Xəbər lenti

 
“Azərbaycan və İran Xarici İşlər nazirlərinin dünən baş tutan telefon danışığında iki dövlət arasındakı ixtilaflara son qoymaq və dialoq yolu ilə problemləri həll etmək qərarına gəlinməsi müsbət addımdır. Könül istərdi ki, həmin danışıqda əldə olunan razılaşmalar sözdə qalmasın və reallıqda da həyata keçirilsin”.
 
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
 
İlyas İsmayılovun fikrincə, münasibətlərin normallaşması üçün hər iki tərəfin atacağı mühüm addımlar var: “İlk addım tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmət etməsidir. Heç bir dövlət qonşusunun ərazi bütövlüyünü bərpa etməsini özünün qırmızı cizgisi hesab edərək mehriban münasibətlərin qorunmasına bel bağlaya bilməz. Çünki torpaq bütünlüyü hər bir ölkənin ən yüksək dəyəridir. Burada söhbət təkcə siyasi dəyərdən də getmir. Bilirsiniz ki, həm Azərbaycan, həm də qardaş İran xalqı torpağa təkcə aqrar əhəmiyyətli varlıq kimi baxmır, ona ana deyib mənəvi dəyər verir. Üstəlik, hər iki dövlət tarixən eyni vətənin müxtəlif parçaları olublar. İranın hər qarış torpağı bizim üçün nə qədər əzizdirsə, bizim də torpağımız İran üçün o dəyərdə olmalıdır və xalq nəzdində elədir də. Odur ki, İran rəsmiləri Azərbaycanın ərazilərini işğaldan azad etməsini özlərinin qırmızı cizgisi adlandırıb buna qarşı çıxmamalıdır. Əksinə, öz tarixi torpağı olduğu həqiqətini unutmamalı və bunu İranın da mənəvi məsuliyyəti kimi qiymətləndirməlidir. Ən azı ona görə ki, bizim ortaq mentalitetimizdə tarixi torpaqlar xalqın namusu kimi qiymətləndirilir və onun uğrunda istənilən fədakarlığa gedilir. Azərbaycan ictimaiyyəti də öz növbəsində İranın səhvinə eyni xətaya düşərək cavab verməməli, bu ölkənin ərazisinin parçalanması barədə fikirlər səsləndirməməlidir. Çünki parçalanmasını istədiyimiz ərazilər Azərbaycan xalqının dədə-babalarının qanlar tökərək qurduğu və bugünlərə gətirib çıxardığı vətənimizin bir parçasıdır və həmin ərazilərdə 40 milyon soydaşımız yaşayır. Biz bu ölkənin siyasi hakimiyyətini və onun apardığı siyasəti bəyənməyə bilərik. Sirr deyil ki, İranın özündə də bunu bəyənməyən insanlar var və bu, dövlətin daha yaxşı inkişafı arzusundan doğur. Bu arzu dövlətlərin ərazi bütövlüyü çərçivəsində qalmalı, hər kəsin azad, firavan, hər cür milli və bəşəri hüquqlarından faydalanaraq yaşaması prinsipinə söykənməlidir”.


 
İlyas İsmayılovun fikrincə, tərəflər bir-birinin konstitusion quruluşuna da hörmətlə yanaşmalı və bu istiqamətdə real fəaliyyət ortaya qoymalıdır: “İstənilən dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə yalnız onun vətəndaşları qərar verə bilərlər. Başqa dövlətlər bu işə qarışmamalı, özünün ideoloji dəsti-xəttini, siyasi arzularını zorla qonşusuna təlqin etməməli, onun konstitusiyasına zidd siyasi-ideoloji fikirləri ixrac etmək düşüncəsindən uzaq dayanmalıdır. Nə yazıq ki, biz İrandan gözlədiyimiz bu davranışı görə bilmirik. İran hakimiyyəti Azərbaycana siyasi islam düşüncəsini empozə etməyə çalışır və qurduğu bəzi təşkilatlar vasitəsilə ölkəmizdə hərc-mərclik yaratmağa səy göstərir. Bu gün İranda məskunlaşmış “ideoloji legionerlər” Azərbaycan xalqını üsyanlara, qiyamlara çağırır. Həmin legionerlər ölkəmizdə törədilən bir çox cinayətlərdə barmaqlarının olduğunu gizlətmir, dövlət adamlarımıza qarşı terror aksiyaları hazırlaya biləcəklərini vurğulayırlar. Əlbəttə ki, ölkəmizin konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlik bu cür ritorikalar və terrorçuluğa, üsyanlara çağırışlar iki dövlət arasındakı münasibətləri pisləşdirir. Ümidvaram ki, İran dostluq münasibətlərinin qurulmasındakı səmimiyyətini əməli işi ilə təsdiqləyəcək və ölkələrimiz arasındakı tarixi dostluğa xələl gətirən, bununla da düşmən dəyirmanına su tökən həmin vətəndaşlarımızı Azərbaycana təhvil verəcək. Ən azı ona görə ki, bu adamlar beynəlxalq axtarışdadır və İran həmin şəxslərin fəaliyyətini adekvat cəzalandıraraq, düşmənlərinin onun barəsində yaratmağa çalışdığı terroru dəstəkləyən dövlət imicini yox etməkdə maraqlı olmalıdır”.


 
Partiya sədrinin fikrincə, İranla Azərbaycan arasında tarixi, mədəni, siyasi, iqtisadi əməkdaşlıq perspektivləri var və hər iki ölkə bu potensialından istifadə edərək böyüyə, dünya dövlətləri arasında layiq olduğu mərtəbəyə yüksələ bilər: “Bilirsiniz ki, İran bir çox beynəlxalq güc mərkəzləri tərəfindən tam blokadaya düşmüş vəziyyətdədir. Həmin güc mərkəzləri İranın ətrafını düşmən dövlətlərlə əhatə edib, onu çökdürməyə çalışırlar. Bir tərəfdən, Əfqanıstanda İrana düşmən olan Talibanı hakimiyyətə gətirdilər və İranın Cənubi Asiyaya açılan qapısını bağladılar. İranın şərqindəki digər dövlətlərlə də münasibətləri ürəkaçan deyil. Əfqanıstandakı hakimiyyət dəyişikliyi ilə İranın şərqdən mühasirəyə alınması prosesi tamamlanmış oldu. Ölkənin qərbindəki körfəz ölkələri isə əvvəldən İranla düşmən mövqedədirlər. İranın cənubdan və qərbdən yalnız İraq və Türkiyə ilə münasibətləri yaxşı idi. İraqda son seçkilərdə İrana bağlı qüvvələr böyük məğlubiyyətə uğradı və yəqin ki, qurulacağı gözlənilən yeni hökumət nəticəsində iki ölkə arasındakı mehriban münasibətlər də böyük ölçüdə zərər görəcək. Dərd burasındadır ki, İranla Türkiyə arasındakı əlaqələri də Tehranın son zamanlar Azərbaycanla bağlı yürütdüyü siyasət arzuolunmaz hala gətirib. Artıq iki dövlət arasındakı sərhəd qapıları bağlanıb və qəribədir ki, bunu İranın özü edib. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə İranın qeyri-adekvat münasibəti ölkənin şimal qapılarını da onun üzünə bağlaya bilər. Beləcə, hər tərəfdən təbii blokadaya düşən İranın bütün nəfəsliklərinin kəsilməsi planlaşdırılır və sanki Tehrandakı bəzi qüvvələr də qəsdən buna çalışırlar. Özünütəcrid halı isə heç bir dövlətə fayda gətirməyib və gətirməz. Hesab edirəm ki, İran bu amilləri nəzərə alıb xarici siyasətində bəzi korrektələr etməlidir”.


 
İranın xarici siyasətində ən ciddi səhvinin Türk dünyasına münasibət olduğunu vurğulayan İlyas İsmayılovun fikrincə, Tehran yeni reallıqları düzgün qiymətləndirməli və buna uyğun hərəkət etməlidir: “Bilirsiniz ki, İran Zəngəzur dəhlizinə Türk dünyası arasında bağlantının yaranmaması üçün qarşı çıxır və bunu gizlətmir də; İranın rəsmi saytları və dövlət adamları bunu açıq dilə gətirirlər. Halbuki, dünyada Türkiyədən sonra ən çox türklərin yaşadığı ölkə İrandır və bu kimliyini özünün avantajı kimi istifadə edərək artıq yaranmaqda olan Türk Birliyinə qoşulmalıdır. Bununla da həm özü ətrafında xarici güc mərkəzlərinin yaratmağa çalışdığı blokada həlqəsini yara və dünyaya açıla, həm də təhlükəsizliyini qoruya bilər. İran isə nədənsə bu fürsətdən faydalanmaq yerinə, sonuncu nəfəsliyini də özü bağlamağa çalışır”.


Ana səhifəyə qayıt        Baxış: 5 999          Tarix: 13-10-2021, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma