Xəbər lenti

 
Ötən gün Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən işə başlayıb.
 
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı dünən Rusiya hökuməti yaymışdı.
 
Məlumata görə, Moskvada keçirilən növbəti görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
 
Görüşdə nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri və 2021-ci il yanvarın 11-də imzalanan Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub.
 
Bu ilin aprel ayında sonuncu toplantısı keçirilən üçtərəfli görüşlərin yenidən başlaması ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə Qarabağ ermənilərindən bu görüşə sərt təpkilər gəlib. Qondarma “DQR” “prezidenti”nin keçmiş müşaviri Tiqran Abramyan dünən keçirilən üçtərəfli görüş barədə sərt bəyanatla çıxış edib. Abramyanı ən çox narahat edən məsələ isə Qarabağ ermənilərinin separatçı tələblərinin ön şərt kimi irəli sürülmədən kommunikasiya əlaqələrinin açılması ehtimalıdır. Bunu öz separatçı iddialarının üzərindən xətt çəkilməsi kimi alqılayan erməni siyasətçi bildirib:


 
“Səhv etmirəmsə, sonuncu dəfə belə bir görüş apreldə keçirilmişdi və mayın 12-də Azərbaycanın Zəngəzur-Basarkeçər bölgələrinə hücumundan sonra bir sıra görüşlər dayandırılmışdı. Son günlər Azərbaycanın “işğalı” və sərhədin müxtəlif hissələrində “ölümcül təxribatları” fonunda regional blokdan çıxarmaq ətrafında danışıqların yenidən başlamasının səbəbi nədir? Bu, Azərbaycanın Ermənistanda təklif etdiyi gündəmin təsdiqləndiyini və Azərbaycan ordusunun Ermənistanın suveren ərazisində yerləşməsinə olmasına hakimiyyətin rəsmi Bakının ambisiyalarının məntiqini rəhbər tutduğunumu ifadə edir? Kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi, “Artsax”ın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və beynəlxalq səviyyədə tanınması məsələsi eyni paketdə olmalıdır. Moskvada keçirilən üçtərəfli görüş “Artsax” məsələsini cari danışıqlar gündəmindən çıxararaq, danışıqların Azərbaycanın qoyduğu ilkin şərtlərlə irəlilədiyini, Azərbaycanın dövlət maraqlarının müstəsna olaraq qəbul edildiyini göstərir”.
 
Qeyd edək ki, erməni siyasətçi hər nə qədər apreldən sonra görüşlərin təxirə salınmasını sərhədlərdə artan gərginliklərlə əlaqələndirsə də, səbəb qətiyyən bu deyildi. Əsl səbəb Ermənistanın növbədənkənar seçkilərə getməsi idi və Azərbaycan tərəfi danışıqları yeni hökumətlə aparmaq istəyirdi. Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev iyunda bunu açıq şəkildə bildirərək demişdi ki, Ermənistanda yeni hökumət formalaşandan sonra işçi qrupu öz fəaliyyətini davam etdirəcək.


Ana səhifəyə qayıt        Baxış: 5 077          Tarix: 18-08-2021, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma