Xəbər lenti
13-05-2024, 20:31

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir. Nazir vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından bəri fiziki təmaslar olmayıb.

Bəs Ermənistan bu danışıqlarda nə dərəcədə maraqlıdır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra biz bütün danışıqlarda fəal olmuşuq, bir formatı çıxmaq şərtilə danışıqlarda maraqlıyıq.

Politoloq xatırladıb ki, Fransa ermənipərəst mövqedən çıxış etdi, baxmayaraq ki, naziri də Bakıdadır:

“Digər 3 formatda biz aktiv iştirak edirik – Moskva, Vaşinqton, Brüssel. Hesab edirəm ki, növbəti görüşlərin keçirilməsində məhz Azərbaycan tərəfi maraqlıdır ki, bu məsələlər həll olunsun, sülh sazişi imzalansın. Amma Paşinyan sülh sazişi, Azərbaycanın ərazi bütövlüyü barədə fikirlər səsləndirsə də, Qarabağla bağlı təxribatçı fikirlərini də davam etdirir. Bu da sülhə ən böyük əngəldir. Buna rəğmən, biz görüşlərdə maraqlıyıq. Növbəti görüşün Brüsseldə olacağına dair xəbərlər də var. Bu, bizim maraqlara uyğundur. Əslində Ermənistanın da maraqlarına uyğundur. Biz müharibədən sonra dedik ki, Qarabağ artıq Azərbaycanın daxili işidir. Kim Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyirsə, biz buna müsbət baxırıq. Biz Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi yaratdıqdan sonra Nikol Paşinyanın da danışıqları davam etdirməkdən başqa alternativi yoxdur.

Fransa da danışıqlarda maraqlıdır. Sadəcə görüşün orada keçirilməsi maraqlarımıza ziddir. Çünki Fransa artıq vasitəçi statusunu itirib, balansı pozub. Moskva, Vaşinqton və ya Brüsseldə danışıqların keçirilməsi mümkündür”.

Aytən Novruz

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 764          Tarix: 27-04-2023, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma