Xəbər lenti

Ukrayna ətrafında baş verənlərə diqqət yetirsək, Rusiyaya qarşı qəbul olunacaq qərarlarla bağlı NATO ölkələri arasında tam yekdilliyin olmaması nəzərə çarpır. Belə ki, məsələn, Almaniya ABŞ-ın Avropadakı üstünlüyünə heç də müsbət yanaşmır.

İkinci Dünya Müharibəsindən indiyədək siyasi və hərbi cəhətdən ABŞ-ın təsir sferasında, daha doğrusu, onun kölgəsində qalan Almaniya, Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərdə müstəqil qərar vermək istəyir. Almaniyanın yeni hökumətinin Ukrayna böhranını “Normand formatı” çərçivəsində həll etmək cəhdləri də əsasən bununla əlaqədardır. Avropalı analitiklər hesab edirlər ki, ABŞ-ın bu qitəni daim nəzarətdə saxlaması üçün ona bu məkanda hansısa gərginlik ocağı lazımdır.

Türkiyənin “Evrensel” qəzeti “Ukrayna: müharibəyə Avropanın yox, ABŞ-ın ehtiyacı var” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur: ”Almaniya Xarici İşlər naziri Annalena Berbok Ukrayna ətrafındakı vəziyyəti aydınlaşdırmaq məqsədi ilə Kiyevə və Moskvaya səfər edib. 

Almaniya “Yaşıllar partiyası”ndan olan Berbokun Almaniya, Fransa, Ukrayna və Rusiyanın iştirakı ilə yenidən “Normand formatı” çərçivəsində toplaşması və problemin dialoq yoluyla həll edilməsi çağırışı Rusiya Xarici İşlər naziri və təcrübəli diplomat Sergey Lavrov tərəfindən ciddi qarşılanmayıb.

Əlbəttə, Kiyevdə Rusiyanın ünvanına təhdidlər söylədikdən sonra Moskvaya dialoq təklif etmək və ondan müsbət cavab gözləmək əbəsdir. Almaniya elə lap əvvəldən NATO-nun genişlənməsi və Ukrayna məsələsində ABŞ-ın müəyyənləşdirdiyi xətt üzrə hərəkət edib və ya ən azından bu xəttə etiraz etməyib. Berlinin bundan sonrakı dialoq çağırışları vəziyyəti dəyişməyəcək. Çünki “Normand formatı”nın dağılmasından sonra təşəbbüs əsasən ABŞ-ın əlinə keçib.

Berbokun nəbz yoxlama ruhundakı səfərindən sonra daha bir vacib səfəri ABŞ Dövlət katibi Entoni Blinken həyata keçirdi. Blinken 19 yanvarda Kiyevdə Ukrayna Prezidenti Zelenski və Xarici İşlər naziri Kuleba ilə görüşdükdən sonra 20 yanvarda Berlində Almaniya, Fransa və Böyük Britaniyanın Xarici İşlər nazirləri ilə danışıqlar aparıb. 21 yanvarda isə Blinken Cenevrədə rusiyalı həmkarı Lavrovla görüşüb.

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, əgər Rusiya Ukraynaya izinsiz müdaxilə edərsə, ona qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Xüsusən də onun “izinsiz müdaxilə edərsə” kəliməsi ABŞ mühafizəkarlarının və Ukraynanın diqqətindən qaçmayaraq, narazılıqla qarşılanıb. Sonradan Ağ Ev nümayəndələri buna düzəliş ediblər. Hərçənd ki, ABŞ-ın iddiasına görə, burada söhbət Avropanın təhlükəsizliyindən gedir, lakin heç də bütün Avropa ölkələri bu fikirdə deyil. “Rusofobiya”ya mübtəla olan Polşa və Baltik ölkələri bu tezisi qətiyyətlə müdafiə edirlər. Amma Qərbi Avropa ölkələri NATO çərçivəsində bu tezisin əleyhinə olmasalar da, öz fikirlərini dilə gətirməyə başlayıblar. Almaniya heç nəyə baxmayaraq Rusiya ilə dialoqun davam etdirilməsini dəstəkləyir.

Alman sərmayəçiləri arasında Rusiya ilə ticarət əlaqələrinin pozulmasını istəməyən xeyli sayda adam var. Digər tərəfdən isə Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyinin növbəti sədri kimi Avropa Parlamentində Avropa təhlükəsizlik arxitekturasının islahata ehtiyacının olduğunu söyləyib və Fransanın Almaniya ilə birikdə “Normand formatı”nı bərpa edəcəklərini bildirib. 

O, bu barədə deyib: ”Hər bir müstəqil dövlət hansı alyansa birləşəcəyinə özü sərbəst qərar verməlidir”.
Beləliklə, o, göstərib ki, NATO-nun qapıları Ukraynanın üzünə açıqdır. Yəni Almaniya və Fransa arasında tam siyasi birlik yoxdur. Bu cür şərtlər daxilində deyə bilərik ki, təşəbbüs ABŞ-ın əlində qalmaqdadır. Hadisələr göstərir ki, ABŞ aşağıdakı səbəblərdən Ukrayna ətrafında gərginliyi qızışdırmaqda maraqlıdır:

1. İmperializmin pay bölgüsü mübarizəsində Rusiyanın güclü oyunçu kimi iştirakını əngəlləmək üçün onu hərbi baxımdan çevrələmək.

2. Hərbi və iqtisadi nöqteyi-nəzərdən Rusiyaya güclü zərbə vurmaq və onu mümkün müharibə yoluyla zəiflətmək.

3. Əvvəllər Rusiyanın təsir dairəsində olan regionları və ölkələri tamamilə öz nəzarətinə keçirmək və onları NATO-ya daxil etmək.

4. Müharibə başlayacağı təqdirdə Rusiyanın, Almaniya daxil olmaqla, digər ölkələrlə ticarət əlaqələrinə sərt sanksiyaların köməyi ilə zərbə vurmaq.

5. NATO-da nizam-intizamı təmin etmək və ABŞ-ın liderliyini möhkəmləndirmək. Rusiyaya tərəf boylanan ölkələrin “ipini çəkmək”.

6. Sanksiya təzyiqi fonunda rusiyalılar arasında “hakimiyyət dəyişikliyi” ideyası yayaraq Putin rejimini devirmək və bunun əvəzində qərbpərəst rejim qurmaq.

7. Amerika silah inhisarçılarının Şərqi Avropaya daha çox silah tədarük etməsinə şərait yaradılması, əsasən də Ukraynaya. ABŞ Dövlət Departamenti elan edib ki, Böyük Britaniya, Estoniya, Litva və Latviyaya ABŞ inhisarçıları tərəfindən istehsal edilmiş silahların satılmasına icazə verilib.

Bunlar ağıla ilk gələnlərdir. Əlbəttə, bu siyahını uzatmaq da mümkündür. Göründüyü kimi, ABŞ Ukraynada müharibə ssenarisini önə çəkməklə çoxsaylı üstünlüklər qazanmağa çalışır. Elə bu səbədən də, əgər hətta müharibə olmazsa da, ABŞ gərginliyi dəstəkləməklə öz məqsədinə çatmaq istəyir.

“AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 172          Tarix: 26-01-2022, 09:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma