Xəbər lenti

"Putin telefon danışığında Paşinyana söz verib, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyini desə də, əminəm ki, regionda sülhü bərqərar edəcək güc Rusiya deyil".
Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü siyasi analitik bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi Ukraynadakı müharibənin nəticəsindən asılıdır: "Putinin Cənubi Qafqazda sülhlə bağlı dedikləri mümkünsüzdür, çünki regionda sülh məsələsi Rusiyanın heç vaxt marağında olmayıb, olmayacaq da. Əksinə əlindən gələni edir ki, Azərbaycanla Ermənistan arasında sülh danışılqarına mane olsun.

Açıq şəkildə görünür ki, Moskvanı Brüssel görüşü çox ciddi narahat edib. Ona görə ki, Brüssel görüşündə Əliyevlə Paşinyan sülh formatı ilə bağlı razılığa gəliblər. Bu səbəbdən də fikrimcə, Kreml rəhbərinin bölgədə sabitliyə yardım edəcəyi ilə bağlı dedikləri səmimi deyil.

Gəlin, Lavrovun erməni həmkarı ilə görüşündə dediyi sözləri xatırlayaq (Lavrov Mirzoyanla Moskvadakı görüşündə bildirib ki, "Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək" - red). Bu bəyanatdan sonra Moskvanın İrəvanı silahlandırmaq planı sülh naminə ola bilərmi?! Buna görə də Rusiyanın "sülh təşəbbüsləri" ilə bağlı atılan addımlarının əksini düşünmək məcburiyyətindəyəm.

Çünki Azərbaycan-Ermənistan münaqişəsi hər zaman Rusiya üçün Qafqazı idarə etmək, bu iki ölkəni özünə tabe etmək üçün bir rıçaq olub. Amma biz bu gün görürük ki, Avropa İttifaqı son zamanlar bu iki ölkə arasında sülhə nail olunmasına çox maraqlıdır. Çünki burada Qərb üçün tranzit və enerji imkanlarından yararlanmaqdan söhbət gedir. Amma Moskva əksinə, hər zaman olduğu kimi indi də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil.

Bu gün Lavrov Ermənistanı silahlandıracaqlarının desə də, real vəziyyət ondan xəbər verir ki, Rusiya hazırki vəziyyətdə heç kimi silahlandıra bilməz. Onlar hazırda özləri ilə savaşırlar, bu gün özlərinin o yardıma ciddi ehtiyacı yaranmağa başlayıb.
Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləyəcəyi və Ermənistanın Moskvanın orbitindən çıxmağı bacaracağı ilə bağlı fikirlərə gəlincə isə demək istəyirəm ki, hər şey Ukraynadakı müharibənin nəticəsindən asılıdır".


Ana səhifəyə qayıt        Baxış: 3 761          Tarix: 15-04-2022, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma