməyə çalışdı: “Bu da nəticə etibarilə Azərbaycanı və Türkiyəni narahat etməyə bilməzdi. Azərbaycan prezidenti İlham Əliyevin son zamanlar Rusiya və Ermənistan əleyhinə çıxışları da rəsmi Moskvanın uğursuz vasitəçilik missiyasının nəticəsidir. Münasibətlərin bu qədər kəskinləşdiyi bir zamanda Vaşinqtondan ermənipərəst ritorikanın ən yüksək səviyyədə səsləndirilməsi istər-istəməz “odun üzərinə yağ tökür” və bölgəni yeni savaşlara sürükləyir. Bölgə “rus sülhməramlılarının” nəzarətində olduğundan gərginliklərin artması Moskvanı bu prosesə cəlb edir və regionda Türkiyə-Rusiya qarşıdurmasına zəmin hazırlayır. Mümkündür ki, bu ziddiyyətlər yaxın zamanlarda regionun iki güclü dövləti arasında hesablaşmaları da bərabərində gətirsin”.


 
Həmsöhbətimiz xüsusilə Ukrayna-Rusiya ziddiyyətlərinin artdığı bir zamanda Baydenin bu təxribatçı çıxışını səsləndirməsini təsadüfi saymır. Onun fikrincə, məqsəd Rusiyanın Ukraynaya cəmləşmiş diqqətini həm də Cənubi Qafqaza çəkərək haçalamaq, bir neçə cəbhədə hərbi əməliyyatlar aparmağa məcbur etməkdir: “Təsadüfi deyil ki, Ukrayna prezidentinin dialoq çağrısına “əvvəl Donbassla görüş” mesajını verən Putinə Zelenskinin cavabı çox sərt oldu. Ukrayna lideri faktiki olaraq Putini döyüşə səslədi və “minlərlə, bəlkə də onminlərlə rus əsgərinin bu savaşda ölə biləcəyini” bildirdi. Zelenskinin bir neçə gün aradan sonra dilə gətirdiyi bu təhdidedici cavabı yalnız öz gücünə arxayın olmasından qaynaqlanmırdı. Çox aydın şəkildə görünürdü ki, Kiyev ABŞ və Avropanın bir sıra nəhəngləri tərəfindən dəstəklənəcəyinə inanır. Belə bir vəziyyətdə cəbhə xəttinin daha geniş cinahlara yayılması Vaşinqtonun da maraq dairəsindədir”.
 
Heydər Oğuz hesab edir ki, Türkiyənin Montre Konvensiyasını əsas gətirib NATO gəmilərini Qara dənizə buraxmaq istəməməsi də Baydenin “erməni soyqırımı” ilə əlaqədar təxribatçı bəyanatının mühüm səbəblərindən ola bilər: “Montre Konvensiyasına görə, Türkiyə özünə qarşı təhdid hiss edərsə və ya region dövlətlərindən biri ilə savaşarsa, Türk boğazlarını bağlaya bilər. Faktiki Cənubi Qafqazda Rusiya ilə qarşı-qarşıya gətirilən Türkiyənin Qara dəniz qapısını Moskvanın üzünə bağlamaq haqqı doğur ki, bu da məcazi dillə desək, şimal qonşumuzun boğazından yapışıb sıxmaq mənasına gəlir. Türkiyənin həm də NATO üzvü olduğunu hesaba qatsaq, Ankara öz müttəfiqlərindən dəstək alıb onların hərbi donanmasını Qara dənizə buraxmaq hüququnu özündə saxlayır. Belə görünür ki, hərbi donanmasını Qara dənizə göndərmək istəyən ABŞ regional münasibətləri qəsdən gərginləşdirmək niyyətindədir”.
 
Baydenin məlum çıxışdan əvvəl Ermənistan XİN-nin Türkiyəyə dialoq çağırışı etməsinin İrəvanın bu təhlükənin fərqində olduğunu göstərdiyini deyən Heydər Oğuzun fikrincə, ziddiyyətlərin səngiməsində ən ciddi əngəllərdən biri də Rusiyadır: “Əslində Rusiya bu gün “nə əldən qoyaram, nə yardan doyaram” dilemması arasında çırpınır. Bir tərəfdən özünün həyati problemi kimi gördüyü Qara dənizi əldən vermək istəmir, digər tərəfdən isə bütün cəbhə boyu döyüşə girməyin baha başa gələcəyini hiss edir. Təsadüfi deyil ki, Baydenin “soyqırım” çıxışına hazırlaşdığı gün Qara dənizdə son əzələ nümayişini edən Rusiya təlimlərin bitdiyini bildirərək bölgədən ayrıldı. Moskvanın bu gözlənilməz qərarı Donbass separatçılarında belə, ciddi xəyal qırıqlığına yol açdı. Hətta bölgənin qondarma rejiminin rəhbəri açıq şəkildə Rusiyaya “nəyə gəlmişdin, niyə getdin” mənasını verən mesaj ünvanladı”.
 
Heydər Oğuzun fikrincə, Rusiyanın Qara dəniz-Cənubi Qafqaz bölgəsində at oynatmasının yaratdığı qeyri-müəyyənlik iyun ayının 14-nə qədər sürə bilər: “Bilirsiniz ki, iyunun 14-də NATO ölkələri liderlərinin Brüsseldə sammiti keçiriləcək. Toplantının əsas müzakirə mövzusunun Rusiya olacağını NATO rəsmiləri də gizlətməyib. 1949-cu ildə yaranan NATO-nun 72 illik tarixi boyunca nadir hallarda (cəmi 28 dəfə) keçirilən bu cür yüksək səviyyəli sammit alyansın ən mötəbər qərarverici orqanıdır və liderlər məclisində Rusiyanın taleyinin müzakirəyə çıxarılması Moskvanı narahat etməyə bilməz. Fikrimcə, Rusiya daha ciddi insidentlərə yol verməmək üçün üzüsulu şəkildə öz qınına çəkiləcək və Ukrayna ətrafındakı qoşunları daimi dislokasiya yerlərinə qaytarmaqla  bu istiqamətdə ilk addımı atıb. Tədricən müxtəlif bəhanələrlə beynəlxalq nüfuzuna xələl gətirmədən ondan tələb olunan digər addımları da atacaq”.
 


Ana səhifəyə qayıt        Baxış: 6 086          Tarix: 25-04-2021, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma