Xəbər lenti

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Belarusla bağlı durumun gərgin, lakin idarə edilə biləcək səviyyədə olduğunu bəyan edib. Qurum hazırda Belarusun Ukraynanın təhlükəsizliyinə birbaşa təhdid yaratmadığı qənaətindədir.

Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski deyib ki, Ukrayna bütün mümkün həyəcan siqnallarını daima araşdırır, nəzarətdə saxlayır.

Skibitski misal kimi Rusiyanın fevralın 24-dən qabaq, yəni son müharibə hələ başlamamış Belarusa çoxlu qoşun yığması haqda məlumatları göstərib. Bildirib ki, Baş Kəşfiyyat İdarəsi o vaxt bunu hücuma hazırlıq kimi qiymətləndirib: “İndi də Baş Kəşfiyyat İdarəsi ölkəmizə qarşı bir siqnal alsa, dərhal hərəkətə keçəcək ki, Ukrayna şimaldan gələ biləcək istənilən təhlükəyə hazırlıqlı olsun”.

Son məlumatlar göstərir ki, Rusiya fəal şəkildə Belarusdan muzdlular cəlb edir. Hesabatlarda bu əməliyyatların Belarus və Rusiyanın hakimiyyət orqanları ilə razılaşdırılaraq həyata keçirildiyi qeyd olunur.

Skibitski deyib ki, Baş Kəşfiyyat İdarəsi Belarus ərazisində hücum qruplarının, xüsusən də rusiyalılardan ibarət qrupların yaradıldığını müşahidə etmir. Bununla belə o, Belarus Silahlı Qüvvələrinin daima döyüş hazırlığı vəziyyətinə gətirilməsi istiqamətində tədbirlərin görüldüyünü vurğulayıb: “Bu gün rotasiya əsasında Belarus Ukrayna sərhədi yaxınlığında altı tabor və bir xüsusi təyinatlı dəstə yerləşdirib. Belarus rəhbərliyinin sözlərinə görə, həmin qüvvələr orada sərhədi və öz ərazilərini qorumaq üçündür”.

Moskvanın təzyiqlərinə baxmayaraq, Belarus hələ də rəsmən Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qoşulmayıb.

Baş ofisi London şəhərində yerləşən “Chatham House” Beynəlxalq Münasibətlər Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Belarus əhalisinin yalnız 3%-i ölkənin Ukraynaya birbaşa hərbi müdaxilədə iştirakına tərəfdardır. Sorğuya əsasən, belarusluların yalnız dörddə bir hissəsinə qədəri Rusiyanın Belarus ərazisindən Ukraynaya raket atmasına müsbət yanaşır.

Kəşfiyyat rəsmisi hazırda Belarusdan gələ biləcək ən ciddi təhlükənin kəşfiyyat-təxribat qrupları ilə bağlı olduğunu söyləyib. O deyib ki, həmin qruplar Belarus ərazisində və Ukraynanın şimal bölgələrində fəaliyyət göstərə bilərlər. Söhbət kəşfiyyat, təxribat əməliyyatlarından və xüsusi təyinatlıların həyata keçirə biləcəyi digər tədbirlərdən gedir.

Ukraynanın xarici işlər naziri bugünlərdə bir müsahibəsində Belarusla münasibətlərin onsuz da gərgin olduğunu vurğulayıb. Nazir bildirib ki, Belarus Ukraynaya qarşı təcavüzə şərikdir və buna heç bir şübhə yoxdur.

Nazir xatırladıb ki, Moskva Ukraynaya qarşı təcavüzə əl atan kimi Kiyev Rusiya ilə diplomatik əlaqələri kəsib: “Belarus Silahlı Qüvvələri Ukrayna ərazisinə soxulsa, Minsklə də əlaqələr kəsiləcək”.

Belarus müxalifəti ilə bağlılığı olan siyasi fəallar “Kiyev Post”a bildiriblər ki, Rusiya Belarusdan Ukraynanın qərbinə hücum çəkmək üçün istifadə edə bilər və bu, payızadək baş verə bilər. Həmin siyasi fəalların sözlərinə görə, hədəf Lvov şəhəri olacaq. Çünki Qərb ölkələri Polşadan Ukraynaya hərbi texnikanı və benzini məhz Lvov şəhəri vasitəsilə çatdırır.

Mənbə: Kyivpost.com




Ana səhifəyə qayıt        Baxış: 2 951          Tarix: 26-07-2022, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma