Xəbər lenti


Noyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qarabağ zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” adlı konfrans keçirilib. Konfransda açılış nitqi ilə çıxış edən BMTM-in idarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, müharibədən sonra regionda vəziyyəti müzakirə etmək, tövsiyələr hazırlamaq vacibdir. Onun sözlərinə görə, mərkəz belə müzakirələri və hesabatları xüsusilə xarici tərəfdaşlarla həyata keçirir, lakin daxili akademik potensial imkan verir ki, fikir mübadilələri yerli təşkilat və institutlarla da birlikdə aparılsın.

Bakı Slavyan Universitetində rektorun səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev tədbirin təşkili üçün minnətdarlığını bildirib. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra regionda əməkdaşlıq üçün yaranan yeni imkanlar və mümkün ola biləcək təhdidlərin akademik səviyyədə də müzakirəsi labüddür. 

Fərid Şəfiyevin moderatorluğu ilə “Müharibə sonrası regionda geosiyasi vəziyyət”  adlı panel müzakirələri başlayıb. Müzakirələrdə çıxış edən BMTM-in şöbə müdiri Cavid Vəliyev bildirib ki, Azərbaycanın əldə etdiyi qələbədən sonra qarşıda duran vəzifə regionun gələcəyinin necə qurulması ilə bağlıdır. Onun sözlərinə görə, bununla əlaqədar Azərbaycan və Türkiyə təşəbbüsü ələ alaraq regionda yeni əməkdaşlıq imkanları təklif edib. Cavid Vəliyev əlavə edib ki, müharibə zamanı və müharibədən sonra Azərbaycan və Türkiyənin regionda diplomatik üstünlüyü davam edir və bu da hər iki ölkənin ciddi hazırlığı ilə bağlıdır. 



BMTM-in şöbə müdiri Fuad Çıraqov Qərbin müharibədən əvvəl və müharibədən sonra Azərbaycana münasibətini təhlil edib, həmçinin  Azərbaycan münasibətdə sərgilənən ikili standartların səbəblərini izah edib. Bununla yanaşı o, Qərbin Azərbaycana neqativ təsirlərini neytrallaşdırmaq üçün atıla biləcək addımlar barədə danışıb. 

BSU-nun müəllimi Ləman Qarayeva region və regiondan kənar böyük güclərin Cənubi Qafqazda maraqları barədə məlumat verib. O xüsusilə Fransa, ABŞ, İran Rusiya və Türkiyənin kimi ölkələrin hansı maraqlardan çıxış etdiyini sadalayıb. 

Daha sonra BSU-da rektorun səlahiyyətlərinin icra edən Anar Nağıyevin moderatorluğu ilə “Regionda əməkdaşlıq perspektivləri” adlı ikinci panel müzakirələri başlayıb. Əvvəlcə çıxış edən BMTM-in eksperti Orxan Bağırov Zəngəzur dəhlizinin regional ölkələrin inkişafı üçün yaratdığı imkanlar barədə təqdimatla çıxış edib. O bildirib ki, bu layihənin reallaşması Cənubi Qafqazın beynəlxalq nəqliyyat sisteminə qoşulmasında böyük rola malikdir. 

BSU-nun müəllimi Şəhla Nuruzadə təklif edilən 3+3 formatının region üçün əhəmiyyəti barədə danışıb və bildirib ki, bu format gələcəkdə sabit əməkdaşlığa yol açan və gələcəkdə münaqişələrin baş qaldırması riskini azaldan bir formatdır. Lakin o əlavə edib ki, Ermənistan revanşist çıxışlardan, Azərbaycan Türkiyə və hətta Gürcüstana qarşı ərazi iddialarından və uydurma “erməni soyqırımı” iddialarından imtina etməyincə əməkdaşlıq formatında iştirakı mümkün deyil. 

Sonda BSU-nun müəllimi Zümrüd Məlikova Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıb və qarşıya çıxan çətinliklər barədə məlumat verib. 

Müzakirələrin sonunda tədbirə yekun vurulub. 


Ana səhifəyə qayıt        Baxış: 3 498          Tarix: 2-11-2021, 06:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma