Xəbər lenti
Dünən, 21:48
Dünən, 17:26
15-01-2025, 23:34
15-01-2025, 21:40
15-01-2025, 20:37
15-01-2025, 19:28
15-01-2025, 18:23
15-01-2025, 17:30
15-01-2025, 16:14
15-01-2025, 16:00
Fransa və Kanada Xarici İşlər Nazirlikləri rəsmi twitter səhifələrində Azərbaycanın əlindəki erməni diversantları barədə bəyanat paylaşıblar.
Ovqat.com-un məlumatına görə, bəyanatda 3 erməni terrorçusunun azadlığa buraxılması müsbət qiymətləndirilsə də, digərlərinə qarşı da eyni cür davranılması tələb olunur.
Artıq bununla bağlı Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva səviyyəsində reaksiya versə də, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bunu yetərsiz hesab edir. Onun fikrincə, Fransa və Kanadaya ən yüksək səviyyədə, həm də daha sərt ritorika ilə cavab verilməli idi. “Rəsmilərimizin özlərini bu qədər “nəzakətli” aparmaları Fransa, Rusiya, Kanada və s. kimi ölkələrin Azərbaycanın dövlət dəyərlərinə dil uzatmasına şərait yaradır və rəsmi Bakı belə hadisələrin təkrarlanmaması üçün zamanında güclü reaksiya verməyi bacarmalıdır”.
O ki qaldı Kanada və Fransa XİN-in tələblərinə, partiya sədri hər hansı vasitəçilik missiyasının ədalət prinsipinə söykənməli olduğuna inanır. “Yalnız bir tərəfin davamlı güzəştləri üzərində qurulan sülh kövrək olar və uğur qazana bilməz”, - deyən İlyas İsmayılov xüsusilə Fransaya qəzəbini gizlətməyib: “Çünki Paris I Dünya müharibəsində məğlub Almaniya üzərinə yüklənən təzminatların və digər güzəştli tələblərin nələrə gətirib çıxardığını bilməmiş deyil. I Dünya müharibəsinin ağır təzminatlarını qaldıra bilməyən Almaniyada istər-istəməz millətçi-faşist ideyalar yüksəldi və Hitlerin hakimiyyətə gəlməsinə yol açdı. Nəticədə II Dünya müharibəsi qaçılmaz oldu. Bunun ilk ağır imtahanını isə Fransa ödədi. Bu mənada I Dünya müharibəsindən sonra bağlanan Versay müqaviləsini bir çox tarixçilər II Dünya müharibəsinin dəvətnaməsi kimi qiymətləndirirlər”.
İlyas İsmayılovun fikrincə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən il 9-10 noyabrda imzaladıqları üçtərəfli Bəyanat ədalətsizlik baxımından Versay müqaviləsini belə kölgədə qoyur.
“Versay müqaviləsi məğlub Almaniyaya zorla imzaladılan sənəd idi. 9-10 noyabr Bəyanatı isə qalib Azərbaycana zorla qəbul etdirilən güzətləri nəzərdə tutur. Ermənilərin xarici havadarlarının köməkliyi ilə ələ keçirib və 30 il işğal altında saxladıqları, minlərlə insanın vəhşicəsinə qətli, 1 milyona yaxın vətəndaşımızın öz el-obasından didərgin salınaraq etnik təmizliyə məruz qoyduqları torpağımızın mühüm hissəsinin taleyi bu bəyanatda öz həllini tapmadı və problem konservləşdirildi. Rus “sülhməramlı”larının Dağlıq Qarabağa yerləşdirilməsi ilə işğalçı və separatçı erməni şovistləri himayə altına alındı. Halbuki, Azərbaycan torpağının “sülhməramlı” adıyla növbəti dəfə işğalı baş verməsəydi, Ordumuz Dağlıq Qarabağdakı onsuz da təslim olmağa hazırlaşan erməni silahlılarını ərazimizdən çıxarar və tarixi Azərbaycan torpaqlarında suverenliyimizi bərpa edərdi”.
44 günlük müharibədən sonra baş verənlərin onsuz da Azərbaycan xalqında ciddi narazılıq yaratdığı düşünən İlyas İsmayılovun fikrincə, bu da azmış kimi, bir də həmin bəyanatı pozaraq ərazimizə soxulan və 4 əsgər və mülki vətəndaşımızı qətlə yetirən erməni terrorçularının azadlığa buraxılmasının tələb olunması sülh axtarışına xidmət etmir. “Üstəlik, rəsmi Bakının bütün çağırışlarına baxmayaraq, ermənilər mina basdırdıqları ərazilərin xəritəsini də Azərbaycana təqdim etmirlər. Nəticədə atəşkəs elan olunan gündən indiyədək 100-dən artıq insanımız həyatını itirib”, -deyən partiya sədri hesab edib ki, bu, əslində atəşkəs rejiminin səssiz şəkildə pozulması və döyüşlərin birtərəfli qaydada “mina müharibəsi” formasında davam etdirilməsi deməkdir.
Partiya sədri onu da xatırlatdı ki, I Qarabağ müharibəsi dövründə Azərbaycanın 4000-dən çox mülki vətəndaşı girov götürülüb və indiyədək onların öldü-qaldısından xəbər yoxdur: “I Qarabağ müharibəsində atəşkəs rejimini təmin edənlərdən və guya tərəfləri sülh danışıqlarına hazırlayan vasitəçilərdən biri də Fransa idi. Minsk qrupunun həmsədri olan Fransa indiyədək həmin girovların azadlığa buraxılması və ya işgəncələrlə öldürülmüş mülki şəxslərimizin ailələrinə təhvil verilməsi istiqamətində niyə səsini çıxarmayıb? Halbuki bizim girovlarımız mülki şəxslər idi və əliyalın şəkildə girov götürülmüşdülər. Həm də öz torpaqlarında. Alman faşistlərinin belə ağlına gəlmədiyi işgəncələrlə öldürülən həmin vətəndaşlarımız haqqında qətiyyən düşünməyən Fransanın II Qarabağ müharibəsində Ermənistanın Gürcüstanla sərhəddindəki Şirak rayonundan gəlib işğaldan azad olunmuş ərazilərimizdə terror törədən diversantların müdafiəsinə qalxması heç bir humanitar dəyərlərə sığmır və regionu yeni savaşlara sürükləyir. Üstəlik, İrəvanda erməni anaların keçirdiyi etiraz aksiyasında bildirdiklərinə görə, onların övladlarını Ermənistan Müdafiə Nazirliyi gizli yollarla Qarabağa göndərir. Azərbaycan bu özbaşınalığın qarşısını almaq üçün ciddi tədbirlər almalı, o tədbirlərdən biri də gizli yolla ölkəmizə soxulan düşmən qruplarını zərərsizləşdirmək olmalıdır. Hazırkı vəziyyətdə ən humanist zərərsizləşdirmə yolu onları yaxalayıb, göz altına almaqdır. Belə çıxır ki, Fransa və Kanada bizi humanist addımlarımıza görə qınayırlar. Bu cür beynəlxalq basqılar Azərbaycan əsgərini düşmənə qarşı humanist yanaşmadan imtina və ən sərt zərərsizləşdirmə metodlarına keçməyə vadar edə bilər. Kanada, Fransa kimi erməni himayədarları bunamı nail olmaq istəyirlər?”
Parisin Bakı qarşısındaki tələblərini Fransanın I və II Dünya müharibəsində Almaniya ilə bağladığı sülh sazişlərindən imtina etməsi, aldığı təzminatları, həmin dövrlərdə Paris də daxil olmaqla almanların işğal etdiyi əraziləri Almaniyaya geri qaytarması kimi absurd ideyalarla eyni anlama gəldiyini düşünən İlyas İsmayılova görə, bu iddalar Paris üçün nə qədər ədalətsizdirsə, onun bizdən istədiyi güzəşt də 10 qat daha absurd tələblərdir: “Ən azı ona görə ki, hər iki savaş Parisin birbaşa günahı ucbatından çıxmışdı, xüsusilə II Dünya müharibəsində alman faşizminə düz-əməlli müqavimət belə göstərmədən təslim olmuşdu. İndisə bu dövlət öz torpaqları uğrunda minlərlə şəhid vermiş Azərbaycandan heç bir şərəfli ölkənin ata bilməyəcəyi addımları tələb edir”.
Partiya sədri hesab edir ki, rəsmi Bakı Fransa və Kanadanın bu ədalətsiz və Azərbaycanı aşağılayan çağırışlarına laqeyd qalmamalı, bir sıra diplomatik metodlarla cavab verməlidir: “İlk növbədə Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırılmalı və onun diqqətinə ölkəmizin daxili işlərinə qarışdıqları çatdırılmalıdır. Dərhal sonra isə Azərbaycanın Fransadakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılmalı və bu ölkədəki səfirliyimiz daha aşağı diplomatik təmsilçilik səviyyəsinə endirilməlidir”.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər