Xəbər lenti


Eurasia Review, ABŞ
21.06.2021


Müəllif: Orxan Bağırov
Son 30 ildə Ermənistanla Azərbaycan arasında Qarabağ regionu üzündən davam etmiş münaqişə Cənubi Qafqazda geoiqtisadi vəziyyətə ciddi təsir göstərib.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları Birinci Qarabağ müharibəsinə səbəb olub. Nəticədə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20%-i işğal edilib. Bu işğaldan sonra Bakı ilə Ankara sərhədlərini Ermənistanın üzünə bağlayıb və onunla iqtisadi əlaqələri dayandırıb. Ötən illər ərzində Ermənistan sərhədinin təxminən 80%-i bağlı qalıb.

Nəticədə ölkə iqtisadi blokada ilə üzləşib. Bundan başqa, Azərbaycan ərazilərinin işğalı regional iqtisadi əlaqələrə və inkişafa da mənfi təsir göstərib. Amma bu dövrdə regionda iqtisadiyyatına ən çox zərər dəymiş dövlət məhz Ermənistan olub. 1991-2019-cu illərdə sosial-iqtisadi porblemlər üzündən onun əhalisinin təxminən 31%-i və ya 1,12 milyon erməni başqa ölkələrə köçüb. Üstəlik, həmin dövrdə Ermənistan dünyanın ən kasıb ölkələrindən birinə çevrilib. 2019-cu ildə ölkədə yoxsulluq səviyyəsi 26,4%-dək qalxıb. Ermənistan iqtisadiyyatı xarici borclardan daha da asılı olub. 2020-ci ildə onun xarici dövlət borcunun ümumdaxili məhsula nisbəti təhlükəli həddə – 67,3%-ə çatıb.

Doğrudur, işğal faktı Azərbaycana da mənfi təsir göstərmişdi. Buna rəğmən, o, zamanda öz iqtisadiyyatını inkişaf etdirməyə, Gürcüstan, Türkiyə kimi region ölkələri ilə mühüm əhəmiyyət kəsb edən birgə nəqliyyat, enerji layihələrini həyata keçirməyə nail olub.

Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması birincinin itqisadiyyatına, eyni zamanda, regional inkişafa çox mənfi təsir göstərsə də, Yerevan təcavüzkar siyasətdən əl çəkmək istəmirdi. Əvəzində, o, işğalı davam etdirmək məqsədilə Azərbaycanla sülh danışıqlarını imitasiya edirdi. Belə vəziyyət Bakını qarşı tərəfi sülhə məcbur etmək üçün hərbi əməliyyatlara başlamalı olub və bununla da öz ərazilərinin işğalına son qoyub. Bu, Ermənistan ordusunun təmas xəttində növbəti təxribatından sonra – 2020-ci il sentyabrın 27-də baş verib. İkinci Qarabağ müharibəsi məhz belə başlayıb.

Müharibə 44 gün davam edib və ötən il noyabrın 10-da Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatla sona çatıb. Nəticədə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini öz ərazisindən çıxarmağa və ölkənin ərazi bütövlüyünü bərpa etməyə nail olub. Tərəflər arasında imzalanmış üçtərəfli bəyanatda isə regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpası, həmçinin Zəngəzur dəhlizinin açılması da nəzərdə tutulur. Bu dəhliz Azərbaycanı Ermənistan vasitəsilə dənizə çıxışı olmayan eksklavı – Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.

Beləliklə, üçtərəfli bəyanatda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına dair müddəalar region dövlətlərinin əməkdaşlığı və inkişafı üçün böyük imkanlar yaradır. Məsələn, Rusiya Zəngəzur dəhlizi vasitəsilə birbaşa regionda əsas iqtisadi tərəfdaşı olan Ermənistana quru yolla çıxış əldə edəcək. Türkiyə isə birbaşa Azərbaycan və Mərkəzi Asiyadakı türk dünyası ilə əlaqə yaradacaq. Azərbaycana gəlincə, o, Naxçıvan Muxtar Respublikasının blokadasını aradan qaldıracaq. Əgər Ermənistan sülh siyasətinə sadiq olarsa, o da yeni imkanlardan faydalana biləcək. Ermənistan yeni dəhliz vasitəsilə birbaşa istər Rusiyaya, istərsə də Avrasiya İqtisadi İttifaqının bazarlarına quru yolla çıxış əldə edəcək. Bu gün belə çıxışın olmaması Yerevan üçün əsas iqtisadi maneələrdən biridir. Bundan başqa, Zəngəzur dəhlizinin əsas üstünlüklərindən biri onun həm İran, həm də Ermənistan üçün faydalı olmasıdır. İki ölkə məhz bu dəhliz vasitəsilə dəmir yolu əlaqələrini bərpa edə bilər. Onlar arasında dəmir yolunun bir hissəsi məhz Azərbaycan ərazisindən keçir. Bu yol da 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçı siyasəti üzündən bağlanıb.

Zəngəzur dəhlizinin potensial üstünlüklərinə rəğmən, Ermənistanda bəzi millətçi qüvvələr bu dəhlizinin yaradılmasına qarşı çıxır. Onlar Zəngəzur dəhlizini Ermənistanın milli maraqlarına təhdid kimi görür. Millətçi qüvvələr düşünür ki, dəhlizinin açılması Ermənistanın suverenliyinin bir hissəsindən imtina etməsi ilə nəticələnəcək. Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, bu dəhlizə Yerevan deyil, Moskva nəzarət etməlidir.

Ermənistan cəmiyyətində Zəngəzur dəhlizi ilə bağlı narazılıq ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı “Ermənistan bu dəhlizi müzakirə etməyəcək” bəyanatı verməyə məcbur edib. Amma aydındır ki, Paşinyan bunu sadəcə, tərəfdarlarını itirməmək üçün deyir. Digər tərəfdən, o, bu dəhlizin yaradılmasına qarşı çıxa bilməz. Çünki ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda onun da imzası var.

Hələ İkinci Qarabağ müharibəsindən qabaq bəzi erməni ekspertlərin Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmadığını qeyd etmək yerinə düşər. “International Alert” təşkilatının 2014-cü ildə “Cənubi Qafqazda dəmir yollarının bərpası: potensial iqtiadi faydaların qiymətləndirilməsi” adlı hesabatının həmmüəllifləri erməni ekspertlər olub. Bu hesabatda Qars-Gümrü-Naxçıvan-Mehri-Bakı dəmir yolu marşrutundan bəhs olunur və Zəngəzur dəhlizinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. Hesabatda Yerevanın İranla Ermənistan arasında dəmir yolu əlaqələrinin açılması, həmçinin Ermənistanın dəhliz vasitəsilə Türkiyə bazarlarına çıxışı nəticəsində əldə edəcəyi üstünlüklərə xüsusi diqqət ayrılıb. Bir sözlə, hesabatı hazırlayan erməni ekspertlər hələ o zaman Zəngəzur dəhlizinin yaradılmasına təşviq edirdilər.

Beləliklə, Zəngəzur dəhlizi ilə bağlı üstünlüklər göstərir ki, onun açılması Ermənistan daxil olmaqla, regionun bütün ölkələrinə fayda verəcək. Son 30 ildə cərəyan edən hadisələr qonşu ölkələrə qarşı qeyri-qanuni ərazi iddialarının sosial-iqtisadi problemlərə səbəb olduğunu, regional inkişaf imkanlarından tam istifadəyə imkan vermədiyini sübuta yetirib. Bu gün isə Ermənistanın iqtisadi blokadadan çıxmaq, həmçinin dərin kök salmış sosial-iqtisadi problemləri həll etmək şansı var. Əgər Yerevan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxarsa, o, ağır nəticələrlə üzləşəcək. Bu, Ermənistanın 10 noyabr bəyanatını yerinə yetirməkdən imtina etməsi anlamına gələcək. Tərəflər arasında hərbi əməliyyatlar isə məhz bu sənədə əsasən dayandırılıb...

Ermənistan Zəngəzur dəhlizinin yaradılmasından imtina edərsə, əsas iqtisadi tərəfdaşı olan Rusiyanın və regionun digər ölkələrinində maraqlarına qarşı çıxacaq. Bu, Yerevanın həmin ölkələrlə münasibətlərinin pisləşməsinə və iqtisadi blokdasının güclənməsinə səbəb olacaq.
Bir sözlə, sadalanan amillər göstərir ki, Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkisindən sonra hansı siyasi partiyanın hakimiyyətə gələcəyindən asılı olmayaraq, ölkə regional nəqliyyat əlaqələrinin bərpasına, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxa bilməyəcək. Bu, Ermənistanın iqtisadi nöqteyi-nəzərdən “sağ qala bilməsi” üçün yeganə yoldur.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 4 038          Tarix: 21-06-2021, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma