Xəbər lenti

 
Bir həftədən sonra ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin Cenevrədə keçiriləcək sammitdə bir araya gələcəklər. Dünyanın bir çox ölkələri bu görüşə ümidlə baxırlar. Xüsusilə də Ukrayna. 
 
Kiyevdə ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı qarşısında Ukrayna məsələsini ciddi şəkildə müdafiə edəcəyinə inanırlar.  Ölkə rəsmilərinin bu inamı isə əsassız deyil. Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Co Bayden bu müjdəni vermiş və Putin qarşısında “Ukraynanın suverenliyini qüvvətli şəkildə dəstəkləyəcəyini açıqlamışdı. Nəzərə alsaq ki Ukrayna post-sovet məkanında yer alan dövlətlərdəndir, onun məsələsinin müzakirəsinin digər post-sovet ölkələrinə, o cümlədən bizə də birbaşa təsiri ola bilər.
 
Odur ki, sual ortaya çıxır: İki liderin görüşündə əsasən hansı məsələlər masaya yatırılacaq və Ukrayna məsələsinin müzakirəsi necə yekunlaşa bilər?
 
Ovqat.com-un məlumatına görə, görüşün əsas müzakirə mövzularının 5 maddədən ibarət olacağı gözlənilir:
 
1.“Dezinformasiya və kiber hücumlar” 

2016-cı ildə Donald Trampın prezident seçilməsi ilə gündəmə gələn və ABŞ-ın Moskvaya qarşı tətbiq etdiyi bir sıra sanksiyaların səbəbi olaraq göstərilən seçkilərə müdaxilə məqsədli dezinformasiya və kiberhücumlar iki ölkə arasındakı gərginliyin başlıca müzakirə mövzularındandır. Məlum olduğu kimi, bir müddət əvvəl kütləvi kiberhücum dalğası Vaşinqtonu təşvişə salmışdı. Bu hücumların çoxu Moskvadan və ya “Solarwinds”, “Colonial Pipeline” və “JBS” kimi Rusiyada yerləşən haker qruplarından gəlmişdi.
 
Moskva da eynilə Vaşinqton kimi qarşı tərəfdən Rusiyaya ünvanlanan dezinformasiya və kiber hücumlarından gileylidir. Bir çox mütəxəssislərə görə, Rusiyadan ABŞ-a yönəldilən informasiya savaşı da əslində bu hücumlara cavab xarakteri daşıyır və Vaşinqtonun kiber-təxribatını qarşılıqlı güzəştlərlə dayandırmağı hədəfləyir. Baydenin təklifi ilə bir həftədən sonra Cenevrədə başlayacağı planlaşdırılan görüşdə tərəflər dezinformasiya və kiber hücumları dayandırmaq barədə qarşılıqlı razılığa gələ bilərlər.
 
2. "İnsan hüquqları" 

Tərəflərin müzakirəyə çıxaracaqları ikinci məsələ insan hüquqları ilə bağlı olacaq. Bayden sammitdən əvvəl verdiyi bir sıra müsahibələrində Rusiyadakı insan haqları pozuntuları ilə bağlı etirazlarını Putinə çatdıracaqlarını bildirib. Kreml isə bunu daxili işlərə və ölkə suverenliyinə müdaxilə kimi qiymətləndirir. Rusların amerikalılara inamsızlıqlarını artıran başlıca amillərdən biri budur və ABŞ bu məsələdə açıq güzəştə gedə bilməz.
 
ABŞ-ın Rusiyaya qarşı əsas tənqidi Kremlin ən məşhur rəqibi Aleksey Navalninin 2020-ci ilin avqust ayında zəhərlənməsinə yönəlib. Xatırladaq ki, Navalni zəhərləndikdən sonra sağ qalsa da həbs edilib, yaxınları və təşkilatı repressiyaya məruz qalıb. Bu zamana qədər demokratiyanın beşiyi və himayədarı imicini qlobal hegemoniyasında yumşaq gücə, bəzən isə istədiyi ölkəni işğal etmək bəhanəsinə çevirən Vaşinqtonun Navalni məsələsinə alver predmeti kimi baxacağı gözlənilmir. Bu, ABŞ-ın olan-qalan imicinə də sarsıdıcı zərbə vura bilər.
 
Moskva da ABŞ-ın bu arqumentinə cavab olaraq, keçən ilin yanvarında ABŞ Konqressinə edilən basqında həbs olunan Tramp tərəfdarılarının hüquqlarına hörmət edilməsini şübhə altına alır. Görünən budur ki, hər iki tərəfin bir-birinə qarşı “kompromatları” var və “kontrollu böhran” üsulu ilə bir-birini yola verməyə çalışacaqlar.
 
3. "Hərbi genişlənmə" 

İki ölkə arasında hərbi səviyyədə bir çox fikir ayrılıqları var. Ukrayna, Suriya və Arktika kimi mübahisələrdə hər iki ölkə bir-birini hərbi ekspansiyada günahlandırır.
 
İki ölkənin bir çox razılaşmanı ləğv etməsi, silahlanma yarışının sürətlənməsi ilə bağlı qorxuları artırır. Putin 2018-ci ildən bəri mövcud zenit müdafiə sistemlərini üstələyə bilən "səsdən sürətli" bir raket modeli hazırlayır.
 
Digər tərəfdən ABŞ, son zamanlarda Ukrayna sərhədlərinə təxminən 100.000 rus əsgərinin göndərilməsinə diqqət çəkir və Rusiyanın 2014-cü ildə Ukraynadan qopardığı əraziləri tamamilə ilhaq edəcəyindən ehtiyatlanır.
 
Moskva isə NATO-nun Şərqi Avropadakı hərbi təlimlərini və qoşun yerləşdirilməsini ən böyük regional təhlükə sayır. Bu səbəbdən, “strateji tarazlığın” Bayden-Putin danışıqlarının mərkəzində olacağı ehtimalı var. “Strateji tarazlıq” isə 1945-ci ildən sonra güc mərkəzləri arasında bölünmüş dünyanın mövcud halının qorunması anlamına gəlir. Yəni, ABŞ Rusiyanın nəzarəti altındakı dünyaya toxunmayacaq, Rusiya da eyni zamanda ABŞ-ın arxa bağçasına burun soxmayacaq
 
Qeyd edək ki, bu xüsus istər ABŞ prezidenti Bayden, istərsə də dövlət katibi Blinken tərəfindən dəfələrlə dilə gətirilib. Hər iki ABŞ yetkilisi dünyanın müasir düzəninin Çin tərəfindən pozulmağa çalışıldığını bildirir və buna imkan verməyəcəklərini dilə gətirirlər. ABŞ-ın Çinin böyüməsinə qarşı taktiki siyasətlərindən biri də Rusiyanı onun qucağına atmamaqdır. Əksinə rus təsirinin zəiflədiyi məkanlarda Çin nəzarətinin güclənməsi ehtimalı var və da Vaşinqton üçün daha qorxulu aqibət deməkdir. Odur ki, Co Baydenin Zelenskiyə nə deməsindən asılı olmayaraq, iki liderin görüşündə ən çox bu məsələdə yekdil fikrə gələcəyi gözlənilir. Başqa sözlə, desək, mümkündür ki, Co Bayden II dünya müharibəsində Rusiyanın bölgüsünə düşən coğrafiyalarda Moskvaya verilmiş xeyir-duanı təzələsin
 
Bu, əlbəttə ki, iki liderin bir sıra məsələlərdə yekdil fikrə gələcəyi təqdirdə baş tuta bilər. Ümumi razılıq alınmasa, ABŞ-ın B planına keçmək - Çin və Rusiya təhlükəsinə qarşı Türk dünyası proyekti üzərində dayanmaq və Türkiyəni güclənməsinə yaşıl işıq yandırmaq ehtimalı da var.
 
 
4. “Diplomatik xətt”
 
Hər sanksiya və əks sanksiya dalğası ilə ruslar və amerikalılar səfirlikləri və rabitə kanallarını boşaldırlar, diplomatların qovulmasına diqqətlərini cəmləşdirirlər.
 
Bu il, Bayden bir müsahibəsində Rusiya prezidentini "qatil" olaraq xarakterizə etdikdən sonra, Moskva və Vaşinqton ölkələrindəki səfirlərini "məsləhətləşmə" üçün geri çağırdılar.
 
Rusiya ABŞ-ı Rus diplomatlarının ölkəyə girməsi üçün viza verilməsini dayandırmaqda günahlandırır. Moskva, fevral ayında ABŞ Milli Kosmik Agentliyinin (NASA) bir nümayəndəsinə viza verməkdən də imtina etdi.
 
Rusiyanın yerli kadrları işə götürməsini qadağan etdiyi üçün ABŞ-ın Moskvadakı Konsulluğu kadr çatışmazlığı yaşayır və viza verə bilmir. Rusiyadakı ABŞ vətəndaşlarına xidmətlər də təhlükə altındadır.
 
5. "Məhkumlar"

 
Nəhayət, bəzi məhkumlar Putin və Bidenin gələcək talelərlə bağlı yaxın həftələrdə və ya aylarda razılığa gələ biləcəyinə ümid edirlər.
 
Rusiyada casusluq ittihamı ilə həbs olunan Paul Whelan Baydeni iyun ayının əvvəlində əsirləri dəyişdirmə sövdələşməsi ilə onu xilas etməyə çağırdı. ABŞ-da həbsdə olan silah qaçaqmalçısı Viktor Boutun anası da iki ölkənin prezidentlərinə müraciət etdi.
 
ABŞ-da kokain qaçaqçılığı ittihamı ilə həbs olunan rus pilot Konstantin Yaroşenkonun ailəsi də uşaqlarının sərbəst buraxılmasını istəyir.
 
Bu mövzuda danışıqda sərxoş vəziyyətdə iki rus polisinə hücum ittihamı ilə həbs olunan Amerikalı Trevor Reidin taleyi də müzakirə oluna bilər.
 
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 313          Tarix: 9-06-2021, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma