Xəbər lenti
Son bir-iki ayda Azərbaycan-Ermənistan sərhədindən az qala hər gün atışma xəbərləri gəlir. Ermənistan ordusunun bölmələri Azərbaycan ordusunun sovet dövrü xəritələri əsasında ölkənin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinə çıxması və orada əlverişli mövqelərdə möhkəmlənməsi ilə barışmaq istəmir. Sərhədlərin delimitasiyasına və demarkasiyasına dair danışıqlar aparmaq, böyük sülh sazişi üzərində işləmək əvəzinə yeni eskalasiyaya əl atır.

O cümlədən son günlərdə Ermənistan hərbi rəhbərliyi yenidən davakar ritorikaya qayıdıb və “Azərbaycan ordusuna qarşı bütün vasitələrin tətbiq ediləcəyi” barədə lovğa bəyanatlar səsləndirir. Hərçənd bu cür lovğa bəyanatların və davakar ritorikanın, sülh danışıqlarını pozmağın 44 günlük müharibədən sonra hansı nəticələrə gətirib çıxardığını Ermənistanda gərək unutmasınlar.

virtualaz.org xəbər verir ki, ABŞ-ın nüfuzlu “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində Baltimor Universitetinin ictimai və beynəlxalq münasibətlər Məktəbinin direktoru, professor İvan Saşa Şixan da sərhəddə eskalasiyanın Paşinyan üçün “çox riskli strategiya” olduğunu yazır.

“Paşinyanın təkcə Qarabağda deyil, Ermənistanın bütün milli sərhədləri boyu daha çox rus çəkmələri göndərmək xahişi daha da militarizə edilmiş sərhədlər deməkdir, amma bu dəfə artıq üçüncü tərəfin də iştirakı ilə. Bu isə gərginliyi azaltmayacaq, əksinə, daha da artıracaq”,-amerikalı professor bildirir.

Müəllif qeyd edir ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibənin Rusiyanın vasitəçiliyi ilə dayandırılmasından səkkiz ay sonra bu iki ölkə arasında hərbi gərginlik yenidən artıb. Son həftələrdə hər iki tərəfdən itkilərlə nəticələnən döyüşlər baş verib və bu da yaxşı heç nə vəd etmir.

“Ötən ilin iyulunda Ermənistan tərəfdən başladılan analoji toqquşmalar da sərhəddə başlamışdı. Bunun ardınca dörd gün davam edən döyüş əməliyyatları başladı. İki ay sonra isə əsl müharibə. İndiki vəziyyət dünya liderlərinin təkcə sülhə çağıran sıradan bəyanatlarını deyil,  təxirəsalınmaz diqqətini tələb edir”,-professor Şixan bildirir. O qeyd edir ki, regional gərginliyi yumşaltmağın yeganə yolu Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyasıdır.

Müəllif yazır ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı və beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan Qarabağın itirilməsi ilə barışmalıdır. Professor Şixan vurğulayır ki, beynəlxalq liberal ictimaiyyətin Paşinyana olan ümidləri özünü doğrultmayıb və hakimiyyətə gələndən sonra məlum olub ki, o da başqa erməni liderləri qədər millətçidir, liberal deyil.

“Paşinyan başa düşür ki, Qarabağdan imtina satqınçılıqdır. Ancaq müharibəyə geri qayıtmaq da dağıdıcı nəticələrə gətirib çıxaracaq.  “Azərbaycan ötən ilki müharibədə özünün hərbi şücaətini qətiyyətlə nümayiş etdirdi. Onun ordusu indiki təmas xəttində ancaq ona görə dayandı ki, Moskva müharibəyə Ermənistan tərəfdən müdaxilə edəcəyi barədə xəbərdarlıq etdi. Əgər bu olmasaydı Azərbaycan beynəlxalq səviyyədə tanınmış bütün ərazilərini geri qaytaracaqdı. Bunun əvəzində isə indi ərazilərinin bir hissəsi Rusiya sülhməramlılarının nəzarəti altına keçib”,-məqalədə deyilir.

 Professor Şixan qeyd edir ki, Paşinyan və erməni qüvvələri müharibə və sülh arasındakı orta yolla gedir-müharibəni başqa vasitələrlə davam etdirir. Sərhəd boyu aşağı intensivlikli atışmalar gərginliyi saxlamağa imkan verir, Qarabağ məsələsini hələ də gündəmdə saxlamaq və erməniləri yenidən bu ideyanın ətrafında birləşdirmək, ölkə içərisindəki qəzəbi xarici düşmənə yönəltmək cəhdidir.
“Paşinyan bilir ki, qış yaxınlaşır və münaqişə ilə yanaşı COVİD-19 ölkədə iqtisadi vəziyyəti daha da pisləşdirəcək. Diqqəti daxili problemlərdən yayındırmaq baş nazir üçün sağ qalmaq vasitəsidir. Lakin Paşinyan əsl sülhpərvər olsaydı belə bunun çətin ki, hansısa əhəmiyyəti olardı. Ermənistan siyasətində 90-cı illərin əvvəllərindən Qarabağ erməniləri söz sahibidir və orduda hələ də onların sözü keçir. Ona görə də Paşinyan hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı imzalayandan sonra ona qarşı hərbi çevriliş cəhdi oldu”,-müəllif yazır.
 

Professor Şixan vurğulayır ki, Paşinyanın sərhəddə eskalasiya strategiyası çox etibarsızdır və risklidir. Çünki müharibəyə geri qayıtmaq Azərbaycanın bütün Qarabağı geri almasına gətirib çıxarardı. Ona görə də Ermənistan üçün sülh ən uduşlu variantdır və bu yolla getsə Paşinyan Qarabağ ermənilərinin hüquqlarını da qoruyub saxlaya bilər, hansı ki, onların çoxu müharibədə bu ərazilərdən qaçıb gediblər.

Məqalədə deyilir ki, Paşinyan sülh razılaşmasına getməkdənsə öz ölkəsinin sərhədləri boyu rus çəkmələrini yerləşdirməyə çalışır, amma nəzərə almır ki, bu hərtərəfli sülh müqaviləsinin bağlanmasını əngəlləyə bilər. Sülh razılaşması olmadan isə Ermənistan daha zəif durumda olacaq. “Effektiv dövlət xadimi etiraf edərdi ki, dayanıqlı sülh üçün zaman yetişib. Əgər Paşinyan bunu görmürsə onun müttəfiqləri müdrik davranıb Ermənistan baş nazirini buna inandırmalıdır”,-professor Şixan yazır.
F.Məmmədov
virtualaz.org



Ana səhifəyə qayıt        Baxış: 3 584          Tarix: 11-08-2021, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma