Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
ABŞ və Britaniya Rusiyanın Ukraynaya təcavüzü ehtimalına qarşı sanksiyalar hazırlayırlar, hətta Amerika bəzi sanksiyaları heç bir təcavüz olmadan da tətbiq edə bilər. Qərb ölkələri böhrandan çıxmaq üçün diplomatik səyləri də davam etdirməyə hazırlaşırlar. Kreml Londonun mümkün sanksiyalar barədə bəyanatını biznesə hücum adlandırıb.
ABŞ-ın sanksiyaları
ABŞ senatorları ötən bazar bəyan ediblər ki, Rusiyanın Ukraynadakı fəaliyyətinə görə hazırlanan sanksiyaların razılaşdırılması yekun mərhələdədir, Amerika və Avropa siyasətçilərinin ötən ilin sonundan etibarən qeyd etdikləri təhlükələrlə bağlı bəzi tədbirlərsə Rusiya bu ölkəyə hücum etmədən də qüvvəyə minə bilər.
"Bizim artıq eyni cərgədə dayandığımızı deyə bilərəm" - Senatın xarici məsələlər komitəsinin rəhbəri Robert Menendes CNN-in efirində belə deyib. Menendes və respublikaçı Cim Riş razılaşmanı artıq bu həftə yekunlaşdırmağa ümid edirlər.
“Reuters” yazır ki, qanun layihəsi Rusiyanın böyük banklarını, bu ölkənin dövlət borcunu hədəf alır və Ukraynaya irihəcmli hərbi yardımları nəzərdə tutur. Agentlik həmçinin qeyd edir ki, demokrat və respublikaçı senatorlar arasında xüsusilə də "Şimal axını-2" qaz kəmərinə qarşı sanksiyalar tətbiq edib-etməməklə bağlı bəzi fikir ayrılıqları qalmaqdadır.
Menendes bildirib ki, Moskvanın indiyə qədər etdiklərinə, məsələn, Ukraynaya qarşı kiberhücumuna, "başqa bayraqlar altında əməliyyatlara" və Ukrayna hökumətini daxildən parçlamaq cəhdlərinə görə bəzi sanksiyalar Rusiyanın mümkün təcavüzündən əvvəl də tətbiq edilə bilər. Hücum baş versə, daha sərt sanksiyalar qəbul ediləcək.
Ukraynanın ABŞ-dakı səfiri Oksana Makarova CBC-ə açıqlamasında deyib ki, Kiyev həm məhz indi üçün nəzərdə tutulan, həm də təcavüzlə bağlı tətbiq olunacaq əlavə sanksiyaları vacib hesab edir. Eyni zamanda, o, Vashinqtonla Kiyev arasında gərginlik olmasıyla bağlı xəbərləri şişirtməməyə çağırıb.
"Heç bir problem yoxdur. Bəzi diskusiyalarda fikir ayrılıqlarımız ola bilər. Ancaq ABŞ bizim strateji partnyorumuz, hətta deyərdim ki, strateji dostumuzdur".
Amerika və Ukrayna prezidentləri Co Biden və Vladimir Zelenski arasında problem yaranması xəbərini ötən həftə CNN yaymışdı. Cümə günü Zelenski xarici jurnalistlər üçün brifinq keçirib demişdi ki, Ukrayna sərhədlərində vəziyyət kifayər qədər gərgindir, amma bu gərginlik ötənilkindən çox deyil: "Bu panika bizə lazım deyil. Bazarlardakı panika, maliyyə sektorundakı panika. Bu, bizim dövlətimizə baha başa gəlir!"
Kiyev Rusiyanın mümkün hücumuyla bağlı riski azaldırmı sualına Makarova belə cavab verib: "Biz riski azaltmırıq. Əslində, biz də vəziyyəti eyni cür qiymətləndiririk, biz artımı görürük və Rusiyanın nəyə qadir olduğunu bilirik. Ancaq ölkəmizi müdafiə edə bilmək üçün panikaya düşmək kimi rahatlığımız yoxdur".
Fevralın 3-də Bayden administrasiyanın nümayəndələri senatorlar üçün brifinq keçirəcəklər. Ancaq Dövlət katibinin müavini Viktoriya Nuland CBC-ə açıqlamasında deyib ki, ABŞ hücum halında tətbiq ediləcək sanksiyalar paketinin məzmunuyla bağlı qeyri-müəyyənliyin qalmasını istəyir. Onun sözlərinə görə, bu, Moskvaya daha çox təsir edə bilmək üçün vacibdir.
"Financial Times" Amerika administrasiyasındakı mənbəyə istinadən yazır ki, ABŞ Putinin ətrafındakılara - Kreml daxilindəki dairələr daxil və ya yaxın olan, hökumət qərarlarının qəbulunda müəyyən rol oynayan, ya da Kremlin destabilizasiya xarakterli davranışına aidiyyatı olan şəxslərə də sanksiya tətbiq edə bilər. Nəşrin məlumatına görə, bu tədbirlər Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə aid ediləcək sanksiyalara əlavə oluna bilər.
Britaniyanın sanksiyaları
Yanvarın 31-də Böyük Britaniya parlamentinə yeni qanun layihəsi təqdim edilib. Layihədə Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə sanksiyaların potensial hədəflərini - Kremllə əlaqəli şəxslərin və aktivlərin siyahısını genişləndirmək nəzərdə tutulub.
Sanksiyalar Rusiyanın maliyyə təşkilatlarına, enerji şirkətlərinə, Rusiya hakimiyyətini dəstəkləyən istənilən şirkət və şəxsə tətbiq edilə bilər.
"Rusiya Ukraynaya hücum edərsə, nazirlər sanksiyaların yeni sərt rejimi çərçivəsində Britaniya oliqarxları və şirkətlərinin Kremllə əlaqəli investisiyalarını hədəf alacaqlar" - "The Times" yazır.
"Biz əhatə dairəsini genişləndirmək istəyirik ki, sanksiyalar Kremlin maraq dairəsində olan bütün şirkətlərə, o cümlədən, Rusiyadakı rejimin özünə də şamil edilə bilsin və Rusiya dövlətini dəstəkləyən putinçi oliqarxlar və şirkətlər gizlənməyə yer tapmasınlar" - Britaniya xarici işlər naziri Liz Truss bunu ötən bazar günü deyib.
“The Times” nəşrinə danışan mənbənin dediyinə görə, yeni sanksiyalar Rusiya pullarının toplandığı Britaniya haqqında təsəvvürləri dəyişə bilər. Truss bu həftə Ukraynaya səfər edəcək. Bu ölkənin xarici işlər naziri Dmitri Kuleba Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazır olduğu üçün artıq ona təşəkkürünü bildirib.
"Britaniyalı həmkarım və dostum Liz Truss-a qəti mövqeyinə görə təşəkkürümü bildirirəm. Rusiyanın Britaniyadakı maliyyə maraqlarına qarşı sanksiyalar Rusiyanı zəif yerindən vura bilər" - Kuleba öz "Tvitter" hesabında yazıb.
Moskvanın reaksiyası
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Britaniya sanksiyalar tətbiq edərsə, Rusiya buna cavab verəcək. Onun sözlərinə görə, biznesə qarşı açıq hücumdan söhbət gedir: "Ayrıca götürülmüş ölkənin Rusiya biznesinə hücumu, əlbəttə ki, özündə cavab tədbirləri ehtiva edir və bu tədbirlər birmənalı olaraq bizim öz maraqlarımıza uyğun şəkildə formalaşdırılacaq. London çox narahatedici bəyanat verib. Mən düşünürəm ki, bu, təkcə bizim üçün, bizim şirkətlərimiz üçün narahatlıq yaradan məsələ deyil. Bu, Londonun böyük ölçüdə təxminedilməz qərarlar verə bildiyini nümayiş etdirir və yəqin ki, bütövlükdə beynəlxalq maliyyə və biznes strukturlarını da ciddi şəkildə narahat edəcək məsələdir".
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Britaniyanın xarici işlər nazirinin bəyanatına öz "Twitter" hesabında istehzayla cavab verib: "Bir addım da geri durmayın, missis Truss! Sizə ümidimiz böyükdür. Britaniyanın müvəqqəti maliyyə maraqları demokratiya və azadlıqdan vacib ola bilməz!" O həmçinin əlavə edib ki, Londonda "Rusiyanın ekstradisiyalarını tələb etdiyi korrupsionerlərin siyahısı var".
Ukrayna ətrafında vəziyyətin gərginləşməsiylə bağlı Avropa İttifaqı da Rusiyaya qarşı sanksiyalar paketi hazırlayır. Financial Times qəzetinin yazdığına görə, bu sanksiyalar Rusiyanın enerji sektoruna, o cümlədən, yeni qaz layihələrinə aid ola bilər.
Diplomatiya gözləntisində
Britaniyanın xarici işlər və müdafiə nazirlərinin yaxın günlərdə Moskvaya səfər edəcəkləri gözlənilir. Baş nazir Boris Conson Putinə zəng etməyə hazırlaşırdı.
Kiodo Tsuin agentliyinin məlumatına görə, Conson Yaponiyaya səfərini təxirə salıb. Agentliyə danışan mənbə bunun Ukrayna ətrafındakı vəziyyətin gərginləşməsiylə əlaqəli olduğunu bildirib.
Yanvarın 31-də “Essex”də jurnalistlər qarşısında çıxış edən Conson deyib ki, Putini uçurumun kənarından çəkilməyə çağıracaq: "Daha əvvəl də dediyim kimi, mən ona deyəcəm ki, bizim hamımız uçurumun kənarından çəkilməliyik… Düşünürəm ki, Rusiyanın 2014-cü ildə işğal etdiyi torpaqlar xaric, Ukrayna ərazisinə hücum, Ukraynaya istənilən hücum bütün dünya üçün tam bir fəlakət olar və ilk növbədə bu, Rusiyanın özü üçün fəlakət olar".
Baş nazir həmçinin əlavə edib ki, istənilən hücum Ukrayna xalqının şiddətli müqavimətiylə qarşılancaq.
ABŞ XİN başçısının Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland bildirib ki, ABŞ-ın Dövlət katibi Antony Blinken bu həftə Rusiya XİN-in rəhbəri Sergey Lavrovla yenə danışa bilər.
Daha əvvəl onlar Cenevrədə görüşmüşdülər. Moskva ABŞ-dan NATO-nun şərqə doğru irəliləməyəcəyinə dair təminat, Vashinqton isə Kiyevə qarşı istənilən aqressiyanın gündəlikdən çıxarılmasını tələb etmişdi. Həmin görüş nəticəsiz bitmişdi.
NATO-nun Baş katibi Jens Stoltenberg alyansın genişləndirilməməsi və Ukraynanın quruma qəbul edilməməsi barədə tələbləri qətiyyətlə rədd edir. “Moskva nə qədər aqressiv davransa, Rusiya öz sərhədlərində o qədər çox NATO qoşunu görəcək” - Stoltenberg Trussın da qatıldığı proqramda, yəni, BBC-nin Sunday Morning verilişində belə deyib.
Ancaq o qeyd edib ki, Rusiya Ukraynaya hücum etsə belə, NATO alyansın üzvü olmayan bu ölkəyə qoşun yerləşdirməyəcək: "NATO qoşunlarını Ukraynaya göndərmək planımız yoxdur… Biz dəstək verməyə fokuslanmışıq. NATO üzvü olmaq və Ukrayna kimi yüksək qiymətləndirilən partnyor olmaq arasında fərq var. Bununla bağlı heç bir şübhə yoxdur".
Təlimlər davam edir
"İttifaq əzmi" təlimlərində iştirak etmək üçün Belarusa gələn Rusiya hərbçiləri bu ölkənin ərazisində qoşunları idarəetmə sistemi qurublar. Manevrlər 10-20 fevral aralığında həyata keçiriləcək. Təlimlərin mövzusu xarici aqressiyanı dəf etməkdir.
Qərb ölkələri Belarus ərazisindən Ukraynaya hücum üçün platsdarm kimi istifadə olunacağından ehtiyat edirlər. Moskva isə təlimlərin heç kimə təhlükə törətmədiyini bildirir.
Ötən həftədən etibarən Rusiya Hərbi Dəniz Qüvvələrinin dörd donanmasında da təlimlər keçirilir. Müdafiə Nazirliyinin bazar ertəsinə keçən gecə yayımladığı videoda Şimal donanmasının Norveç dənizində sualtı gəmi axtarışı təlimi keçdiyi əks olunub. Qara dəniz donanmasının bazar ertəsi açıqladığı məlumata görəsə Qara dənizdəki təlimlər artıq başa çatıb.
Ötən həftəsonu Ukraynanın Borispol aeroportuna NATO ölkələrindən bir neçə nəqliyyat təyyarəsi enib.
Yanvarın 30-da Varşavadan Polşa HHQ-yə məxsus C-295M hərbi-nəqliyyat təyyarəsi gəlib. Onun gətirdiyi yük barədə heç bir məlumat verilmir.
C-295M yükdaşıma gücü 7 ton olan orta ölçülü nəqliyyat təyyarəsidir. Varşava Kiyevə hərbi yardım məsələsini nəzərdən keçirir, amma həmin təyyarə Ukraynaya uçmazdan bir gün əvvəl bu ölkənin müdafiə naziri Aleksey Reznikov Polşanın Rzeczpospolita qəzetinə verdiyi müsahibədə bildirib ki, o ana qədər Polşadan Ukraynaya hər hansı hərbi yük göndərilməyib.
Eyni gündə Lvov aeroportuna Kanada HHQ-yə məxsus CC-177 "Globemaster" nəqliyyat təyyarəsi enib. Ötən həftə bu ölkə bəyan etmişdi ki, Ukraynaya hərbi dəstək verəcək - "Unifier" proqramı çərçivəsində hərbi personalın sayını 400 nəfərə çatdıracaq və öldürücü olmayan silahlar göndərəcək.
Yanvarın 31-i axşam saatlarında Borispol aeroportuna Britaniyanın növbəti hərbi-nəqliyyat təyyarəsi enib - "Airbus" A400M Oxfordshire-dəki hərbi bazadan uçub.
Bir gün əvvəl Kiyevə ABŞ-dan hərbi yük göndərilib. Bu, yanvar ayı ərzində beşinci belə çatdırılmadır.
Ötən həftənin sonlarında İspaniyanın ABŞ HDQ ilə birlikdə istifadə etdiyi "Rota" hərbi-dəniz bazasına "Sisler" strateji ağır nəqliyyat gəmisi gəlib. Gəminin su tutumu təxminən 63 min tondur. O, tanklar da daxil olmaqla, birdəfəyə 900-dən çox hərbi texnika daşımaq imkanına malikdir. Gəminin Avropaya bu dəfə hansı yüklə gəldiyi barədə məlumat verilmir. (BBC)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar