Xəbər lenti

 
 
İranın Azərbaycana “şirquyruqlu şillə” mesajı verməsindən DTX-nın irançı qüvvələrə qarşı başlatdığı əməliyyatlarının ardınca Gürcüstanın da eyni xətti tutacağı ehtimal edilir.
 
Ovqat.com-un məlumatına görə, Gürcüstan DTX-nın rəisi Qriqol Liluaşvilinin İran İslam Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Əkbər Qasemi Əliabad ilə görüşünü ancaq belə qiymətləndirmək olar. 
 
Gürcüstan DTX-nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüş zamanı tərəflər Gürcüstanda və regionda təhlükəsizlik mühitini müzakirə ediblər. Qriqol Liluaşvili tərəf müqabilinin diqqətinə çatdırıb ki, “çoxsaylı çağırışlar fonunda ölkədə təhlükəsizlik mühitinin qorunması Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti üçün çox vacibdir”.
 
Gürcüstan DTX bu görüşün sadəcə fikir mübadiləsi xarakterli olduğunu bildirsə də, bu əsaslandırma qətiyyən inandırıcı görünmür. Nədən ki, istənilən dövlətin başqa ölkədəki səfirliyinin müxəttabı qətiyyən DTX ola bilməz. Dövlətlər arasındakı münasibətlər, o cümlədən təhlükəsizlik məsələləri yalnız səfirliklərlə XİN arasında aparılır. Məhz bu səbəbdən də səfirliklərdə hərbi və təhlükəsizlik məsələləri üzrə atteşələr fəaliyyət göstərir. Onlar lazım olanda XİN-dəki müvafiq strukturlarla görüşüb ölkələri narahat edən məsələləri birgə müzakirə edirlər. Gürcüstanda isə DTX-nın İran səfirini söhbətə çağırması və görüşdə regional təhlükəsizlik məsələlərinin masaya yatırılması yalnız bir halda mümkündür: rəsmi Tbilisi İrana olduqca vacib mesajlar verib və ya xəbərdarlıq edib.


 
Qeyd edək ki, İran özünün Azərbaycandakı artıq bağlanmış olan Mədəniyyət Mərkəzi vasitəsilə yalnız bizim ölkəmizdə deyil, həm də Gürcüstan müsəlmanları arasında radikal şiə ideologiyaları yayır, dolayısıyla onları da siyasi-məzhəbi mübarizəyə təşviq edir. Mərkəzin rəhbəri Seyid Əliəkbər Ocaqnejadın rəsmi bioqrafiyasındakı bu cümlələr də bütün Qafqaz, o cümlədən Gürcüstan üzrə fəaliyyət göstərdiyini təsdiqləyir: “Höcəttülislam Ocaqnejad 1375-ci ildən Bakıdakı İİR-nın Mədəniyyət Mərkəzini saxlamaqla, Azərbaycanda Vəliyyi Fəqihin nümayəndəsi təyin olunaraq belə böyük bir vəzifəni və məsuliyyəti də öz öhdəsinə götürdü. Hal-hazırda bu istiqamətdə Qafqazda mövcud həmsərhəd ölkələrdə, şiə əhalinin çox olduğu ərazilərdə öz vəzifəsini icra edir”. 
 
Bu sətirlərdən də aydın olur ki, Ocaqnejad İranın həm də Gürcüstandakı agenturasının şefi idi. Onun ölkəmizdən qovulması, ardınca da Azərbaycan MTN-nin müxtəlif əməliyyatlar keçirərək İran agentura sistemini çökdürməsi, təbii ki, qonşu dövlətlə də bağlı məxfi məlumatların üzə çıxması ehtimalına yol açır. Mümkündür ki, Gürcüstanla Azərbaycan arasında bağlanmış müvafiq sənədlərə əsasən, rəsmi Bakı İran Mədəniyyət Mərkəzindən və çökdürdüyü agentura şəbəkəsindən əldə etdiyi məlumatları Tbilisiyə də ötürmüş ola bilər. Ən azı ona görə ki, qonşu dövlətdə hazırlanan və həyata keçirilən istənilən təxribat hadisəsi ilk növbədə ordakı Azərbaycanlıları və nəticə etibarilə ölkəmizi təhdid edir. Gürcüstan MTN-nin Azərbaycandakı məlum əməliyyatlardan sonra İran səfirini idarəyə çağırması da bu ehtimalı qüvvətləndirir. Bütün hallarda səfirin XİN-ə yox, MTN-ə çağırılması Tbilisinin ona diplomat kimi yox, təhlükəsizliklə bağlı keçirilməsi planlaşdırılan əməliyyatların ən azı şahidi qismində yanaşdığını göstərir.


 
Nəzərə alsaq ki Gürcüstanda isə kifayət qədər ciddi müsəlman əhali yaşayır, bu amil İranın həmin ölkədə də ciddi təxribatlar törədə bilmək potensialına sahib olduğundan xəbər verir. Məlumatlara görə, bu ölkədə yaşayan Azərbaycanlıların sayı 500 min, hətta daha çoxdur. Bundan əlavə ölkədə Ləzgilər, Axıska Türkləri, Acarlar və s. etnik qruplar da var. Üst-üstə götürəndə 4 milyonluq Gürcüstanın ən azı 1 milyon vətəndaşının müsəlman olduğu bildirilir. Üstəlik, bu müsəlmanlar arasında sünnülər də az deyil. İranın yaydığı zərərli radikal şiəçilik düşüncəsi istər-istəməz ölkədəki müsəlmanlar arasında xoşagəlməz gərginliklərin yaranmasına, sosial stabilliyin pozulmasına yol aça bilər. Ocaqnejada bağlı qrupların həmin müsəlmanlar arasında ciddi işlər apardığı və onları təşkilatlandırdığı barədə də məlumatlar dolaşır. Yəni İran Qafqazda dinc durmur, hər an bölgəni gərginlik ocağına çevirməyə çalışır. Xüsusilə də, Azərbaycan DTX-nın İran təxribatçılarına qarşı başlatdığı  mübarizə fonunda bu ehtimal olduqca real görünür.


 
İran Gürcüstandakı fəaliyyətini əsasən “Alulbeyt” Mərkəzi adlı qurum vasitəsilə yürüdür.  Zaman-zaman konfranslara və dini tədbirlərə ev sahibliyi edən “Alulbeyt” Mərkəzində ötən gün də bənzər toplantı keçirilmişdi. Məhəmməd peyğəmbərin mövluduna həsr olunmuş konfransda din xadimləri, elm və ictimaiyyət xadimləri ilə yanaşı, səfirlik nümayəndələri də  iştirak etmişdilər. Maraqlıdır ki, konfransdan dərhal sonra Gürcüstan DTX İran səfirini hüzurlarına çağırıb, onunla ölkədə və regionda təhlükəsizlik məsələləri ilə bağlı söhbət aparıb. Görünən budur ki, İran səfirliyinin Gürcüstanda fəaliyyəti ölkənin xüsusi xidmət orqanlarının narahatlığına yol açıb və bu cür söhbətə ehtiyac duyulub. 
 
Onu da xatırladaq ki, Tbilisi bir müddət əvvəl bu ölkəyə səfər edən İran vətəndaşlarına sərhədlərini bağlamış və Gürcüstanda yaşayan iranlıları da deportasiya etmişdi. Bu da Tbilisinin İrandan gələn təhlükələrə olduqca həssas yanaşdığını göstərir.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 336          Tarix: 22-10-2021, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma