Ermənistanda uzun müddət boş qalan Baş Qərargah rəisi postuna, nəhayət, təyinat həyata keçirilib. Sözügedən vəzifə cari ilin 24 fevral tarixindən boş idi. Həmin vaxta qədər bu vəzifəni daşımış Artur Davtyana qarşı isə cinayət işi açılıb və o, orduya yararsız raketlər almaqda günahlandırılır.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatı həmin posta Edvard Asryanın təyin olunduğu barədə məlumat yayıb və onun kimliyi barədə bəzi məqamlara toxunub.
Qeyd edək ki, Ermənistan qanunvericiliyinə görə, Baş Qərargah rəisinin namizədliyini Baş nazir irəli sürür və Prezident təsdiqləyir.
Asryanın namizədliyini Paşinyan özü irəli sürüb. Lakin məsələ ondadır ki, bu şəxs 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra o vaxtkı Baş Qərargah rəisi Onik Qasparyanla birgə Paşinyana qarşı çıxan və onun istefasını tələb edən generallardan biridir. O da Qasparyan kimi Baş nazirin istefa verməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsinin “böhran vəziyyətindən çıxmağın yeganə yolu” olduğunu bildirmişdi və de-fakto hərbi çevriliş cəhdinə qoşulmuşdu.
Ermənistanın “Hraparak” qəzeti yazır ki, həmin vaxt Baş Qərargah rəisinin müavini postunu tutan Asryan sonradan “ağıllanaraq” əvvəlki mövqeyindən geri çəkilib və hətta Azərbaycan Ordusu Qara göl istiqamətində erməni hərbçilərini əsir götürəndə, bu ərazidə baş verənlərə haqq qazandırmağa çalışıb və hökumətin mövqeyini müdafiə edib. Buna baxmayaraq, ötən ilin 27 sentyabr tarixində Asryan vəzifəsindən azad edilib. Erməni mətbuatı həmin vaxt iddia edirdi ki, buna səbəb Asryanın hökumətin əsas rəqiblərindən sayılan sabiq müdafiə naziri, separatçı və terrorçu Seyran Ohanyanla 10 dəqiqəlik telefon danışığı olub. Həmin danışıq zamanı Asryan Ohanyana “cənab general” deyə müraciət edib. Danışığın mövzusu və mahiyyəti barədə məlumat verilməsə də, Asryanın bu addımı Paşinyanın və onun komandasının xoşuna gəlməyib və o, dərhal vəzifəsindən azad edilib.
Lakin maraqlıdır ki, bütün bunlara baxmayaraq, Asryan yenidən geri qaytarılıb və ötən gün Paşinyanın təqdimatı ilə 5 il müddətinə Baş Qərargah rəisi təyin olunub. Erməni mətbuatı bu təyinatı Asryanın “ağıllanması” və Paşinyana “biət etməsi” ilə əlaqələndirir.
Ancaq bu təyinatın Moskvanın və “Qarabağ klanı”nın təzyiqi ilə həyata keçirildiyini iddia edənlər də var. Belə ki, yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, kifayət qədər “sürüşkən” fiqur olan Asryan Xocavənd rayonunun Azıx kəndində doğulub və separatçıların liderlərilə sıx münasibətlərə malik olub. Yəni “Qarabağ klanı”na yaxın şəxs sayılır.
Onu da qeyd edək ki, Baş Qərargah rəisi eyni zamanda birbaşa Müdafiə nazirinin müavini vəzifəsini tutur. Bütün bunlar yaxın gələcəkdə onun Paşinyana qarşı istifadə ediləcəyinə dair şübhələrə yol açır və bir gün məhz Asryanın Moskvanın təzyiqilə Ermənistanda hərbi çevrilişə cəhd göstərəcəyini istisna etmək olmaz…
Paylaş: