Xəbər lenti

Sentyabrın 22-də Ermənistanən Müstəqillik günü ilə bağlı Minsk Qrupu ölkələrindən İrəvana göndərilən təbriklərdə bir neçə mühüm məqam diqqəti çəkdi.

ABŞ və Fransa liderlərinin adından göndərilən mətnlər demək olar, bir-brinin təkrarı idi. Məsələn, Baydenin təbrikində "ATƏT-in Minsk Qrupu çərçivəsində və digər regional formatlarda hökumətinizlə əl-ələ verərək, regional sabitliyi təmin etmək və münaqişəni həll etmək üçün çalışacağıq" cümləsini xırda redaktə ilə Makronun qeydlərində də görmək mümkün idi. Bundan başqa Paşinyana ünvanlanan məktublarda "hərbi əsirlərin" geri qaytarılmasına dəstək ifadə olunmuşdu.

ABŞ dövlət katibi Entoni Blinken isə təbrik mesajında qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla, regiondakı münaqişənin uzunmüddətli siyasi həlli ilə bağlı danışıqlarda tərəflərə kömək etməyə sadiqdir. O, Vaşinqtonun bütün məhbusların azad edilməsi və itkin düşənlərin axtarışı da daxil olmaqla, hərbi əməliyyatların humanitar nəticələrini aradan qaldırmağa hazır olduğunu qeyd edib
. Beləliklə, Qərbin əsas vurğusu Minsk Qrupunun yenidən aktivləşməsi və ənənəvi müzakirələrin bərpa olunmasıdır. Bakının mövqeyi nədən ibarətdir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Minsk Qrupu həmsədrlərinin Azərbaycana təzyiqi bir qədər artıb. Onun sözlərinə görə, ABŞ və Fransa oyundankənar vəziyyətdə qalıblar və Rusiya qədər olmasa da, Qarabağla bağlı danışıqlarda iştirak etmək istəyirlər: "Moskvanın Vaşinqton və Parislə münasibətlərində bəlli gərginlikləri olsa da, Kreml bölgədə Türkiyəni sıxışdırmaq məqsədilə həmsədrlik instutunun canlanmasına dəstək verir. Üstəgəl həmsədrlər öz aralarında tez-tez görüşür və yenidən oyuna kollektiv şəkildə qayıtmaq üçün müzakirələr aparırlar, o biri tərəfdən ABŞ-ın Ermənistandakı səfiri az qala hər həftə “Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb” tipli açıqlamalar verir, Konqresdə Azərbaycan əleyhinə sənəd üzərindən iş gedir və s".

Politoloq Azərbaycan Prezidentinin həmsədrlərə bəlli mesajını dəfələrlə çatdırdığını xatırladır:

"Birincisi, Qarabağ münaqişəsi başa çatıb, demək müzakirə ediləsi mövzu yoxdur.

İkincisi, Azərbaycan “status” məsələsini müzakirə etməyəcək, bu mövzu da rəsmi Bakı üçün müharibədən sonra bitib.

Buna baxmayaraq, həmsədrlər dediklərindən dönmürlər və fəaliyyətlərini qaldıqları yerdən davam etmək istəyirlər. Həmsədrlər Bakıya gəlib nəyi müzakirə edəcəklər? Əgər prezident münaqişənin bitdiyini və statusu müzakirə etməyəcəyini vurğulayırsa, həmsədlərə müzakirə üçün hansı mövzu qalır?

Həmsədrlər Azərbaycanla Ermənistan arsında süls sazişinin mətnini, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması mövzularını müzakirə etmək istəyərlərsə, bu Azərbaycan üçün optimal variant sayıla bilər. Ancaq onlar Qarabağ mövzusundan kənara çıxmaq istəmirlər".

Elxan Şahinoğlu vurğulayır ki, belə olan halda bizim iki yolumuz qalır: "Ya onların səfərləri zamanı təkliflərini dinləyib qeyri-müəyyən “dəyərləndirərik” cavabı ilə hər dəfə Bakıdan yol salmaq, ya da qəti addım ataraq Minsk Qrupunun fəaliyyətindən imtinamızı rəsmən bəyan etməkdir. İkinci qərarı verməyə hazırıqsa, bizə qarşı bir müddət təzyiqlərə hazır olmalıyıq. Ancaq daha sonra bizdən əl çəkəcəklərini proqnozlaşdırmaq olar, necə ki, “Qarabağda muzdlular savaşır” saxta tezisini aylarla təkrarladıqdan sonra gerçəklikdən uzaq olduğunu anlayaraq unutdular. Rusiya həmsədrlik institutu olmadan da keçinə bilər, onsuz da təkbaşına vasitəçidir. Vaşinqton və Paris narazı qalacaq, bir müddət əleyhimizə müxtəlif bəyanatlar yayımlayacaqlar. Ancaq bir müddət sonra duruma alışacaq və bölgənin əsas dövlət Azərbaycanla tərəfdaşlığı ikitərəfli əsasda davam etdirəcəklər. Bununla da beynəlxalq aləm anlayacaq ki, Qarabağ mövzusu bitib və Azərbaycan üçün azad olunmuş bölgələrdə minaların təmizlənməsi və quruculuq işləri əhəmiyyətlidir, kim qoşulmaq istəyirsə, buyursun..."

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 508          Tarix: 24-09-2021, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma