Xəbər lenti

Məlum olduğu kimi, Ermənistandan 400 ton yük "humanitar yardım" adı ilə Xankəndiyə göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan tərəfinin ölkəmizlə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil karvanını göndərməsi ərazi bütövlüyümüzə və suverenliyimizə qəsddir. Bu, Laçın sərhəd keçid məntəqəsinə qarşı növbəti təxribat olmaqla yanaşı, İrəvanın danışıqlardan dərhal sonra belə bir addım atması bu ölkənin prosesdə səmimi olmadığını, vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir. Təxribatda Avropa İttifaqının Ermənistandakı missiyasının və diplomatik korpusun da alət edilməsi, bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirir.

Ermənistanın növbəti təxribatı ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Ermənistan tərəfi ilk başda mətbuatda qeyd edirdi ki, guya bu təşəbbüslər hansısa revanşist qüvvələr tərəfindən həyata keçirilir. Məhz onların səyi ilə Qarabağda yaşayan ermənilərə "humanitar yardım" göndərilir və s.

Hüquq müdafiəçisinin sözlərinə görə, sonradan aydınlaşdı ki, bunların hamısı oyundur və arxasında Ermənistanın siyasi hakimiyyəti durur.

"Bu, əvvəlcədən razılaşdırılmış bir oyundur. Haqlı mövqeyimizi və haqq işimizi qəbul etməyən ölkələr var. İran 30 il ərzində, işğal müddətində Ermənistanın yanında olmaqla bunu sübuta yetirib. İndi də İrəvana açıq və gizli dəstək verir. Rusiyanın regionla bağlı maraqları bəllidir. Moskva çalışır ki, Azərbaycan tərəfinin humanitar yardımla bağlı Ağdam yolu üzərindən gündəmə gətirdiyi təklifi pozsun”.

Çingiz Qənizadə: Humanitar yardım ancaq Azərbaycan dövlətinin razılığı və bizim ərazimiz vasitəsi ilə həyata keçirilə bilər

Müsahibimiz hesab edir ki, bu cür aksiyalar birbaşa sülh müqaviləsinin pozulması istiqamətində cəhdlərdir, amma uğursuz cəhdlərdir.

Ç.Qənizadə bildirib ki, Avropa İttafaqı prosesləri izlədiyini ifadə edir:  “İzləsinlər, etiraz etmirik. Amma yaxşı olardı ki, Avropa İttifaqı Azərbaycan tərəfinin Ağdam yolu üzərindən humanitar yardım təklifini alqışladığını vurğulayardı. Bunun əvəzinə "prosesi izləyirik", "Laçın yolunu açın" kimi açıqlamalar məsələyə obyektiv yanaşmamaq deməkdir. Əmin olsunlar ki, hamısı boş və nəticəsiz oyunlardır".

Çingiz Qənizadə vurğulayıb ki, Ermənistan 1988-ci illərdə də belə oyunlara əl atmışdı:

"Həmin dövrdə SSRİ-nin, Moskvanın qərəzli mövqeyi, Azərbaycan daxilində çəkişmələr və s. amillər erməniləri müəyyən qədər istəklərinə çatdırdı. Nəticədə ərazilərimiz işğala məruz qaldı. Sonra burunları ovuldu. Görünür, yenidən hansısa dairələrin təhriki ilə köhnə dövr siyasətlərinə geri dönmək istəyirlər. Lakin bir daha deyirəm, mənasız təşəbbüslərdir. 

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 231          Tarix: 27-07-2023, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma