Xəbər lenti


Keçən əsrin 1988-ci ilindən etibarən yenidən başlamış, 1994-cü il mayın 12-də imzalanmış Bişkek protokoluna əsasən elan edilmiş atəşkəs sazişinin hər gün pozulması ilə davam edən Qarabağ müharibəsi 27 sentyabr 2020-ci ildə təkrar alovlandı və ordumuzun “8 NOYABR QARABAĞ ZƏFƏRİ” ilə başa çatdı. Bununla da Azərbaycan xalqı bütün dünyaya Qarabağın Azərbaycan torpağı olduğunu və əbədi olaraq belə qalacağını qətiyyətlə göstərdi. Bu zəfərin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə mübarizəyə başlayan Azərbaycan ordusunun gücü, əzmi, iradəsi və bacarığı önəmli rol oynadı.   Dövlət, Ordu və Xalq birliyi qələbənin əsasını təşkil etdi. 

27 sentyabr 2020. Bu tarix Qarabağın işğaldan azad edilməsində dönüş nöqtəsi oldu. Düşmənin 30 il ərzində tikib möhkəmləndirdiyi istehkamlar Azərbaycan ordusunun gücü qarşısında tab gətirmədi. Qələbəmizi təmin edən çoxsaylı amillər sırasında yurd-yuvasından didərgin salınmış bir milyon qaçqın və köçkün ailələrində doğulub boya-başa çatmış çoxsaylı əsgər və zabitlərimizin azğın düşmənə xüsusi nifrətini də qeyd etmək olar. Onların çoxunun ata-babası yurd həsrətilə qərib ellərdə dünyalarını dəyişdilər. Onlar sağ qalanların yurd həsrətinə son qoymaq üçün ən müasir silahların çaxnaşdığı döyüş meydanlarında Şuşa fatehləri olaraq adlarını hərb tarixinin ən parlaq səhifəsinə yazdılar, şəhidlik zirvəsinə çatan Cəbrayıl Dövlətzadə kimi igidlərimizin düşməni yalın əllə boğub öldürmək şücaətini bütün dünyaya göstərdilər. 

Zəfərin zirvəsinə qalxan, 62 ermənini əsir götürüb uşaq kimi “Cücələrim” mahnısını oxudan gizir Emin Kərimov, dostunu şəhid edən erməninin əlini biləyindən qoparan Xüsusi Təyinatlı snayperçi Rasim Muxtarov, əzgərlərinə düşmənin formasını geyindirib savaşa atılan İlkin Rzaquliyev, erməni prokurorunun arvadını əsir götürən kəşfiyyatçı Ramiz Məmmədzadə, erməni polkovnikini öldürüb döyüşə onun silahı ilə başlayan “Qəqəni” ləqəbli Elçin Kazımov, 6 nəfərlə 37 erməni məhv edən “Dəli pekaşnik” ləqəbli könüllü Amid Salmanlı, şəhid oğlu, Şuşada düşmənlə əlbəyaxa döyüşən kəşfiyyatçı Ruslan Hüseynov, 7 ermənini birdəfəyə və təkbaşına öldürən baş leytenant Azər Həmidov və yüzlərlə, minlərlə xüsusi igidlik göstərərək vətən uğrunda mübarizə aparan Qazilərimiz sübut etdilər ki, qələbənin mayası heç bir qorxunun qorxuda bilməyəcəyi dəmir kimi sağlam, cəsarətli bir ürək və təmiz inancdır. 

Təbii ki, hər bir qələbənin ən böyük payı xüsusi igidlik göstərərək Şəhidlik zirvəsinə ucalanlarındır. General-mayor Polad Həşimov, palkovlik İlqar Mirzəyev kimi Azərbaycan Ordusunun şərəfli hərbçilərinin yetişdirdiyi “Murov aslanı” Sadiq Bağırzadə, “Hadrut fatehi” Camal İsmayılov, Həmdəm Ağayev, Surxay Noçuyev, Anar Əliyev, Ramiz Cəfərov, Musa Əsgərov, Əmrah Hüseynli, Sehran Vəliyev, Vüsal Vəliyev, Mehdi Şıxəliyev, Muxtar Qasımlı, Ruslan Əkbərli, Mühüd Orucov, Fərid Lillahov, Şamil Əliyev, Rasim Mustafayev, Abid Məmmədov, Əbdülrza Rəfibəyli, Alı Həsənli, Mirxəyal Kərimzadə, Elcan Abbasov, Elvin Məmmədov, Pərviz Gülmalıyev, Zaməddin Kərəmov, Fariz Babayev, İlkin Fərəcov, Səfa İsazadə və yüzlərlə belə təcrübəli zabitləri olan ordunun yenilməsi mümkün deyildi.     
Tanrının verdiyi bu rütbə ilə yüksələn qəhrəmanların birliyindən yaranan ordu ən şərəfli və ən yüksək mövqeyə sahib olan ordudur. 

Milli Ordumuzun təcavüzkar ermənilərə, onların havadarı olan işğalçı güclərə son və kəskin zərbəni vurmasını təmin etmək üçün yüksək hərbi peşəkarlıqla hazırlanmış hücum planlarının hamısı özünü doğrultdu. Düşmənin çox uzun xain əlləri kəsildiyinə görə bu planların və əməliyyatların məxfiliyi təmin edildi. İşğalçıların gözlənilmədiyi, beynəlxalq ictimaiyyətin diqqətinin başqa məsələlərə yönəldiyi bir vaxtda düşmən təxribatına cavab olaraq başlanmış hücumlar nəticəsində torpaqlarımızın qarış-qarış azad edilməsi dünyada da böyük heyrətlə qarşılandı. Savaşın ilk görüntüləri sübut etdi ki, torpaqlarının azad edilməsi  uğrunda heç nəyini əsirgəməyən Azərbaycanın XXI əsrin texnoloji müharibəsinə havadarlarının regiondakı ağalığına arxayın olan Ermənistan XX əsrin “dayandoldurum” silahları ilə cavab verməyə çalışır. 

Xüsusilə ermənilərlə əməkdaşlıq edən və onlara maddi -texniki dəstək verən Rusiya və Fransa türkə qarşı ənənəvi rəqiblik anlamına sığınaraq əlaltıları olan erməniləri vəziyyətdən çıxarmaq üçün döyüş bölgələrinə hər cür maddi, mənəvi, hərbi silah və sursat göndərdi. Lakin qəhrəman ordumuz bu yadelli qüvvələrin bütün cəhdlərini puç etdi. Onlar cəbhədə ermənilərin kütləvi fərariliyinin qarşısını ala bilmədilər. Qısa müddətdə ermənilər və yad güclər darmadağın edildi. Muzdluların yarısı həyatını itirdi, sağ qalanlar da Qarabağı tərk edərək geri çəkildi. Azərbaycan Ordusu ermənilərdən boşaldılmış mövqelərə girərək qısa müddətdə Şuşaya çatdı. Noyabr ayının 8-i Şuşanın ordumuz tərəfindən azad edilməsi xəbəri Bakıda və ölkənin digər bölgələrində böyük sevinc və atəşfəşanlıqla qarşılandı. Ordumuzun uğurla həyata keçirdiyi misilsiz Şuşa əməliyyatı dünyanın hərb tarixinə ən böyük cəsurluq nümunəsi olaraq unikal qələbələrdən biri kimi həkk edildi. Təsadüfi deyil ki, bu əməliyyat dünyanın aparıcı dövlətlərinin Baş qərargahlarında müzakirə mövzusu olan böyük kütləvi hərbi qəhrəmanlıq aksiyası kimi qiymətləndirildi. 

Bu qələbə vətənimizin dörd bir yanında, hər addımda küçələrə çıxan xalqımızın “Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Milli Ordumuz! Eşq olsun Azərbaycan əsgərinə! Azərbaycan Türkiyə birliyi daimidir!” böyük iftixarla səsləndirdiyi şüarlarla müşayiət olundu. Azərbaycan xalqı bu qələbədən sonra rahat nəfəs almağa başladı. 

10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədə görə Ermənistan faktiki kapitulyasiya edib işğal altında olan Ağdam, Kəlbəcər, Laçın rayonlarını müharibəsiz   və qeyd şərtsiz azad etsə də, Rusiya rəhbərliyi Xankəndi və yaxın ərazilərə öz silahlı birləşmələrini yeridə bildilər. Ancaq 5 illik müqavilə şərtlərinin pozulacağı təqdirdə, müzəffər Ali Baş Komandanın dediyi kimi, dəmir yumruq yenidən işə düşə bilər.

Savaş başlanan gündən Ali Baş Komandanın xalqa mütəmadi müraciətləri cəmiyyətin toparlanmasına, xalq-dövlət-ordu birliyinin daha da möhkəmlənməsinə xidmət etdi: “Əziz həmvətənlilər! İkinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub”. Əslində, Prezidentimiz bütün çıxışlarında və xarici telekanallara ardıcıl olaraq verdiyi müsahibələrində bu tarixi həqiqəti dünya ictimaiyyətinə böyük uğur və sanballa çatdırırdı. Düşmən cəbhəsində yaranmış panikanı gücləndirmək üçün dövlət başçımız bəzən sarkazmdan da istifadə edirdi: “Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi”, - deyərək, xalqı müharibənin dəhşətlərindən, şəhidlərin üzüntüsündən azacıq da olsa uzaqlaşdırır, ölkədə və döyüşən ordumuzda böyük ruh yüksəkliyi yaradırdı. 

Ali Baş Komandan öz çıxışları ilə Ordumuzun gücünə güc qatırdı: “Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır. İndi isə əziz xalqıma bəzi məlumatlar vermək istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edirəm.” Belə çıxışları ilə cənab Ali Baş Komandan müharibə dövrünün həm real statistikasını göstərir, həm döyüş meydanının həqiqi mənzərəsini yaradır, həm də müharibə leksikonunda qələbə faktorunun aparıcı tendensiyasını açıqlayırdı. Azad olunan şəhər, kənd və qəsəbələrin siyahısı ilə,   ələ keçirilən hərbi qənimətlərin siyahısı ilə yekunlaşan belə çıxışlar həm də vətənin qəhrəman oğullarının şücaəti sayəsində əldə edilən zəfər addımlarının müjdəsilə şəhid və yaralı oğullarımızın ailələrinin yarasına məlhəm olur, bütün Azərbaycan xalqına qələbə əzmi aşılayırdı. Hər çıxışının sonunda səsləndirdiyi “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” şüarları cəbhədə Azərbaycan əsgərinin, cəbhə arxasında xalqın dilinin əzbəri olmuşdu. Bu şüarlar müzəffər Ali Baş Komandanın adı ilə bərabər əbədi olaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Haqlı savaşımızda bizə dəstək olan bir sıra ölkələr, xüsusilə qardaş Türkiyə və Pakistan dövlətləri sevincimizi bölüşdüyü kimi kədərimizə də şərik oldular. Milli Ordumuzun irəliləməsi qarşısında Türkiyə digər dəstəkləri ilə bərabər xəstəxanalarının qapılarını da təmənnasız olaraq Qarabağ qazilərinin üzünə açdı. Yaralı əsgər və zabitlərimiz şöhrətli türk həkimlərinin şəfası ilə sağlamlıqlarını bərpa etdilər.  

Azərbaycan Ordusunun bu möhtəşəm qələbəsini erməni işğalçıları və onların yaxın və uzaq havadarları bu gün də həzm edə bilmirlər. Onlar Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün müxtəlif təxribatlara əl atır və Qarabağ məsələsini yenə də “Minsk qrupu” deyilən bir fırıldaq maşınının ağzına atmağa, bununla da xalqımızın qanı bahasına əldə etdiyi qələbəni oğurlamağa çalışırlar. 

Zəfər bayramından sonra ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bölgələrdə savaşın izlərini görmək, dağıntıların miqyasını yerindəcə izləmək üçün işğaldan azad edilmiş rayonlara çoxsaylı səfərlər etdilər.  Eyni zamanda Şuşaya, Zəngilana, Kəlbəcərə, Suqovuşana, Ağdama çəkilən yeni yolların, oradakı mühəndis texniki qurğuların tikintisi, rayonlara elektrik xətlərinin çəkilişi və elektrik stansiyalarının işə salınması, Füzulidə beynəlxalq aeroportun tikintisi və istifadəyə verilməsilə tanış olaraq yeni quruculuq layihələrinin icrasına göstərişlər verildi. 

Ölkənin ali rəhbərliyinin iştirakı ilə Şuşada Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirilməsi, bəzi tarixi binaların təmir-bərpa işlərindən sonra təntənəli açılışı bir daha dünyaya göstərdi ki, Azərbaycan xalqı qurucu və sülhsevər xalqdır: o, işğalçı düşmənlərini cəzalandırmağı, həqiqi dostlarını sevməyi bacarır.

44 gün ərzində 3000 şəhidimizin qanı bahasına qazanılmış Qarabağ Zəfəri tariximizin ən əhəmiyyətli dönüş nöqtələrindən biri və müstəqil Azərbaycan Ordusunun qalibiyyətlə başa vurduğu Vətən müharibəsidir. Bu zəfər xalqımızın, dövlətimizin və ordumuzun qəhrəmanlıq simvollarından biri kimi tariximizdə əbədi yaşayacaqdır.

II Qarabağ savaşının başlandığı gün - 27 sentyabr bu il eyni tarixdə Şəhidlərimizin ANIM GÜNÜ olaraq qeyd edildi, mərasimlər düzənləndi, şəhid məzarları və şəhid ailələri ziyarət edildi. 

Həlledici qələbəni təmin edən döyüşlərin başa çatdığı 8 NOYABR QARABAĞ ZƏFƏRİ günü təntənəli qeyd edildi. Bu zəfər həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin on səkkiz illik prezidentlik fəaliyyətində apardığı mübarizənin qələbəsidir. Bu münasibətlə qədirbilən xalq olaraq, cənab Prezidenti ürəkdən təbrik edir, ona can sağlığı və bundan sonrakı fəaliyyətində də böyük uğurlar arzulayırıq. 

Zəfərin mübarək, Azərbaycan! 

Zəfəriniz və 60 illik yubileyiniz mübarək, cənab Prezident! 

Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü: Adilə Həsən qızı Nəzərova                




Ana səhifəyə qayıt        Baxış: 3 801          Tarix: 24-12-2021, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma