Xəbər lenti

Hazırda dünya ictimaiyyətini belə bir sual maraqlandırır- Ukraynaya hücum edəcəyi təqdirdə Qərb Rusiyaya qarşı hansı tədbirlərə əl atacaq? NATO-nun onurğa sütunu olan ABŞ açıq şəkildə deyib ki, Ukrayna uğrunda Rusiya ilə döyüşməyəcək, amma Moskvaya qarşı çox təsirli sanksiyalar tətbiq edəcək.

ABŞ başda olmaqla Qərbin Kremlə qarşı istifadə edəcəyi ən böyük silah kimi Rusiyanın “SWIFT” beynəlxalq ödəmə sistemindən xaric olunması göstərilir. Qloballaşan dünyada maliyyə sistemi elə inteqrasiya olunub ki, kiminsə oradan “qopardılması” sözsüz ki, böyük təsirə malik zərbədir. Amma Qərbin belə bir addım atacağı mübahisəli görünür. Çünki heç də bütün ölkələr Rusya ilə ticarəti dayandırmağın tərəfdarı deyil. Ona görə də Rusiyanın “SWIFT”-dən çıxarılması ilə bağlı hələ ki, yekdil bir fikir yoxdur.

Xeyli vaxtdır ki, beynəlxalq KİV-lərdə “SWIFT”-dən kənarlaşdırılcağı təqdirdə Rusiya iqtisadiyyatının və maliyyə sisteminin hansı acınacaqlı vəziyyətə düşəcəyi barədə materiallar dərc olunur.

Sözügedən məsələ ilə bağlı “AzPolitika.info” ABŞ-ın “CNN” media qrupunun internet portalında gedən “SWİFT nədir və nəyə görə bu, Rusiyaya qarşı ən qorxulu silah ola bilər” başlıqlı məqaləsinin tərcüməsini oxuculara təqdim edir: ”Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəklərini bildirirlər və məqsəd Vladimir Putinin Ukraynaya hücumunu dayndırmaqdır. Sanksiyalar siyahısında bir tədbir var ki, bu, Kremldə xüsusi təşviş yaradır. Söhbət ölkənin dünya bank sistemindən çıxarılmasından gedir.

ABŞ qanunvericiləri Rusiyanın beynəlxalq maliyyə institutlarını bir-birinə bağlayan “SWIFT”-dən xaric edilməsini təklif edirlər. Rusiya qanunverici orqanının nümayəndələri isə deyirlər ki, belə olan halda, Avropaya neft, qaz və metal tədarükü dayandırılacaq.

Rusiya parlamentinin yuxarı palatasının vitse-spikeri Nikolay Juravlyov “TASS” agentliyinə verdiyi müsahibəsində deyib: ”Əgər Rusiyanı “SWIFT”-dən xaric edərlərsə, onda biz xarici valyuta ala bilməyəcəyik. Lakin Avropa ölkələri də bizim mallarımızı - neft, qaz, metal və digər mühüm komponentləri əldə edə bilməyəcəklər”

“SWIFT” nədir?

“SWIFT”(Society for Worldwide Interbank Financial Telecommunication) - ümumdünya banklararası maliyyə kanalları rabitəsi - teleksi(telex) əvəzləmək üçün 1973-cü ildə yaradılıb. Bu prosesdə həmtəsisçi kimi 19 ölkədən 248 bank iştirak edib. Onun mənzil qərargahı Brüssel yaxınlığında yerləşir. İndi 11000-dən artıq maliyyə institutu kodlaşdırılmış məlumatı və ödəmə tapşırığını yollamaq üçün “SWIFT”-in xidmətindən istifadə edir.
Əgər Rusiya “SWIFT”-dən xaric edilərsə, o zaman maliyyə institutları Rusiyaya pul göndərməkdən və oradan pul qəbul etməkdən tamamilə məhrum olacaqlar. Bu, Rusiya şirkətləri və onların xarici müştəriləri üçün gözlənilməz sarsıntı deməkdir. Rusiyadan qaz və neft idxal edən şirkətlər üçünsə bu, xüsusilə ağır olacaq.

Moskvadakı “Karnegi Mərkəzi”ndə çalışan elmi əməkdaş Mariya Şaqinanın sözlərinə görə, ”SWIFT”-dən kənarşladırılma bütün beynəlxlaq tarnzaksiyaları dayandıracaq və valyuta məzənnəsini daha qeyri-stabil edəcək, nəticədə güclü kapital axını meydana gələcək. Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin 2014-cü ildə bildirmişdi ki, əgər Rusiyanı “SWIFT”-dən ayırsalar, onun iqtisadiyyatı beş faiz daralacaq.

“SWIFT”-in Direktorlar Şurası 25 nəfərdən ibarətdir. Onların arasında Rusiyanı təmsil edən Eddi Astanin də var. ”SWIFT” özünü neytral xidmət tədarükçüsü adlandırır, Belçika qanunvericiliyinə müvafiq şəkildə təssis edilib və Avropa Birliyi qaydalarına və normalarına riayət etmək öhdəliyi daşıyır.

Rusiya “SWIFT”-dən kənarlaşdırılarsa, nə baş verər?

Ölkələrin “SWIFT”-dən xaric edilməsi presedenti artıq mövcuddur. Avropa Birliyi 2012-ci ildə İrana nüvə proqramına görə sanksiyalar tətbiq edəndə, ”SWIFT” İran banklarını öz xidmətindən kənarlaşdırmışdı. Bundan sonra İran xarici ticarət dövriyyəsinin 30 faizindən və neft ixracından əldə etdiyi gəlirlərin yarısından məhrum olmuşdu.

“SWIFT” kollektiv maraqlar naiminə işələyən və neytral kooperativ kimi yaradılıb. Ölkələrə və ya fiziki şəxslərə qarşı tətbiq olunan istənilən qərarlar dövlət orqanlarının səlahiyyətlərinə və müvafiq qanunvericiliyə uyğun verilir.

Rusiyaya qarşı bu tədbirləri ABŞ-ın müttəfiqlərinin nə dərəcədə qətiyyətlə dəstəkləyəcəkləri bəlli deyil. Əgər Rusiya “SWIFT”-dən xaric ediləcəksə, o zaman ən çox uduzan ABŞ və Almaniya olacaq. Çünki onların bankları Rusiya bankları ilə daha sıx əlaqələrə malikdirlər.
Danimarkanın Xarici işlər naziri Yeppe Kofod deyib ki, Ukraynaya hücum olunarsa, Avropa Birliyi indiyədək tətbiq edilməyən ən sərt sanksiyalara əl atacaq. Avropa Birliyinin baş diplomatı Jozef Borel isə söyləyib ki, tətbiq ediləcək sanksiyalar Qərbin və ya ən azından Avropa Birliyinin ən güclü təsir vasitələri olacaq.

Böyük Britaniyanın baş naziri Boris Conson parlament üzvlərinə deyib ki, onun hökuməti ABŞ-la Rusiyanın “SWIFT”-dən xaric olunması məsələsini müzakirə edir. Conson bildirib: ”Heç şübhə yoxdur ki, bu, olduqca güclü silahdır. Ancaq onun necə lazımdırsa istifadə edilməsi yalnız ABŞ-ın köməyi ilə ola bilər. Biz bu mövzu ilə bağlı müzakirə aparırıq”.

Rusiyanın əks tədbirləri

Son illər Rusiya “SWIFT”-dən kənarlaşdırılacağı təqdirdə ona dəyən zərbələri yumşaltmaq üçün tədbirlər görür. Krımın ilhaqından sonra Qərb Rusiyaya qarşı sanksiya tətbiq etdi və Rusiya özünün “CПФС” (Система Передачи Финансовых Сообщений-Maliyyə Məlumatlarının Ötürülməsi Sistemi) ödəmə sistemi yaradıb. Rusiya Mərkəzi Bankının məlumatına görə, ”CПФС”-dən 400 maliyyə qrupu istifadə edir.
Hazırda ölkə daxilindəkı köçürmələrin 20 faizi “CПФС” vasitəsi ilə həyata keçirilir, lakin əməliyyatların həcmi məhduddur və onlar yalnız iş günlərində aparılır. ”SWIFT”-ə digər alternativ bu yaxınlarda - 2015-ci ildə Çində yaradılmış transsərhəd bank köçürmələri sistemi-“CIPS”(China Interbank Payments System-Çin Banklararası Ödəmə sistemi) ola bilər.

Moskva həmçinin kriptovalyutadan istifadə etmək məcburiyyətində də qala bilər.

Nikolay Juravlyov bu mövzuyla bağlı deyib: “”SWIFT” Avropa şirkətidir, çoxsaylı ölkələrin iştirak etdiyi assosiasiyadır. Kənarlaşdırma haqqında qərarın qəbul edilməsi üçün bütün üzv ölkələrin yekdil qərarı tələb olunur. Bunun üçün ABŞ və Böyük Britaniyanın qərarı kifayət deyil. Rusiya ilə ticarət payı böyük olan digər ölkələrin bu qərarı dəstəkləyəcəyinə əmin deyiləm”.

Rasim Əliyev

“AzPolitika.info” 



Ana səhifəyə qayıt        Baxış: 3 653          Tarix: 4-02-2022, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma