Xəbər lenti


Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
 
Ovqat.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon söhbətində Ukrayna, Belarus, Əfqanıstan, Liviya məsələləri ilə yanaşı, Azərbaycan və Ermənistan arasında son zamanlar yaranmış gərginlik də müzakirə edilib.
 
“Belarusun Aİ ölkələri ilə sərhədlərində vəziyyəti müzakirə edərkən hər iki tərəf miqrasiya böhranının beynəlxalq humanitar hüquq əsasında tezliklə həllinin vacibliyini vurğulayıb. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Almaniya Federal Kansleri vəzifəsini icra edən Angela Merkel ilə telefon danışıqlarında razılaşdırıldığı kimi, Avropa İttifaqı ilə Minsk arasında sistemli qarşılıqlı fəaliyyətin qurulmasının məqsədəuyğunluğu təsdiqlənib. Bu kontekstdə Vladimir Putin Avropa dövlətlərinin müntəzəm anti-Belarus sanksiyaları tətbiq etmək niyyətlərinin effektiv olmadığını diqqətə çatdırıb”, - deyə məlumatda bildirilib.
 
Çarlz Mişel miqrantlara qarşı zorakılığın qarşısını almaq və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən qaçmaq üçün Varşava ilə əməkdaşlıq etməyin vacibliyini vurğulayıb.
 
Məlumata görə, Ukraynadaxili münaqişə ilə bağlı fikir mübadiləsi zamanı nizamlanmanın əsası kimi Minsk Tədbirlər Paketinə alternativin olmadığı vurğulanıb. Rusiya prezidenti Ukrayna tərəfinin “təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatlarının davam etməsindən” narahatlığını bildirib. O, həmçinin Kiyevin beynəlxalq öhdəlikləri pozaraq rusdilli əhaliyə qarşı ayrı-seçkilik siyasətinə son qoymasının vacibliyinə toxunub.
 
Vladimir Putin Çarlz Mişelin xahişi ilə Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi əlaqələrin yenidən qurulması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində atılan addımlar barədə məlumat verib. 
 
Qeyd edək ki, sonuncu məsələnin Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır. 

Soçi görüşündən sonra isə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşməsi nəzərdə tutulur. Aİ-nin bu barədə yaydığı bəyanatda bildirilirdi ki, liderlər insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə xətti yaratmaq haqqında da razılıq əldə etmişdilər. Fikrimizcə, Aİ-nin bu təşəbbüsü hər iki dövlət liderlərinin Rusiyanın müdaxiləsindən kənarda münasibətlərini tənzimləməyə, bir növ Moskvanı ofsayta salmağa hesablanmışdı. Putinin məhz bu qədərdan sonra Azərbaycan və Ermənistan liderləri ilə Soçidə görüşmək təklifini irəli sürməsi təsadüfi deyildi. Soçi toplantısına 2 gün qalmış Avropa İttifaqı Şurasının prezidentinin Putinə zəng edib problemlə bağlı planını ilə maraqlanması da manidardır.



Ana səhifəyə qayıt        Baxış: 5 569          Tarix: 24-11-2021, 21:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma