Dövlət başçılarının təhlükəsizlik məsələsi hələ əsrlər öncə bütün ölkələrdə ciddi nəzarət və diqqətdə saxlanılıb. Bu gün də siyasi liderlərin mühafizəsi ən yüksək səviyyədə həyata keçirilir. Birincilərin istirahəti, görüşləri, səfərləri zamanı ən kiçik detallar belə əvvəlcədən diqqətlə öyrənilir və çoxsaylı mühafizə qüvvələri bütün lazımi tədbirləri həyata keçirirlər.
Koreya Xalq Demokratik Respublikasında isə (Şimali Koreya) liderlərin təhlükəsizlik məsələsinə aşırı dərəcədə diqqət yetirilir. 1948-ci ildə yaradılan Şimali Koreyanın ilk rəhbəri Kim İr Sendən başlayaraq sonrakı varisləri, oğlu Kim Çen İr, nəvəsi Kim Çen Inın təhlükəsizliyi elə təşkil edilib ki, kiminsə hər hansı bir sui-qəsdə cəhd haqqında düşünməsi belə mümkünsüz sayılır.
Şimali Koreya liderləri ölkə daxilində və xarici səfərlərində qatarla hərəkət etməyə daha çox üstünlük veriblər. Kim İr Senin dəmiryol xətti ilə hərəkətinə marağı İosif Stalinin də diqqətindən yayınmayıb və sovet lideri koreyalı həmkarına xüsusi hazırlanmış zirehli qatar bağışlayıb.
Həmin zirehli qatar hazırda nəvə Kim Çen Inın ixtiyarındadır. Bu qatar kənardan digər adi qatarlardan heç nə ilə fərqlənmir. SSRİ-dəki istehsalından sonra bir neçə dəfə Yaponiyada yenidən yığılan qatarın vaqonlarında isə tamam fərqli bir mənzərə var. Kim Çen In demək olar ki, bütün xarici səfərlərinə bu sehirli qatarla çıxır.
Digər sərnişin qatarlarının çəkisi 60 ton olduğu halda Kim Çen Inın qatarının vaqonları 80 tondur.
Koreya liderinin qatarı adətən 14-20 vaqondan ibarət olur. Zirehli vaqonların hərəkətini hətta sputnik vasitəsi ilə izləmək mümkün deyil. Buna da arxayın olmayan Koreya lideri əvvəlcədən səfər marşrutu üzrə başqa bir qatarın hərəkət etməsini də göstəriş verir.
Vaqonlardan biri qonaq otağı kimi istifadə edilir. Bu vaqonda televizor və internet mövcuddur. Kim Çen In səfərləri zamanı məhz bu vaqonda müşavirələr keçirir, jurnalistlərə müsahibə verir, internet üzərindən görüntülü olaraq öz məmurlarına tapşırıq və göstərişlərini çatdırır.
Ayrıca bir vaqon Kim Çen Inın istirahəti üçündür. Burada ayrıca vanna otağı, hovuz, sanitar qovşaq, yataq dəsti, divan və kürsülər, televizor aparıcı şirkətlərin brend məhsulları ilə təmin edilib.
Vaqonların biri Koreya lideri üçün kabinet kimi nəzərdə tutulub. Bu vaqonda Kim Çen In sənədləri nəzərdən keçirir, mütaliə ilə məşğul olur.
Qatarın bir vaqonu mətbəx kimi fəaliyyət göstərir. Bu mətbəxdə istənilən ölkənin mətbəxinə məxsus təamları hazırlamaq mümkündür. Səfər boyu aşpazlar briqadası Kim Çen İının kaprizlərini yerinə yetirməyə çalışırlar.
Digər bir vaqon isə istənilən temperaturun tənzimlənməsinin mümkün olduğu anbar-vaqondur. Bu anbarda ərzaq məhsulları ilə yanaşı Koreya liderinin xoşladığı içkilərdən tutmuş çərəzlərə qədər məhsullar saxlanılır.
Zirehli qatarın bir vaqonunda dizel elektrik stansiyası quraşdırılıb ki, məhz bu mobil stansiya vasitəsilə qatarın bütün vaqonları fasiləsiz elektrik enerjisi ilə təmin edilir.
Təhlükəsizlik baxımından qatarın bütün vaqonlarının zirehli layları nüvə zərbəsinə, bakterioloji və kimyəvi hücumlara davamlıdır.
Səfərləri zamanı Kim Çen Inın zirehli “Mersedes” xidməti avtomobili qatarın vaqonlarından birinə yüklənir.
Qatarda ən son standartlara uyğun ventilyasiya, istilik, su, rabitə və digər kommunikasiya qurğuları quraşdırılıb ki, vaqonlar rahatlığına görə Koreya liderinin iqamətgahındın geri qalmır.
Koreya liderinin səfərləri zamanı bələdçilər əsasən gənc qızlardan ibarət olur ki, onların bakirə olması vacib şərt sayılır. Bu məqsədlə həmin qızlar səfərdən əvvəl xüsusi tibbi baxışdan keçirlər. Kim Çen Inın göstərişi ilə bələdçi qızlar yüksək maaş alırlar və onlara xüsusi güzəşt və imtiyazlar verilir.
Sızan informasiyalara görə, Kim Çen Inın qatarla səfəri heç də darıxdırıcı keçmir. Karaoke, viski, şampan şərabı, onu müşayiət edənlərlə istədiyi kimi rəftar Koreya liderini darıxmağa qoymur.
Zirehli qatarda mütəmadi olaraq yenilənmə işləri aparılır, köhnə avadanlıqlar müasirləri ilə əvəz olunur. Bu məsələyə Kim Çen In böyük tələbkarlıqla yanaşır və şəxsən öz nəzarəti altında saxlayır.
Kim Çen Inın şəxsi qatarına düşmək şansı qazanan jurnalistlər Koreya liderinin qatarını “zövq qatarı” adlandırıblar. Vaqonlardakı əl işləmələri, göz oxşayan dizayn, seçilmiş rənglərin harmoniyası mətbuat nümayəndələrini sözün əsl mənasınada təəccübləndirib.
Statistik məlumatlara görə Kim Çen Inın babası Kim İr Sen bu qatarla 368 min kilometr, atası Kim Çen İr 334 min kilometr məsafə qət ediblər. Özünün isə bu qatarla hərəkəti davam edir və onun səfərləri baba və atasından fərqli olaraq olduqca ciddi şəkildə məxfi saxlanılır.
İlham Cəmiloğlu, Musavat.com
Paylaş: