Xəbər lenti


The National Interest, ABŞ
30.06.2021


Müəllif: Şahmar Hacıyev
Cənubi Qafqaz strateji coğrafi mövqeyə malikdir. Səbəb region ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiya, İran və Türkiyə kimi fövqəldövlətlərlə həmsərhəd olmasıdır. Lakin Yerevanla Bakı arasında uzun illər davam etmiş münaqişə bölgədə ticarətə və iqtisadi inteqrasiyaya mənfi təsir göstərib. Tərəflər arasında ötən ilin sonlarında baş vermiş İkinci Qarabağ müharibəsi bu regionda geosiyasi mənzərəni dəyişib.

Azərbaycan 44 gün davam etmiş müharibə nəticəsində bir neçə rayonu işğaldan azad edib. Sonda ötən il noyabrın 10-da tərəflər arasında Rusiyanın vasitəçiliti ilə üçtərəfli bəyannamə imzalanıb və bununla da qanlı müharibə başa çatıb.

Əslində, noyabr bəyannaməsi bölgənin geosiyasi xəritəsini də dəyişib. Çünki bu bəyanatla Yerevanla Bakı nəqliyyat əlaqələrini açmağa, regional iqtisadi inteqrasiyaya razılıq veriblər. Sənədə əsasən, Rusiya regionda sülh və atəşkəsə zəmanət verən əsas dövlətə çevrilib, Dağlıq Qarabağdakı təmas xətti boyunca, o cümlədən Laçın dəhlizinə rusiyalı sülhməramlılar yerləşdirilib. Ağdamda isə Türkiyə-Rusiya Birgə Monotorinq Mərkəzi yaradılıb. Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminin əməl olunmasına məhz bu mərkəz nəzarət edir. Beləliklə, iki regional güc – Türkiyə ilə Rusiya Cənubi Qafqazda diplomatik və hərbi mövcudluqlarını təmin etməklə, mövqelərini möhkəmləndiriblər.
Beləliklə, Ermənistanla Azərbaycan arasındakı münaqişə həll olunub. Amma postmünaqişə dövründə sabitlik və təhlükəsizliklə bağlı çağırışlar hələ də qalmaqdadır. Eyni zamanda, indi regional iqtisadi inteqrasiya üçün yeni imkanlar da yaranır. Həm Ankara, həm də Moskva bu bölgədə nəqliyyat dəhlizlərin açılması yolu ilə regional iqtisadi inteqrasiyaya dəstək verir. Bu mənada, Zəngəzur dəhlizi çox mühüm əhəmiyyət kəsb edən nəqliyyat marşrutudur. Bu layihədə iştirak edəcək bütün tərəflər ondan faydalanacaq. Zəngəzur dəhlizin açılması ilə Azərbaycan eksklavı olan Naxçıvan Muxtar Respublikası, Türkiyə isə birbaşa Azərbaycan və Mərkəzi Asiyanın digər türkdilli dövlətləri ilə birləşəcək.

Ermənistana gəlincə, bu layihədən Yerevan da faydalana bilər. Bu halda o, həm əsas siyasi-iqtisadi tərəfdaşı olan Rusiya, həm də İranla dəmir yolu əlaqəsi yaradacaq. Rusiya hər zaman Ermənistan üçün idxal və ixrac nöqteyi-nəzərdən aparıcı ölkə olub. 2020-ci ildə Ermənistandan Rusiyaya təxminən 676 milyon dollar dəyərində məhsul ixrac edilib. Həmin dövrdə Rusiyanın ümumi idxal göstəricisi 4,559 milyard dollara bərabər idi.

Bu gün Ermənistanla Azərbaycan arasında sərhəd mübahisələrinin davam etməsi bu iki Cənubi Qafqaz dövləti arasında sərhədlərin demarkasiyasının mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Hazırda Azərbaycana məxsus Qazax rayonunun 7 kəndi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistanın nəzarəti altındadır. Azərbaycan isə postmüharibə dövründə beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini bərpa etməklə məşğuldur. Belə bir vəziyyətdə regiondakı bütün aktorlar bir məsələni anlamalıdır: burada dayanıqlı sülhün açarı suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh sazişidir.

Ermənistanda bu günlərdə keçirilmiş növbədənkənar parlament seçkisi baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın qələbəsi ilə bitib. Onun başçılıq etdiyi “Vətəndaş Müqaviləsi” partiyası təxminən 54% səs toplayıb. Doğrudur, ölkədə siyasi qeyri-sabitlik və böhran hökm sürür. Amma əməkdaşlıq, mübahisələrin birdəfəlik həllinə ümidlər də yaranıb. Yeri gəlmişkən, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon danışığı zamanı ötən il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan isə istər regional, istərsə də bölgədən kənardakı dövlətlərlə əməkdaşlığı genişləndirməyə çalışır. Qeyd etdiyimiz kimi, Türkiyə ilə Rusiya artıq Cənubi Qafqazda siyasi və hərbi iştiraklarını artırbağa başlayıblar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Qarabağa səfəri və Şuşa Bəyannaməsinin imzalanması Ankara ilə Bakı arasında ikitərəfli əlaqələrə yeni təkan verəcək. Bu bəyannamənin Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə münasibətlərin genişləndirilməsinə töhfə verəcəyini xüsusilə vurğulamaq lazımdır. Xatırladaq ki, İkinci Qarabağ savaşı zamanı müharibə qaydalarını dəyişən əsas amilinin məhz Türkiyə istehsalı olan “Bayraktar” dronları olub. Azərbaycan Ermənistanın “S-300” sistemlərini və digər hərbi texnikalarını məhz bu dronlar vasitəsi ilə məhv edib. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə ilə əməkdaşlıqla bağlı qeyd etdiyi kimi, əsas məqam “müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi”dir. “Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri də bu Bəyannamədə öz əksini tapır”, - deyə o, bildirib.

Şuşa Bəyannaməsinin ən vacib məqamlarından biri Türkiyənin Şuşada konsulluq açmaq qərarıdır. Bu sənəd faktiki olaraq, regionda hərbi-siyasi balansın təmin olunması məqsədilə Azərbaycanda hərbi bazanın yaradılmasına da yol açır. Bu məqamda bir məsələni vurğulamaq lazımdır: Şuşa Bəyannaməsində qeyd edilir ki, Azərbaycana hücum olarsa, yaxud belə təhdid yaranarsa, Türkiyə müttəfiqini qorumaq üçün münaqişəyə qoşulacaq. Bu mesaj təkcə revanşist ideyaları dəstəkləyən Ermənistana deyil, həm də regionda maraqları olan digər oyunçulara ünvanlanıb. Bir sözlə, Şuşa Bəyannaməsi 2010-cu ildə imzalanmış Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişindən sonra ən vacib sənəddir.

Cənubi Qafqazda xüsusilə İkinci Qarabağ müharibəsindən sonra cərəyan edən hadisələrə diqqət yetirsək, ABŞ-ın regionda konstruktiv iştirakının sülh və iqtisadi inteqrasiyanın dəstəklənməsində mühüm əhəmiyyət kəsb edəcəyini söyləyə bilərik. Amma yaxın keçmişə nəzər salan zaman ABŞ-ın Cənubi Qafqazda iştirakının ardıcıl olmadığını görürük. Ümumiyyətlə, Vaşinqtonun bu bölgədə həyata keçirdiyi siyasət əsasən enerji məsələləri ilə bağlı olub. Söhbət Xəzər dənizinin enerji resurslarının dünya bazarlarına tədarükündən gedir. Amma son günlərdə cərəyan edən hadisələr və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin regiona səfəri Vaşinqtonun Cənubi Qafqaza diqqəti artırmağa başladığını göstərir. O, Gürcüstanda səfərdə olarkən bildirib ki, “ABŞ Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafını, həmçinin region xalqlarının sabitliyə, sülhə və çiçəklənən gələcəyə nail olmaq səylərini dəstəkləyir”.   
 
Bu səfər artıq Ermənistan-Azərbaycan münasibətlərinə də öz müsbət təsirini göstərib. Məsələn, Azərbaycan 15 ermənini Ağdam rayonunun mina xəritələri qarşılığında Ermənistana təhvil verib. Yerevanla Bakı buna məhz Vaşinqtonun konstruktiv əməkdaşlığı və yardımı sayəsində nail olublar. Bu prosesdə ABŞ-ın regiondakı əsas müttəfiqi olan Gürcüstan da mühüm rol oynayıb. Odur ki, Nikol Paşinyanın Tbilisinin rolu haqda dedikləri təəccüblü deyil: “Qardaşlarımız Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin, gürcüstanlı qardaşlarımızın, həmçinin ABŞ və Avropa İttifaqından olan tərəfdaşlarımızın sayəsində ailələrinə qovuşdular”.

Bir sözlə, bu gün Cənubi Qafqazda yeni geosiyasi vəziyyət regional iqtisadi inteqrasiyanı zərurətə çevirir. Əlbəttə ki, regionda dayanıqlı sülh və təhlükəsizlik yalnız əməkdaşlıq yolu ilə bərqərar ola bilər. Bu mənada, ABŞ da regionla bağlı siyasətini dəyişməli, effektli əməkdaşlıq mexanizmi yaratmalıdır. Bayden administrasiyası artıq Azərbaycana müsbət siqnallar göndərir. Söhbət Vaşinqtonun “Azadlığa Dəstək” Aktına qəbul edilmiş və ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin dayandırmasından gedir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan üçün ABŞ-ın konstruktiv yanaşması, regionda əməkdaşlıq etmək istədiyi mühüm əhəmiyyət kəsb edir...
Beləliklə, Vaşinqton regional iqtisadi əməkdaşlıqda və sabitliyin təmin edilməsində daha fəal rol oynaya bilər. Bunun üçün onun geniş imkanları var. Məsələn, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması regional dialoqun, əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsi ilə bağlı platformanın əsasını qoya bilər. Odur ki, ABŞ regional iqtisadi inteqrasiyaya töhfə verəcək Zəngəzur dəhlizinin açılmasını da dəstəkləməlidir. Bu məqamda Vaşinqtonun Mərkəzi Asiyada “C5+1” adlı platforma yaratdığını qeyd etmək yerinə düşər. Bu platforma Mərkəzi Asiyada iqtisadi, enerji və ticarət əlaqələrinin genişləndirilməsi, ətraf mühit və sağlamlıqla bağlı problemlərin azaldılması, təhlükəsizliklə bağlı təhdidlərin birgə aradan qaldırılması, həmçinin üzv ölkələrin sosial, iqtisadi və siyasi həyatının bütün sahələrində qadınların iştirakının tam təmin edilməsinə töhfə vermək məqsədilə təsis olunub.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: The National Interest


Ana səhifəyə qayıt        Baxış: 4 797          Tarix: 30-06-2021, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma