Xəbər lenti

Regional maraqları risk altında olan Rusiya Ermənistanın xəyanətinə reaksiya verməyə hazırlaşır; Kreml rəsmi Bakı ilə mövqelərini uzlaşdırmağa ciddi ehtiyac duyur...

Cənubi Qafqazda "geopolitik şahmat" oyunu başlayıb. Ermənistan və himayədarları məğlub durumdan çıxmaq üçün son gedişlərini etməyə çalışırlar. Və hələlik oyunun məlum şərtlərini dəyişmək uğrunda xaotik cəhdlər göstərirlər.
Müşahidələrə əsasən, həm Ermənistanın, həm də xarici himayədarlarının isterik durumda olduqlarını söyləmək mümkündür. Çünki Cənubi Qafqazda geopolitik şərtlər onların vərdiş etmədiyi məzmun və keyfiyyət qazanıb. Üstəlik, üçtərəfli anlaşmalarla "möhürləndiyi" üçün bundan sonra həmin şərtləri dəyişmək və ya əvvəlki məzmununa qaytarmaq o qədər də asan deyil.
Ona görə də, əsas hədəf nəyin bahasına olursa-olsun, üçtərəfli anlaşmaları pozaraq, bu sənədləri qüvvədən sala biləcək təxribatlar törətməyə çalışırlar. Bu, Ermənistanın, eləcə də ABŞ və Qərbin Cənubi Qafqazda geopolitik oyunçu statusunu bərpa etmək baxımından, yeganə variant sayılır. Halbuki, bu variantı boşa çıxara biləcək bir neçə önəmli və güclü faktor onların qarşısında ciddi əngələ çevrilib. Yəni, üçtərəfli anlaşmaların müdafiə sistemi kifayət qədər güclüdür.

Birincisi, üçtərəfli anlaşmalar beynəlxalq hüquqi sənədlərdir. Həmin sənədləri imzalayan ölkələr onların tələblərini icra etməyə borcludur. Əks halda, üçtərəfli anlaşmaların imzalanmasından əvvəlki şituasiyaya dönmək lazım gələcək. Və ordusu darmadağın edilmiş Ermənistanın buna hazır olmadığı qətiyyən şübhə doğurmur.
Digər tərəfdən, üçtərəfli anlaşmaların qarantı rolunda məhz Rusiya çıxış edir. Hətta iddia etmək olar ki, bu sənədlər elə Rusiyanın geopolitik maraqları ilə də uzlaşdırılıb. Və Kreml həmin maraqlara xüsusi həssaslıqla yanaşır.
Məsələn, Rusiya sülhməramlı qüvvələri məhz üçtərəfli anlaşmalar sayəsində hazırda Xankəndi və ətraf bölgədə yerləşdirilib. Əgər, bu sənədlər qüvvədən düşərsə, Rusiya sülhməramlı qüvvələrinin missiyası öz hüquqi dayaqlarını itirmiş olacaq. Bu isə o deməkdir ki, Rusiya öz hərbi kontingentini Xankəndi və ətraf bölgədən çıxartmaq məcburiyyəti ilə üzləşəcək.
Nəhayət, Rusiya prezidenti Vladimir Putinin beynəlxalq imici və regional avtoriteti də ciddi risk altında qalmış kimi görünür. Çünki, üçtərəfli anlaşmalar pozularsa, onları imzalanmış prezident Vladimir Putin öz qarantorluq missiyasını yerinə yetirə bilməyən siyasi lider durumuna düşəcək. Halbuki həm Kremlin, həm də onun sahibinin belə bir biabırçı durumla barışmayacağı qətiyyən şübhə doğurmur.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də Cənubi Qafqazdakı yeni geopolitik şərtlərin keşiyində dayanan ciddi bir hüquqi reallıqdır. Çünki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə strateji müttəfiqliyini rəsmiləşdirib. Və ən həlledici məqamda bu strateji müttəfiqliyin mexanizmləri dərhal işə salına bilər.
Daha bir önəmli məqam Azərbaycan, Türkiyə, Rusiya və İranın "3+3" formatında regional iqtisadi-ticari əməkdaşlıq platformasını dəstəkləyirlər. Bu formatın da reallığa çevrilməsi ilk növbədə üçtərəfli anlaşmaların sürətlə icra olunmasına və regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, Zəngəzur dəhlizinin reallaşmasına bağlıdır. Yəni, üçtərəfli anlaşmaların icrası Azərbaycan və Rusiya ilə yanaşı, Türkiyə ilə İranın da regional maraqlarının tələbidir. Hətta Rusiya və Türkiyə xarici işlər nazirləri bir müddət öncə Antalyada bu məsələ ətrafında detallı anlaşmalar da əldə etmişdilər.
İndi bu qədər ciddi və güclü qoruyucu faktorların olduğu bir situasiyada Ermənistan öz himayədarları ilə birlikdə üçtərəfli anlaşmaların pozularaq, hüquqi qüvvəsini itirməsinə cəhd göstərir. Üstəlik, üçtərəfli anlaşmaların icrasına bağlı Zəngəzur dəhlizinin açılmasının Böyük Britaniyadan Çinə qədər bir çox dövlətin maraqlarına cavab verdiyini nəzərə aldıqda, Paşinyan hakimiyyətinin nə qədər təhlükəli və riskli işin altına girməyə can atdığı anlaşılmış olur. Və bu cəhdlərin davam etdirilməsi birmənalı şəkildə Cənubi Qafqazda vəziyyəti qarışdıra, yeni hərbi əməliyyatlara yol aça bilər.
Təbii ki, məhz bu qarışıqlıq ABŞ və Fransanın maraqlarını ifadə edir. Çünki 44 günlük savaşın nəticələri ABŞ və Fransanın Cənubi Qafqaza yeganə müdaxilə mexanizmi olan ATƏT-in Minsk Qrupu həmsədrləri formatını əhəmiyyətdən saldı. Şuşa Bəyannaməsi regionda ABŞ və Fransanın funksional statusunu Türkiyənin ixtiyarına vermiş oldu.

Yəni, Minsk Qrupu "beyin ölümü" məruz qaldı. Üçtərəfli anlaşmaların icra olunacağı, sərhədlərin demarkasiya ediləcəyi, regional nəqliyyat-kommunikasiya xətlərinin və Zəngəzur dəhlizinin açılacağı təqdirdəsə, Minsk Qrupu həmsədrləri formatının birdəfəlik "dəfn" olunması rəsmiləşmiş olacaq.
Ermənistan və rəsmi İrəvanı təxribatlara cəsarətləndirən ABŞ-Fransa cütlüyünün isterik davranışlarının əsas səbəbi də məhz bununla bağlıdır. Ona görə də, üçtərəfli anlaşmalara zidd olan "status" mövzusunu gündəmə gətirməklə, regional şituasiyanı qəlizləşdirməyə can atırlar. Bu mövzu Minsk Qrupu həmsədrlərini "dəfn mərasimi"ndən xilas edə biləcək yeganə iddia hesab olunur. Yəni, ABŞ və Fransanın bu regionda yapışa biləcəkləri başqa heç nə qalmayıb.
Ancaq rəsmi Bakı öz qətiyyətli və sərt reaksiyası ilə "status hoqqabazlığı"nı da iflasa uğratmaqdadır. Rəsmi Parisin direktivləri ilə hərəkət etdiyi Avropa Şurasının fransız mənşəli prezidenti Şarl Mişel bu hoqqabazlığı İrəvanda böyük həvəslə icra etdi. Hətta ermənilərə bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə danışacağı barədə böyük vədlər də verdi. Və sonrası məlumdur.
Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında Ş.Mişel bir dəfə də olsun, "Dağlıq Qarabağ" və "status" kəlmələrini dilə gətirmədi. Yəqin ki, Prezident İlham Əliyev ilə görüşdə Ş.Mişelə "Dağlıq Qarabağ münaqişəsi"nin necə və nə vaxt həll edildiyini, eləcə də, "status məsələsi"nin artıq çoxdan "gorbagor" olduğunu detallı şəkildə anlada bilmişdilər.

Bundan sonrası isə böyük ehtimalla Azərbaycan və Rusiya prezidentlərinin planına bağlı olaraq, cərəyan edəcək. İyulun 20-də Prezident İlham Əliyev Moskvaya səfər edəcək və Kreml sahibi Vladimir Putin ilə görüşəcək. Kremldən verilən açıqlamada Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli anlaşmaların icrasına dair məsələləri müzakirə edəcəkləri bildirilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu görüşlə bağlı çoxmənalı açıqlama verib: “Bu, işgüzar səfərdir. Biz mövqelərimizi uzlaşdırırıq”.
Görünür, Kreml rəsmi Bakı ilə mövqelərin uzlaşdırılmasına ciddi ehtiyac duyur. Çünki, Rusiyanın öz hərbi müttəfiqi Ermənistanla mövqeləri artıq çoxdan uzlaşmır. Yəni, Paşinyan hakimiyyəti Ermənistanın mövqelərini ABŞ və Fransanın direktivlərinə uzlaşdırmağa üstünlük verir.
Belə vəziyyətdə Rusiyanın Azərbaycanla anlaşma bilməsi vacibdir. Hər halda, Paşinyan hakimiyyətinin açıq xəyanət yolu tutduğu bir məqamda Rusiyaya Azərbaycanın dəstəyi vacibdir. Və yalnız Azərbaycanın geopolitik gücü ilə Rusiyanın da maraqlarını riskə atan oyunların qarşısını almaq mümkün ola bilər.
Görünən odur ki, hazırda Azərbaycan və Rusiyanın geopolitik maraqları tamamilə üst-üstə düşməyə başlayıb. Həmin maraqların qarşılıqlı dəstək sayəsində qorunması üçün üçtərəfli anlaşmaların hüquqi qüvvəsini ortaq şəkildə müdafiə etmək lazım gələcək. Böyük ehtimalla Əliyev-Putin görüşündə bir çox prinsipial məsələlər ətrafında qeyri-rəsmi anlaşmalar əldə olunacaq. Hətta Ermənistan üçün böyük "geopolitik sürprizlər" də qətiyyən istisna deyil. Bu baxımdan, Cənubi Qafqazın taleyini həll etməyə hazırlaşan Azərbaycan və Rusiya prezidentlərinin "saatları tutuşdurmaq" üçün görüşəcəklərini də ehtimal etmək olar.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu



Ana səhifəyə qayıt        Baxış: 3 325          Tarix: 20-07-2021, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma