Xəbər lenti


Eurasia Review, ABŞ
26.05.2021


Müəllif: Şahmar Hacıyev
Cənubi Qafqazdakı ərazi mübahisələri, sərhəd məsələləri regional sülh və təhlükəsizliyə əsas təhdiddir. Əslində, Sovet İttifaqının dağılmasından sonra bütün beynəlxalq sərhədlər problemli məsələyə çevrilib. Azərbaycanla Ermənistan arasındakı sərhəd problemi isə xüsusilə qeyd olunmalıdır.

Sovet ittifaqının dağıldığı vaxtdan indiyədək Ermənistanla Azərbaycan Qarabağ münaqişəsi üzündən dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlaya bilməyiblər. Xatırladaq ki, 1990-cı illərin əvvəllərində başlamış Qarabağ münaqişəsi Azərbaycanın ərazilərini itirməsi ilə nəticələnmişdi. Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi. Bununla da Bakı həm Ermənistan, həm də İranla dövlət sərhədinin böyük hissəsinə nəzarəti itirmişdi. Yeri gəlmişkən, işğal dövründə bu ərazilərdən qeyri-qanuni silah və narkotik daşınması üçün istifadə olunub.

Bütün bu illər ərzində beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, münaqişə tərəfləri Qarabağ problemini diplomatik yolla çözməyə çalışsa da, problem uzun illər həll olunmamış qalıb. Bu dövrdə kövrək sülhün tez-tez pozulması, münaqişənin zaman-zaman gərginləşməsi həm Azərbaycan, həm də erməni xalqına əzab və faciələr yaşadıb.

Uzun illər davam etmiş münaqişə, nəhayət, ötən il sentyabrın 27-də başlamış 44 günlük İkinci Qarabağ müharibəsi ilə həll olunub. Qeyd edək ki, o, 1990-cı illərin əvvəllərindən bəri tərəflər arasında ən böyük, ən miqyaslı qarşıdurma idi.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirib. Nəticədə o, işğal altındakı bir sıra rayonlarını azad edib. Müharibə yalnız Moskvanın müdaxiləsi ilə dayandırılıb. Bu məqsədlə ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli bəyanat imzalanıb. Bundan sonra Rusiya regionda sülh və atəşkəsə zəmanət verən əsas dövlətə çevrilib. Bəyanata əsasən, Qarabağa 1960 rusiyalı sülhməramlı, 90 hərbi zirehli texnika, 380 avtomobil və xüsusi texnika gətirilib. Bundan başqa, Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını məhz bu sənədin tələblərinə əsasən boşaldıb. Azərbaycan isə öz növbəsində, Laçın dəhlizindən təhlükəsiz istifadəyə zəmanət verib. Dəhliz Ermənistanla Qarabağ erməniləri arasında humanitar əlaqələr üçün nəzərdə tutulub. Müharibədən sonra Ağdamda Türkiyə-Rusiya Birgə Monotorinq Mərkəzi də yaradılıb. Atəşkəs rejiminin əməl olunmasına məhz bu mərkəz nəzarət edir.

Beləliklə, münaqişə artıq həll olunub. İndi tərəflər postmüharibə dövrünə aid mühüm məsələlərin həllinə çalışır. Söhbət nəqliyyat əlaqələrinin açılması yolu ilə iqtisadi münasibətlərin bərpasından, həmçinin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasından gedir. Delimitasiya və demarkasiya prosesini xüsusi vurğulamaq lazımdır. Çünki regionda gələcək sülh və təhlükəsizlik üçün məhz bu məsələ mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan noyabr bəyanatından sonra məhz demarkasiya prosesinə başlayıb. Bu zaman Bakı Sovet xəritələrindən və GPS-dən istifadə edir. “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında bildirilir.

Amma bu yaxınlarda tərəflər arasında Sünik regionundakı (Azərbaycan dilində Zəngəzur) Sev Liç (Qaragöl) gölü ətrafında insident baş qaldırıb. Bununla, Ermənistan-Azərbaycan sərhədlərinin tam delimitasiyası və demarkasiyasının əhəmiyyəti daha da böyüyüb.

Sünik/Zəngəzur bölgəsi regional inteqrasiya nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Noyabr bəyanatının 9-cu maddəsinə əsasən, regionda bütün nəqliyyat və iqtisadi əlaqələr bərpa olunmalıdır. Sənədin elə həmin müddəasına görə, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir. Bu, o deməkdir ki, Bakı öz anklavına “Zəngəzur dəhlizi” vasitəsilə köhnə nəqliyyat yolunu bərpa edə biləcək.

Xatırladaq ki, bu dəhliz təxminən 30 ildir ki bağlıdır. “Zəngəzur dəhlizi”nin açılması isə region ölkələrinin iqtisadi inteqrasiyasına və iqtisadi inkişafının sürətlənməsinə töhfə verəcək. Buna baxmayaraq, son gərginlikdən sonra Yerevan üzv olduğu hərbi bloka –  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək, yardım istəyib. Doğrudur, təşkilat ermənilərin istəyini müsbət cavablandırmayıb. Ardınca isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın bu addımına cavab kimi, rusiyalı həmkarı Sergey Lavrov, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker və Fransanın Avropa və Xarici İşlər üzrə naziri Jan-İv Lö Drian ilə telefonla danışıb. Nazir Bayramov onlara Ermənistanla sərhədlərin gücləndirilməsi istiqamətində iş apardıqlarını deyib. Azərbaycanın xarici işlər naziri bu məsələnin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirib.

İkinci Qarabağ müharibəsi Ermənistanda siyasi mühiti dəyişib. Üstəlik, bu ölkədə davam edən sosial-siyasi böhran artıq həm də dərin siyasi qeyri-sabitliyə çevrilir. Odur ki, Yerevan vəziyyəti gərginləşdirməyə çalışır. Belə bir vəziyyətdə regionda sülh və təhlükəsizliyə zəmanət verən əsas dövlət – Rusiya tərəfləri bütün məsələləri siyasi-diplomatik yolla həll etməyə çağırıb. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, “Moskva Cənubi Qafqazda vəziyyətin normallaşdırılmasına tam dəstək verməyə hazırdır”.  

Baş verənlər fonunda Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana səfəri, həmçinin onun rəhbərlik etdiyi qurumun bəyanatı göstərir ki, Moskva tərəflər arasında gərginliyin azaldılmasında maraqlıdır. Rusiya iki ölkə arasında sərhədlərin demarkasiya üçün birgə komissiyanın yaradılmasını da təklif edib.

Beləliklə, baş verənlər fonunda həm Bakı, həm də Yerevanla dərhal danışıqlar aparan Moskva prosesdə əsas oyunçu olduğunu bir daha nümayiş etdirib. Bu faktı Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın son bəyanatı da təsdiqləyir. O, Ermənistan, Azərbaycan və Rusiya arasında danışıqlar çərçivəsində Bakı ilə yeni razılaşma imzalamağa hazır olduğunu bildirib. Bu razılaşmaya əsasən, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası ilə əlaqədar birgə komissiya yaradılmalıdır. Bakı ilə Yerevanın 31 mayadək komissiya çərçivəsində milli nümayəndə heyətlərini təşkil etmələri nəzərdə tutulub. Rusiya da eyni tarixədək komissiya çərçivəsində konsultativ yardım göstərmək üçün milli nümayəndə heyətini formalaşdırmalıdır.

İndi tərəflər arasında davamlı sülhün bərqərar olması üçün ən önəmli məqam dövlət sərhədlərinin delimitasiyasıdır. ATƏT bildirir ki, “sərhədlərin delimitasiyası qonşu dövlətlər arasında sərhədlərin hüquqi nöqteyi-nəzərdən rəsmiləşdirilməsidir. Onların sərhədləri torpoqrafik xəritə və müfaviq yazılı sənəd vasitəsilə müəyyən etməsindən sonra həmin xəritə və sənəd qonşu dövlətlər arasında razılaşmanın ayrılmaz hissəsi ola bilər”.

Faktiki olaraq, indi Azərbaycanla Ermənistan Cənubi Qafqazda uzun illədir gözlənilən sülhə nail olunması üçün belə bir razılaşma imzalamalıdırlar. Bu qonşu ölkələr dövlət sərhədinin delimitasiya və demarkasiya ilə bağlı razılaşmanı imzalaya bilməzlərsə, sərhəd problemi Ermənistanla Azərbaycan arasında təhlükəsizlik və davamlı sülh üçün əsas maneə olacaq. Bu gün Azərbaycanın Qazax rayonunun 7 kəndi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun 1 kəndi Ermənistanın nəzarəti altındadır. Azərbaycansa beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək istəyir. Yerevan anlamalıdır ki, Qarabağ bölgəsində Azərbaycan və erməni xalqlarının dinc, yanaşı yaşaması Bakı üçün prioritetdir.

Bir sözlə, Azərbaycana qarşı təbliğat aparmaq və demarkasiya/delimitasiya prosesinə mane olmaq sülh prosesinə yalnız zərər verəcək. Ermənistanla Azərbaycan arasındakı sərhəd mübahisəsinin uzunmüddətli həlli ərazi bütövlüyünün qarşılıqlı tanınması, bu məsələnin dünya birliyi tərəfindən dəstəklənməsindən asılıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 3 709          Tarix: 26-05-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma