Xəbər lenti

Hələ iki gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycan tərəfinin onlara xəbərdarlıq etdiyini bildirib.

Söhbət Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində Azərbaycanın gömrük postları və sərhəd prosedurlarını həyata keçirəcək nəzarət-buraxılış məntəqəsi quraşdırmasından gedir. Prosesin noyabrın 11-dən başlandığı bildirilir. Bu, o deməkdir ki, artıq Ermənistan vətəndaşları da bu yoldan istifadə etmək üçün (əgər etsələr-red.) Azərbaycan qanunlarının tələb etdityi prosedurlardan keçməlidirlər. Lakin məlum məsələdir ki, postların qurulmasıyla ermənilər həmin yoldan istifadəni dayandırmağa məcbur olacaqlar. 

Artıq xeyli müddətdir ki, Azərbaycandakı bir çox siyasətçilər və politoloqlar Laçın dəhlizində də Azərbaycanın gömrük postu və sərhəd nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını təklif edirlər. Xüsusilə də Ermənistanın 10 noyabr sazişində göstərilənlərin əksinə olaraq Zəngəzur dəhlizinin açılması vədindən yayınmağa çalışması, bu prosesi müxtəlif bəhanələrlə uzatması, eləcə də sərhədlərin müəyyənləşdirilməsi və Ermənistan ordusunun Qarabağdan çıxarılması, separatçıların tərkisilah edilməsi kimi məsələlərdə heç bir ciddi addım atmaması Azərbaycan tərəfinə Laçın dəhlizində öz suverenliyini bərpa etməsinə, sözügedən nəzarət-buraxılış məntəqələrini quraşdırmasına tam hüquqi əsas verir. Çünki sazişin tərəflərindən biri öz öhdəliklərini yerinə yetirmirsə, digəri də nədən buna uyğun adekvat addım atmaq haqqına malik olmamalıdır?
Əvvəlcə Azərbaycana Zəngəzur ərazisində dəmir yoluna paralel olaraq avtomobil yolu da veriləcəyini bəyan edən Ermənistanın Baş naziri Nikol Paşinyan sonradan deyib ki, öncə hazırda iki ölkə ərazisindən keçən mövcud yolların potensialından istifadə olunmalıdır, sonra isə “lazım gələrsə və ehtiyac olarsa”(!), digər marşrutların çəkilişi həyata keçirilə bilər. Ötən gün isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində deyib: “Əgər Azərbaycana yalnız Naxçıvana yol lazımdırsa, Xindzoresk-Biçənək yolundan istifadə etmək məqsədəuyğundur. Əvəzində biz də Xindzoresk-Horadiz yol hissəsini alacağıq. Lakin bu məsələlər hələ müzakirə olunur”.
Göründüyü kimi, söhbət Azərbaycanın haqlı olaraq tələb etdiyi və 10 noyabr sazişində nəzərdə tutulanların əksinə olaraq, hər hansı dəhlizdən yox, sadəcə mövcud olan yollardan istifadəyə icazə verilməsindən gedir. Hələ bunun özü də minnətlə, “hələ müzakirə olunur” ibarəsi ilə təqdim olunur... 

Onu da nəzərə alaq ki, Azərbaycan 10 noyabr sazişində Laçın dəhlizində hərəkətin təhlükəsizliyinə təminat verib. Ancaq həmin istiqamətdə sərhəddə beynəlxalq hüququn bizə verdiyi ixtiyardan yararlanaraq nəzarət postlarının qurulması bu yolun təhlükəsizliyinə heç bir xələl gətirməyəcək, yəni Azərbaycan öz vədindən geri çəkilmiş sayılmayacaq. Əksinə, buradan qanunsuz hərbi birləşmələrə aid silahlıların, silah-sursatın və s. keçirilməsinin qarşısını alacaq, eləcə də Rusiya sülhməramlılarının fəaliyyətinə hər hansı maneə törətməyəcək, çünki bu postların özü də regionun təhlükəsizliyinə xidmət etmiş olacaq.

Maraqlıdır ki, artıq Rusiya politoloqları arasında da Laçın istiqamətində Azərbaycanın nəzarət-buraxılış məntəqəsi quraşdırması perspektivi barədə fikir yürüdənlər və hətta bunun yaxın müddətdə baş verəcəyini proqnozlaşdıranlar var.
“AzPolitika.info” xəbər verir ki, bu mövzuyla bağlı erməni mətbuatına danışan rusiyalı politoloq Andrey Areşev bu gedişlə Azərbaycanın Gorus-Qafan yolundan sonra Laçın dəhglizində də gömrük və digər nəzarət-buraxılış məntəqələri quraşdıracağını deyib. Ermənipərəst mövqeyilə seçilən politoloq hesab edir ki, Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı “anlaşılmaz mövqeyi” Azərbaycanın bu addımı atmasına şərait yaradır: “Düşünmürəm ki, bu mövzunun açılması (Zəngəzur dəhlizi-red.) Rusiya və İran üçün sərfəlidir. Lakin Bakının əlində ciddi “kozır” var və o, bundan mütləq istifadə edəcək. Söhbət Sünikdən (Zəngəzur-red.) hərəkətin açılması məsələsinin uzadılacağı təqdirdə Azərbaycanın Laçında özünün sərhəd və gömrük buraxılış məntəqələrini açmaq niyyətindən gedir. Burada da mürəkkəb razılaşdırma prosesi gedəcək. Və bütün bunlar Ermənistan rəhbərliyinin bacarıqsızlığı şəraitində baş verir...”

Göründüyü kimi, hətta ermənipərəst politoloq da Ermənistanın cığallığının və 10 noyabr sazişinə riayət etməməsinin Azərbaycana Laçın dəhlizində nəzarət-buraxılış məntəqələri quraşdırması hüququ verdiyini etiraf edir. Azərbaycan tərəfinin istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı dövrdəki qətiyyətli mövqeyi isə Laçın dəhlizində də onun Gorus-Qafan yolunda olduğu kimi davranacağına ümid yaradır. Özü də buna ölkəmizin həm hüquqi, həm mənəvi və həm də digər istənilən aspektlərdən tam haqqı və gücü çatır. Və yəqin ki, Ermənistanın prosesi uzatmaq, vaxt qazanmaq cəhdləri davam edərsə, buna cavab olaraq, Azərbaycan tərəfi rusiyalı politoloqun da dediyi kimi, əlində olan imkandan mütləq istifadə edəcək...



Ana səhifəyə qayıt        Baxış: 4 440          Tarix: 12-11-2021, 15:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma