Xəbər lenti

Azərbaycandan Ağ Evin siyasətinə sərt etirazlar: “Hələ də ABŞ konqresində erməni diasporuna satılan korrupsionerlər var”; “Əks halda Vaşinqton regiondan gedəcək və Ermənistan cəzalanacaq, Rusiya regionda möhkəmlənəcək...”

Xəbər verildiyi kimi, fevralın 1-də ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş müşavir təyin edib. Bu barədə dövlət katibi Entoni Blinken Twitter hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, yeni müşavir Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həll olunmasında mühüm rol oynayacaq: “Bu gün mən Luis L. Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”.

Blinkenin bəyanatında həmçinin qeyd olunub ki, ABŞ “Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli də daxil olmaqla, hərtərəfli sülh sazişinin bağlanmasında Ermənistan və Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir”, Lui Bono isə Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun təşviqi ilə məşğul olacaq.

“Ermənistan-Azərbaycan münaqişəsinin həlli ABŞ-nin dövlət katibi Entoni Blinken üçün böyük əhəmiyyət kəsb edir”.

Bu sözləri isə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. O, Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə danışdığını və ABŞ-nin bu məsələ ilə fəal məşğul olmağa davam edəcəyini vurğulayıb.

Amerikalı rəsminin sözlərinə görə, Dövlət Departamenti bu problemə böyük diqqət yetirir. O, Departamentin mətbuat katibinin müavini olmuş Lui Bononun səfir Filip Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edilməsinə də toxunub. “Cənab Bono ABŞ-nin Cənubi Qafqaza sülh və sabitlik gətirmək səylərinə rəhbərlik edəcək. O, həm də sələfləri kimi ABŞ-ı ATƏT-in Minsk Qrupunun həmsədri formatında təmsil edəcək. Bono mürəkkəb məsələlərlə bağlı böyük təcrübəyə malik yüksək səviyyəli diplomatdır, dövlət katibi Blinkenin və bütün administrasiyanın şəxsi etimadını qazanıb. Yəni yeni rolunun öhdəsindən layiqincə gələ bilər”, - deyə Patel qeyd edib.

Departament sözçüsü L.Bononun bölgəyə səfəri ilə bağlı hələlik konkret bir şey söyləyə bilməyəcəyini də sözlərinə əlavə edib.

Yəni yenə köhnə hava, köhnə bayatı. Yenə mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsi işlədilir, mövcud olmayan “Dağlıq Qarabağ konflikti”ndən danışılır, hətta “Minsk Qrupu”na istinad və ümid edilir! Göründüyü kimi, ABŞ sanki Bakının acığına hələ də tarixin zibilliyində olan Minsk Qrupu formatını buraxmaq istəmir, Azərbaycanın ərazi bölgüsündə yer almayan “Dağlıq Qarabağ” istilahından istifadə edir. Bu isə bəri başdan vasitəçiliyin yenə qeyri-səmimi olacağından xəbər verir. Demək, Amerika regionla bağlı hədəfinə çata bilməyəcək. Çünki onun sülh anlaşması ilə bağlı təsəvvürü Azərbaycanın yanaşması və 5 məlum prinsipi ilə üst-üstə düşmür. Bəs bu yanlış siyasətin kökündə nə durur, Vaşinqton nədən köhnə, qərəzli və sülhə xidmət eləməyən ritorikadan qurtula, Bakının haqlı olaraq rədd elədiyi ermənipərəst MQ-dən üzülüşə bilmir, yaxud istəmir? Erməni lobbisinin təzyiqimi? Lui Bono “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ konflikti”, “Minsk Qrupu” terminləri ilə sülhə necə yardımçı olacaq?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, ABŞ bölgədə təmsilçilik uğrunda geopolitik qarşıdurmanı daha da dərinləşdirir: “Rusiyanın təkbaşına Cənubi Qafqazda həlledici vasitəçi faktorunu qəbul etmək istəmir. Dərin təhlil edəndə ABŞ-nin fəallığı əslində bizə də sərf edir. Çünki Rusiyanın tək fəallıq cəhdləri alternativ təkliflər, həmçinin real situasiyaya adekvat reaksiyaları özündə ehtiva etmir. Bu baxımdan Vaşinqtonun prosesdə aktivliyi vacib əhəmiyyət kəsb edir. Özəlliklə ölkəmizin Qərb enerji təhlükəsizliyində danılmaz rolu bu prosesin daha da inkişafına təkan vermiş olur.

Amma ABŞ-nin 30 illik işğal dövründə ədalətsiz mövqeləri də bizim üçün aydındır. Hələ də ABŞ konqresində erməni diasporuna satılan korrupsionerlər var. ABŞ faşist ideologiyası erməni lobbisinin oyuncağına çevrilən siyasətçilərinə təsir göstərmir. Eyni zamanda ABŞ-nin özünün tək moderatorluğu nümunəsi var ikən hansısa “Minsk qrupu”nu “diriltməyə” çalışması erməni maraqlarına xidmət edir".

Ekspert qeyd etdi ki, Vaşinqton hələ də bizim bölgəmizdə obyektiv yanaşa bilmir: “Erməni lobbisinin təzyiqlərinin Amerika siyasi sistemindəki qərarları manipulyasiya etməyi yaxşı heç nə vəd etmir. Eyni zamanda ABŞ-ı nüfuzdan salır. Azərbaycanın qıcıqlandıran sözlərdən istifadə etməklə ABŞ Rusiya ilə eyni xisləti bölüşür”.

Bəs indiki durumda Rusiya ilə ABŞ və ya Fransa başqa formatda Qarabağ və Ermənistanla bağlı 30 ildə olduğu kimi, əməkdaşlıq edə bilərmi? Yoxsa maraqlar toqquşacaq?

Tural İsmayılov: “Əməkdaşlıq mümkün deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan ayrı-ayrılıqda ABŞ və Rusiya ilə koordinasiya halındadır. Eyni zamanda Ukrayna problemi üçlü formatı darmadağın edib. Rusiyanın da Minsk Qrupu formatına münasibəti isti deyil. Bu baxımdan maraq toqquşması fonunda keçmiş ”Minsk qrupu"nun bir daha bərpası mümkün görünmür".

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, ABŞ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etməsinə ehtiyac yox idi: “Əvvəlki xüsusi nümayəndə Flip Rikerden sonra dövlət katibi Blinken özü şəxsən Azərbaycanla Ermənistan arasında birbaşa vasitəçi idi. Görünür, burada İrəvanın da maraqlarını nəzərə alaraq, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etməklə yenə ”Dağlıq Qarabağ münaqişəsi"ndən istifadə edilir. Bu ifadə İrəvana xoş gəlmək üçün istifadə edilən sözdür. Minsk Qrupu və bu kimi məsələlərin gündəliyə çıxarılması Vaşinqtonun vasitəçiliyini sıfıra endirəcək. Bunlar başa düşmək istəmirlər ki, Ermənistanın qeyri-qanuni siyasi maraqlarıni müdafiə etməklə sülhə nail olmaq olmaz. 30 il proses məhz buna görə uzandı".

M.Əsədullzadə Ağ Evin ikili siyasətindən bəhs etdi: “ABŞ da çox yaxşı bilir ki, münaqişə başa çatıb. Yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün birbaşa dialoqa ehtiyac var. Əgər bunda səmimidirsə, buyursun. Xeyr, yenidən əvvəlki erməni havada olacaqsa, regiondan gedə bilər. Düşünürəm ki, Vaşinqton ciddi şəkildə strateji yanaşma ortaya qoya bilər. Necə ki, Azərbaycanın 5 təməl prinsiplərini qəbul edib. Zəhmət çəkib sülh istəyirlərsə, Rusiyanin regiondan getməsində maraqlıdırsa, Azərbaycanin şərtləri ilə sülh danışıqlarını aparmalıdır. Burada ”Dağlıq Qarabağ" ifadəsi və digər Ermənistanı qeyri-konstruktivliyə cəlb edəcək siyasət ortaya qoyacaqlarsa, regionda Rusiya möhkəmlənəcək və ABŞ təşəbbüslərinin üstündən xətt çəkiləcək".

Ekspert əlavə etdi ki, ABŞ bununla Ermənistanı dalanda saxlayır: “Ona görə də əvvəlki yanaşma - Azərbaycanin 5 prinsipləri rəhbər tutulacaqsa, proses olacaq. Əks halda isə, Vaşinqton regiondan gedəcək və Ermənistan cəzalanacaq, Rusiya regionda möhkəmlənəcək”.




Ana səhifəyə qayıt        Baxış: 2 810          Tarix: 4-02-2023, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma