Xəbər lenti
21-01-2025, 19:46

Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulu 8 Noyabr – Zəfər Günü və Şuşanın işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, 8 Noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın haqq savaşında Ermənistan və onun himayədarları üzərində qazandığı Zəfərin carçısı idi: “44 günlük Vətən Savaşında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi böyük mərkəzlərlə birlikdə 300-dən çox yaşayış məntəqəsi düşmənin işğalından azad oldu”.
Bəyanat müəllifləri qeyd edirlər ki, qəhrəman Azərbaycan Ordusunun zəfəri sayəsində Güney Qafqazı geopolitik durumu da dəyişdi: “Dövlət və millətimizin ruh yüksəlişi bölgənin bundan sonrakı bütün siyasi gedişatına təsir edəcək müstəviyə qalxmış oldu. Şuşanın işğaldan qurtuluşu ilə Azərbaycan Türk Milləti və dövləti 200 illik ulusal zəfər həsrətinə son qoydu. Şuşanın qurtuluşu ilə ulusal bayrağımızın dalğalanma alanı yalnız Vətən sərhədlərində deyil, bütün dünya üzərində genişləndi. Dünyanın bir çox böyük mərkəzlərində yüz minlərlə soydaşımız əllərində dövlət bayrağı, dillərində isə dövlət himni meydanlara töküldü, 50 milyonluq Azərbaycan Türk Millətinin diaspora gücünü artırdı. Türkiyənin bütün sahələrdə qardaşlıq dəstəyi sərgiləməsi 44 günlük Vətən savaşı müddətində Türk varlığının necə dərin köklərə malik olduğunu hər kəsə göstərdi. Şuşanın azad olunması ilə 300 milyonluq Türk Dünyası dərindən sevindi”.

Bəyanatda tarixi Zəfərdən sonra İran hökumətinin Azərbaycana qarşı münasibətinə də toxunulur: “Azərbaycanın zəfərini qəbul etmək istəməyən Tehran rejimi bütün imkanlarını Ermənistanın çökməməsinə səfərbər etməklə çirkin anti-türk siyasətini aşkara çıxardı. Belə ki, coxsaylı qeyri-fars millətlər Qarabağın azadlığından sevinərkən fundamental farsçı rejim yas içində boğuldu, öncə silah-sursat dolu kamyonları ilə, sonra isə Azərbaycan Respublikasının sərhədlərinə qoşun toplamaqla Azərbaycana düşmənçiliyini dünyaya göstərdi. İran rejiminin əksinə olaraq, Azərbaycanın Güneyində tam bir milli zəfər küləyi əsirdi. ”Biz Azərbaycan tərəfində deyilik, Biz Azərbaycanın özüyük!” “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar farsçı mollalar, habelə irançı müxaliflər üçün ölümcül zərbə oldu. Azərbaycan Milli Hərəkatı Quzey Vətəni üçün sıralarından yüzlərlə məhbus verərək “bir Vətən, bir Azərbaycan” varlığını ortaya qoydu”.

Bəyanatın sonunda Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulu şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, Şuşanın azad olunmasının birinci ildönümü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla böyük Türk millətini və Azərbaycan xalqına təbrik edib.

Bəyanatı Əməkdaşlıq Quruluna daxil olan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Liberal Demokrat Partiyası, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) imzalayıb.
Azpolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 948          Tarix: 22-11-2021, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma