Ukraynalıların 84 faizi sülh naminə ölkənin hər hansı ərazi güzəştinə getməsinin əleyhinədir.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Kiyevdəki Beynəlxalq Sosiologiya İnstitutu ölkə ərazisində keçirdiyi sorğunun nəticələri əsasında belə bir məlumat yayıb.
Sorğu göstərib ki, ukraynalıların yalnız 10 faizi dövlətçiliyin qorunması və sülh əldə edilməsi naminə Rusiyaya ərazi güzəştinə gedilməsinə tərəfdar olduqlarını bildiriblər: “May ayı ilə müqayisədə demək olar ki, heç nə dəyişməyib. Ukraynanın bütün regionlarında əhalinin böyük əksəriyyəti hər hansı bir ərazi güzəştinin tam əleyhinədir. Hətta hazırda döyüşlər gedən şərq rayonlarında belə əhalinin 77 faizi ərazi güzəştinin əleyhinə, yalnız 16 faizi lehinədir. Cənubdakı əhalinin isə 82 faizi ərazi güzəştinə qarşıdır, yalnız 10 faiz buna hazırdır”.
Sorğunu keçirənlər bildirirlər ki, may ayında şərqdə yaşayan əhalinin 68 faizi güzəştin əleyhinə idi və döyüş intensivliyi artdıqca Rusiyaya torpaq verməyin əleyhinə olanların sayı da artıb və 77 faizə çatıb.
Maraqlıdır ki, rusdilli ukraynalıların da böyük əksəriyyəti – 76 faizi Rusiyaya ərazi güzəştini qətiyyən qəbul etmir.
Paylaş: