Xəbər lenti

Yeni komandan Gerasimov yaxın müddətdə döyüş meydanında strateji dönüş yarada bilməsə, bütün tənqidlər Rusiya liderinə tuşlanacaq; təhlilçi: “2023-cü ildə müharibə daha da şiddətlənəcək, Putin taleyinin həll olunduğunu anlayır”

Vladimir Putin Ukraynadakı müharibəni Rusiyanın leyhinə çevirmək üçün yeni dəyişikliyə gedib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı orduların baş komandanı vəzifəsinə gətirilməsi bəlkə də Putinin sonuncu yerdəyişməsidir. “Yeni Müsavat” bildirir ki, Soledar uğrunda döyüşlərdə Gerasimovun sərt tənqidçisi Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi qruplaşması nizami ordu birləşmələrindən daha üstün olduğunu göstərdi. Əgər Valeri Gerasimov yaxın müddətdə döyüş meydanında strateji dönüş yarada bilməsə, bundan sonrakı mərhələdə rus analitiklərinin bütün tənqidləri birbaşa Vladimir Putinə ünvanlanacaq. Bir çox hərbi ekspert hesab edir ki, Valeri Gerasimovun təyinatı rusların iri miqyaslı hücum əməliyyatına başlayacağından xəbər verir.

Sergey Surovikin 8 oktyabr tarixində Ukraynadakı Rusiya ordusunun baş komandanı təyin edilmişdi. O vaxtdan indiyədək Rusiya Federasiyası öz üzərində ciddi zərbələr hiss edirdi və Surovikinin gedəcəyi tamamilə gözlənilən idi. Amma onun yerinə Gerasimovun gətirilməsi çoxlarını təəccübləndirdi. Surovikinə qədər bu vəzifəni Aleksandr Dvornikov daşıyırdı. Dvornikov apreldən oktyabradək Ukraynadakı qoşunlara komandanlıq edib. Rusiya mediası Dvornikovun sərt komandir olmasından və Çeçenistanda, Suriyada özünü bacarıqlı hərbçi kimi göstərməsindən yazırdı. Gerasimovun isə belə bir aurası yoxdur. Ancaq onun komandan təyin edilməsi çoxlarını həyəcanlandırıb. Hərbi ekspert İqor Korotçenko deyir ki, Putinin Gerasimovu komandan təyin etməsinin səbəbi Ukraynanın Qərbdən ağır zirehli texnika almasıyla bağlıdır. Bundan sonra Ukrayna Qərbdən Piyadaların Döyüş Maşını və tanklar alacaq. Gerasimovun gəlişi ilə Rusiya Federasiyasının Ukraynadakı döyüşlərdə ən təhlükəli silahlardan istifadə etməsi ehtimalı artır. 

Təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, bu təyinat bir daha onun göstəricisidir ki, Putin həm özünün şəxsi taleyinin, həm də Rusiyanın qlobal geosiyasətdə böyük dövlət kimi qalıb-qalmayacağı məsələsinin Ukraynada həll olunduğunu yaxşı anlayır:

“Hərbi əməliyyatlara görə məsuliyyət bilavasitə 1 saylı hərbçinin üzərinə qoyulur. Amma Gerasimov Baş Qərargah rəisi olaraq indiyədək əməliyyatların planlaşdırılması və icrasında onsuz da əsas rol oynayan səlahiyyətli şəxslərdən biri idi. Yeni vəzifənin bu baxımdan hansı keyfiyyət dəyişikliklərinə səbəb olacağı aydın deyil. İstənilən halda, məlum olan budur ki, 2023-cü ildə müharibə daha da şiddətlənəcək. Ukraynanın bu il 1991-ci il sərhədlərinə çıxıb-çıxmayacağını deyə bilmərəm, amma növbəti böyük hərbi uğurlarına şahid olacağımıza şübhəm yoxdur”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və onun özü kimi ətrafı “rus dünyasının müdafiəsindən” çox danışırlar:

“Elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər. Yəni Putin deyir ki, guya o Ukraynadakı rusları Kiyevdəki “faşist rejimindən” qurtarmaq üçün müharibəyə başlayıb. Bu bəhanədir. Rus dünyasını düşünən birisi Ukraynanın şəhərlərini bombalamaz, mülki insanları qətlə yetirməz. Rusiyanın işğalçı ordusu geri çəkildiyi ərazilərdə qətliamlar törədib, kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətcə ruslar olmayıb? Və ya Rusiya Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub, böyük bir bina dağılıb, dağıntılardan onlarla cəsəd çıxarılıb. Kim zəmanət verə bilər ki, dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur? O biri tərəfdən Kreml sahibi müharibədə gənclərini ölümə göndərir, say 100 mini keçib. Putin ölümə göndərdiyi gəncləri də düşünmür”.

Analitikin fikrincə, Rusiyanın müxalifət liderlərindən Qriroqi Yavlinski son müsahibəsində doğru deyib, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir: “Almaniya SSRİ-yə hücum etmişdi, SSRİ işğalçılara qarşı savaşırdı, indi isə tərsinə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukraynadır. İşğalçılar gec və ya tez məğlub olurlar”.

Politoloq Yeganə Hacıyeva hesab edir ki, Ukraynadakı müharibənin nəticəsindən asılı olmayaraq prezident Putin, özünün cəmiyyətdəki və öz komandası daxilindəki nüfuzunu uduzub:

“Siyasi elitanın cəmiyyətdə, birləşdirici rəhbərin isə siyasi elita qarşısında nüfuzunu itirməsi Putin hakimiyyətinin legitimliyinə zərbə vurub. Müharibə meydanında “Vaqner” muzdluları ilə Afrikada, Suriyada, Liviyada , Ulraynada döyüşən Priqojin Avropada, Rusiyanın özü də daxil postsovet ölkələrində ictimai fikirə təsir etmək üçün təbliğat rıçaqlarına malikdir. Priqojinin trol fabriki MDB ölkələrində ictimai fikrə təsir imkanları bu ölkələrin nüfuzlu media təsisatlarından daha genişdir. Bu və sadalamadığımız bir sıra başqa məqamlar üzərindən Kremlin postPutin dövrünə hazırlıq mərhələsində ən ciddi fiqur Priqojindir”.

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya "Apache" döyüş helikopterləri verməyə hazırlaşır. Həmçinin ABŞ və Almaniyadan sonra Niderland da Ukraynaya "Patriot" raket kompleksi verəcək. Qərarı Niderland baş naziri Mark Rütte Vaşinqtonda prezident Bayden ilə görüşündə elan edib. Rütte müharibədə Ukraynanın qələbəsini təmin etməyi əsas hədəf kimi vurğulayıb. Artıq "Patriot"un istifadə qaydalarının ukraynalı hərbçilərə öyrədilməsi üçün ABŞ-da təlimlər başlayıb və qısaldılmış proqram üzrə 10 həftə davam edəcək. Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukrayna ilə Rusiya arasında danışıqların baş tutması üçün iki hüquqi aspektdə razılığa gəlmək lazımdır. Sitat: “Birincisi, bu gün Rusiyanın daxili qanunlarında - Konstitusiyasında təcəssüm olunmuş Ukraynanın keçmiş ərazilərinin əhalisinin öz müqəddəratını təyin etməsinin nəticələrini tanımaq (və ya heç olmasa səssizcə qəbul etmək lazımdır). İkincisi, mövcud vəziyyət və gələcək beynəlxalq münasibətlər üçün nəzərdə tutulmuş xüsusi beynəlxalq normaların işlənib hazırlanması”. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu isə məlumat yayıb ki, Putin yaxın günlərdə ordusunu genişləndirmək üçün səfərbərliyin ikinci dalğasını elan edə bilər. Yeri gəlmişkən, Ordun sayının artırılmasına qərar verilib və 1, 5 milyon əsgərdən təşəkkül tapması hədəf götürülüb. Bu haqda müdafiə naziri Sergey Şoyqunun əmri var.

Emil SALAMOĞLU

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 004          Tarix: 18-01-2023, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma