Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Cümşüd Nuriyev: “Bunların hamısı müharibə generalıdır, vuruşublar, əsgər yanında olublar”
“Artıq ordumuz sovet sistemindən qurtulub, Türkiyə ordu modelinə keçdi. Prezident bunu dedi və etdi”
İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyində bir sıra hərbi qulluqçuların ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda yeni Baş Qərargah rəisinin adı açıqlanıb. Prezidentin ordu sahəsində atdığı addımların daha bir mühüm istiqaməti struktur dəyişikliyi ilə bağlıdır. Bundan sonra Azərbaycan Ordusunda ayrıca Quru Qoşunları Komandanlığı olacaq. Bütün bunlar, həm də müharibədən qalib çıxan Azərbaycan ordusunda struktur dəyişiklikləri və islahatların aparıldığının göstəricisidir.
"AzPolitika.info" Azərbaycan Ordusunda baş verən son dəyişikliklər mövzusunu siyasi şərhçi Cümşüd Nuriyevlə müzakirə edib.
- Cümşüd müəllim, bir müddət əvvəl mətbuatda keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovu ən çox tənqid edənlərdən biri də siz idiniz. İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyev Baş Qərargaha yeni rəis təyin edib. Bu dəyişikliklə bağlı mövqeyiniz necədir?
- Mən bu addımı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan Ordusuna bir millilik, vətənsevərlik və türksevərlik gəldi. Kərim Vəliyev Baş Qərargaha rəis təyin olunduqdan sonra mən onun kimliyini araşdırdım. Məlum oldu ki, ana tərəfi Səməd Vurğunun əmisi qızı Leyla xanım Vəkilova tərəfdəndir. Atası da uzun müddət prokuror işləyib. Maraqlı təsadüf də odur ki, yeni Baş Qərargah rəisinin babası 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində emənilərə qarşı vuruşub. Yəni bunun qanında Azərbaycanın müstəqilliyi, azadlığı, torpaqlarımızın ermənilərdən azad edilməsi kimi dəyərlər var. Bu da özünü göstərir. Orduda olan insanlardan Kərim Vəliyev haqqında heç bir mənfi fikir eşitməmişəm. Bizim orduda kifayət qədər tanıdığımız general və polkovniklər var. Hələ Kərim Vəliyevin təyinatı olmazdan əvvəl orduda 4-5 generalın adı hörmətlə çəkilirdi ki, onlardan biri də Kərim Vəliyev idi. Bu mənada son təyinatı yüksək qiymətləndirirəm.
- Orduda digər əhəmiyyətli təyinatlar da oldu, məsələn müdafiə nazirinə yeni müavinlər təyin edildi, eləcə də 5-ci korpusa komandan vəzifəsinə yeni sima gətirildi. Ordudakı ümumi təyinatları necə qiymətləndirirsiniz?
- Açığını deyim ki, təyinat alan digər generallarla da maraqlanmışam. Xüsusilə, 5-ci ordu birləşməsinə komandan təyin edilən general-mayor Seyidov Kənanla maraqlandım. O, əvvəllər Xüsusi Təyinatlı Qüvvələrin komandan müavini olub. Bu şəxs haqqında ancaq yüksək fikirlər eşitdim.
Qeyd edim ki, yeni təyinat alan generallardan ikisi Bakı Ali Hərbi Məktəbdən gəlib. General Piriyevin yanından. Piriyev Azərbaycanın çox hörmətli və qeyrətli, milli ruhu olan generallarından biridir. Onun yanından gələnlər də elə Piriyev stilində, tərbiyəsində və səviyyəsindədir. Ən önəmlisi odur ki, bu adamlar Azərbaycan xalqına və dövlətinə sadiqdirlər, bundan ötrü canlarını verməyə hazırdırlar. Yəni yeni təyin olunanların hamısı general Polad Həşimovun ruhunda olan hərbçilərdir. Bu səbəbdən də inanıram ki, ordumuzda işlər çox yüksək səviyyədə olacaq.
Ola bilsin, nazir də dəyişilsin, bu posta hərbçi olmayan, mülki şəxs gətirilsin. Çünki əsas Baş Qərargah rəisidir. Ancaq bütün hallarda yeni şəxs də bu sahəyə yaxın biri olmalıdır. Çünki Azərbaycan müharibəni tam sona çatdırmayıb. Əlbəttə, mən fərziyyələrimi deyirəm, ancaq bunlar Prezidentin səlahiyyətində olan məsələlərdir.
- Diqqətlə müşahidə etdikdə görürük ki, sosial şəbəkələrdə bir qrup yeni təyinatları da gözdən salmaq üçün, vəzifəyə təyin olunan generalların da SSRİ zamanı təhsil aldığına eyhamlar vurulur, sonradan Azərbaycana gəldikləri bildirilir. Bir növ Azərbaycan ordusunda SSRİ-dən qalma sistemin davam etdiyinə işarə vurulur...
- Əslində, bu generalların əksəriyyəti Naxçıvanski adına hərbi məktəbin yetirmələridir. Çünki onlar ilk hərbi təhsilini Azərbaycanda alıblar. Rəhmətlik Heydər Əliyev sovet ordusunda azərbaycanlıların tikinti, yeməkxana və digər yerlədə vaxt keçirdiyini bildiyindən uzaqgörən addım ataraq Bakıda hərbi məktəb açdı. Bunun da nəticəsini biz həm I Qarabağ, həm də II Qarabağ müharibəsində gördük.
İkincisi, bunlar SSRİ dövründə təhsil alsalar da, sonradan çoxu Türkiyədə təhsillərini davam etdiriblər. Bunlar bir növ NATO standartlarına uyğun, Türkiyə hərbçiləri səviyyəsində hazırlanan insanlardır.
Üçüncüsü, Azərbaycan cəmi 30 ildir ki, müstəqildir. 1991-ci ildə doğulan uşaqların indi 30 yaşı var. Sözsüz ki, hərbi sahə elədir ki, şəxs 30 yaşına qədər sürətlə irəliləsə belə, mayor səviyyəsinə qədər gəlib çata bilər. Nadir hallarda yüksək hərbi rütbə ala bilərlər. Ona görə də orduda SSRİ dövründə təhsil alan insanların xidmətindən istifadə olunması təbiidir. Azərbaycanda bu məsələ hələ 20 ildən sonra qaldırıla bilər. Mən mətbuatda baxdım. Adama iyrənc gələn bilirsiniz nədir? Bu şəxsləri elə adamlar qiymətləndirir ki, həmin şəxslərin buna qiymət vermək üçün nə savadı, nə təcrübəsi, nə də səviyyəsi var. Sən birinə qiymət verirsənsə, ən azı onun səviyyəsinə yaxın olmalısan.
Amma biz baxırıq ki, orduda olmayan, müharibə vaxtı qaçıb gizlənən, bu millət üçün əlini heç nəyə vurmayan adamlar həm burada, həm də xaricdə yeni təyinatların əleyhinə çıxırlar. Bu adamlar ona görə belə edirlər ki, artıq onlar üçün qeybət etməyə başqa sahə qalmayıb. Həmin adamlar nə bunları milli ruhun olmamasında günahlandıra, nə də “parket generalı” kimi qiymətləndirə bilərlər.
Çünki bunların hamısı müharibə generalıdır, vuruşublar, əsgər yanında olublar. Məncə, bu arqumentin özü qəsdlə düşünülüb ki, guya yenə də bizə Rusiyanın razılığı olanlar gəlib və sair. Bu şeyləri qurtarsınlar. Niyə indiyə qədər o biriləri haqqında danışmırdılar? Hesab edirəm ki, yeni təyinatlar çox yüksək əhəmiyyətə malikdir. Həm də bizim müstəqilliyimizin tarixi imkan vermir ki, bu şəkildə məsələ qaldıraq. İnşallah 20 ildən sonra bu məsələni qaldırıb deyə bilərik ki, Azərbaycan ərazisində doğulub, burada təhsil alan generallar öndə olmalıdır və s.
Baxın, görün bizdən nə qədər Rusiyada qalıb işləyənlər var. Tək Azərbaycan kökənli 28 general var ki, Rusiya ordusu və hüquq-mühafizə orqanlarında işləyirlər. Onlar gəlmədilər, qaldılar və general oldular. Belə insanlar Rusiyanın gömrük və vergi idarələrində də var. Amma indi söhbətini etdiyimiz şəxslər Rusiyadan gəldilər, müharibədə iştirak etdilər və orada ala biləcəkləri general rütbəsini burada çox sonralar aldılar. Ona görə də biz bunlara minnətdarlıq etməli, onlara hörmətlə yanaşmalıyıq. Onlar bizim öz övladlarımızdır. Özümüz də bilirik ki, bunlar Azərbaycan üçün çox şeylər ediblər.
- Nəcməddin Sadıkovun dövründə müavin olanlara yenidən vəzifə verilməsini də “qara piar”a çevirirlər...
- Onun bir müavini Ayaz Həsənovu vəzifəsindən çıxardılar...
- Nizam Osmanov da Baş Qərargah rəisinin müavini idi, indi də müdafiə nazirinin müavini oldu...
- Nizam Osmanov çox yüksək səviyyəli və peşəkar hərbçidir. Özü də Bakı Ali Hərbi Məktəbi bitirib. Mən ad çəkmədən qeyd edim ki, Türkiyədə təhsil alan və hazırda Azərbaycan ordusunda xidmət göstərən qohumlarım var. Onların hamısının fikrini öyrənməyə çalışmışam. İnanın ki, bu generallar haqqında mənfi fikir söyləyən yoxdur. Nizam Osmanov böyük xidmətləri olan generallarımızdandır. Heç biri də mənim nə şəxsi dostum, nə qohumum, nə də yerlim deyil. Amma bu insanlar haqqında ədalətli danışmaq lazımdır. Onlara minnətdar olmalıyıq ki, Azərbaycan Ordusunun, əsgərinin şərəfini uca tutdular. Ali Baş Komandanın rəhbərliyi altında bunlar nələr etmədi...
Onu da qeyd edim ki, artıq Rusiyanın əvvəlki imkanları yoxdur ki, Azərbaycanda hökmranlıq etsin. Digər tərəfdən, dövlət başçısı çox gözəl bilir ki, kim hara xidmət edir, hara bağlıdır. Amma bəzi şeylər var ki, onu açmaq olmur. Mən dövlət içində işlədiyim üçün bunu bilirəm. Bunlar Azərbaycan dövlətinə sədaqətli olmasa, İlham Əliyev heç vaxt onlarla bağlı belə yüksək səviyyəli təyinatlar imzalamaz. Buna yüz faiz əmin olun.
- Ordudakı yeni təyinatlar qədər daha əhəmiyyətli məsələ Quru Qoşunları Komandanlığının yaradılmasıdır. Bundan sonra Azərbaycan Ordusunda Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanması ilə yanaşı ayrıca struktur kimi Quru Qoşunları Komandanlığı da olacaq. Yeni qoşun növünün yaranması nədən xəbər verir?
- Əslində, bu çox gözəl və əhəmiyyətə malik addımdır. SSRİ zamanı da Quru Qoşunları var idi. Bizdə Dövlət Sərhəd Xidməti var və onun dəniz donanması mövcuddur. Eyni zamanda ordumuzun Hərbi Dəniz Qüvvələri var. Amma Quru Qoşunları həm də ona görə lazımdır ki, faktiki dövlət sərhədlərimiz özümüzün nəzarətindədir. Quruda dövlət sərhədində sərhədçilərin arxasında mütləq Quru Qoşunlarının əsgərləri dayanmalıdır. Quru Qoşunları ayrıca qurum olmaqla yanaşı, Müdafiə Nazirliyinin bel sütunudur. Hələ burada dağ şəraiti də nəzərə alınmalı və Dağ Piyada Qoşunları yaradılmalıdır. Bu şəraiti mənimsəmək vacibdir. Bunlar məhz həmin igidlərdir ki, Şuşada 90 dərəcə bucaq altında qayalıqlara çıxıb Şuşanı aldılar. Belə qoşun növü və ya istiqamətinin yaradılması da gözəl olardı. Sovet vaxtı biz universitetdə 3 il hərbini oxumuş, sonra xidmət etmişik. Bu sistemdən az-çox başımız çıxır. Fikrimcə, Quru Qoşunlarının yaradılması əhəmiyyətli hadisədir. Bizdə ordu birləşmələri vardı, amma Quru Qoşunları yox idi. Bunun yaradılması, həm də inkişafa səbəb olacaq.
- Deməli, həm də ordu birləşmələri bundan sonra Quru Qoşunları Komandanlığına tabe olacaq?
- Bəli, Quru Qoşunları Komandanlığına tabe olacaq. Hava Hücumundan Müdafiə Qoşunlarımız var. Onlar ayrılacaq. Quru Qoşunları əsasən piyadalar və artilleriya qoşunlarından ibarətdir. Son illər Azərbaycan ordu arsenalına dronlar daxil olduğundan, Hava Hücumundan Müdafiə Qüvvələri də ayrı güc olacaq. Azərbaycan müstəqil dövlətdir, Ermənistan deyil ki, onun sərhədlərini Rusiya qorusun. Sərhədimizi biz özümüz qoruyacağıq. Ona görə də belə qoşun növlərini yaratmaq lazım idi.
- Buna qədər nədən Quru Qoşunları ayrıca qoşun növü kimi yaradılmamışdı?
- Mən bunu bilmirəm, ancaq ehtimal edirəm ki, Nəcməddin Sadıkov imkan vermirmiş. Düşünürəm ki, Nəcməddin informasiya daşıyıcısı olduğundan, onu Azərbaycandan kənara buraxmazlar. Nəcməddin yüksək vəzifəli hərbçi olub. Şübhəsiz ki, Azərbaycanın gələcək hərbi strateji planlarına dair onun məlumatı var. Azərbaycandan onu buraxmayacaqlar. Eləcə də, müdafiə nazirini, onun müavinlərini. Çünki yeni strategiyanı onlar bilir. Əvvəlki nazirlər sərbəst gedib-gələ bilirlər. Çünki o dövrdəki strategiya dəyişib.
- Biz təyinatlara və struktur dəyişikliklərinə baxıb deyə bilərikmi Azərbaycan Ordusu sovet sistemindən tam xilas olur?
- Bəli, artıq ordumuz sovet sistemindən qurtulub, Türkiyə ordu modelinə keçdi. Prezident bunu dedi və etdi. Mən inanıram ki, bu generalların hamısı Türkiyə ordu modelini gözəl bildiyindən bizim ordumuz daha da təkmilləşəcək, yüksək səviyyədə döyüş qabiliyyəti formalaşacaq. Hesab edirəm ki, Nəcməddin Sadıkovun ordu ilə münasibətləri bitdi. Hələ onu çox şey gözləyə bilər. Tərtər hadisələrilə bağlı da onun adı hallanır. Hələ sabah nələrin olacağını bilmək olmaz. Bu, daha çox hüquq-mühafizə orqanlarının aparacağı işdən asılıdır.
Əslində, orduda əsl hərbçilər çoxdan bu anı gözləyidilər. Kim kimdir, bunu gözəl bilirlər. Mən bir neçə generalla söhbət etmişəm. Yeni təyin olunan Kərim Vəliyev çox məlumatlıdır. Dəqiq bilir ki, kim kimdir. Ona görə daxili struktur dəyişiklikləri sürətlə gedəcək. Bu gözləniləndir.
- Sizcə, Azərbaycan Ordusunda son təyinatlardan narahat olan, buna etiraz edən böyük güclər varmı?...
- Etirazlar ola bilər, ancaq bunlar boş şeydir. Biz heç kimlə məsləhətləşmirik. Bir neçə ölkənin mətbuatını izlədim. Bu mövzuya xüsusi diqqət yetirirlər. Ancaq bu, Azərbaycanın daxili işidir. Azərbaycan kimi hara təyin edər, özü bilər. Bu, Azərbaycan Prezidentinin səlahiyyətində olan məsələdir. Kimin nə deməsi bizim üçün maraqlı deyil. Azərbaycan artıq o mərhələni keçdi.
Artıq orduda böyük dəyişikliyi görürəm. Ciddi islahatlar gedəcək. Azərbaycan Ordusu yaxın bir ildə Türkiyə Ordusu səviyyəsində olacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar