Xəbər lenti

Şəmsəddin ƏLİYEV,

hüquqşünas

 

 

“Bəşəri dəyərlər sırasında insan hüquqları qədər
müqəddəs sayılan İlahi nemət yoxdur”.
Yunan filosofu Yustinian 

 

İnsan hüquqları “İnsan kimi yaşamağa” imkan verən vacib və hər birimizin təbiətinə, Allahın yaratdığı bioloji və sosial varlığın, yer üzünün zinətinin özgəninkiləşdirilməyən hüququdur. Yaşayırıqsa, deməli, buna hüququmuz var; hüquq və azadlıqlarımız yoxdursa, demək, yaşamırıq. Yaşamaq və onunla bağlı nə varsa, hüquqla yaranır. Ömür bitdikdən sonra özgəninkiləşməyən çoxsaylı hüquqlar fərdlə birlikdə dəfn olunur.

İnsan hüquq və azadlıqları bəşəriyyətin “ümumi dili”dir. Hamı bu “dil” ilə danışa bilir. Harada olsaq, bu bəşəri dəyərləri yanımızda hiss edib, sərbəst dolanırıq. Xoşbəxt həyat, azad yaşamaq üçün hüquqlarımızı bilməsək, uğrunda mübarizə də apara bilmərik. 

İnsan hüquqları Tanrının xəlq etdiyi şüurlu varlığa məhəbbətin canlı təzahürüdür. Bu İlahi məhəbbətin önündə səcdəyə qapılmalıyıq ki, günahlarımız bağışlansın.

Yer üzündə insanların bir-biriləri ilə təmasda olub danışmaq istəyi də anadangəlmə hüququdur. Hamımızın buna ehtiyacı və tələbatı var. Bu hal bizi digər canlılardan fərqləndirir. İnsanın həyat boyu bilik əldə edib, özünü ifadə etməyə və mənəvi boşluqlarını aradan qaldırmağa həmişə ehtiyacı olur. Kim bu əsas tələbatların təmin edilməsindən məhrumdursa və yaxud imkanları məhduddursa, insan ona layiq olmayan həyat tərzini keçirməyə vadar olur. 

Ona görə də dünyada məhrumiyyətlərdən müdafiə olunması üçün “insan hüquqları” terminindən istifadə edilir. Hüquqi yanaşma belə deməyə əsas verir ki, “tələb, ehtiyac” heç vaxt “hüquq və azadlıq”lar kimi dəyərə və gücə malik olmur. Belə formulə insan tələbatının və ehtiyacının yalnız hüquq çərçivəsində təmin olunmasına zəmanət verir. Bu, hər bir fərdin həm mənəvi, həm də hüquqi haqqıdır.

1948-ci ildə qəbul olunmuş “Ümumdünya insan hüquqları haqqında” Bəyannamədən başlayaraq, bu günə qədər insan hüquqlarının məcəllələşdirilməsi prosesi həm beynəlxalq, həm də milli səviyyədə təkmilləşdirilib və bu sahədə institusional mərhələ davam edir. 

Yarım əsrdən çox müddət ərzində bütün bəşəriyyətə bəlli olur ki, insan hüquq və azadlıqlarını təmin etmədən, demokratiy, hüquqi dövlət qurmaq, cəmiyyətin inkişafına və sosial-iqtisadi tərəqqisinə nail olmaq mümkün deyil.

Müasir dünya hər yerdə demokratik, hüquqi və sosial dövlətin qurulmasını zəruri sayır. Azərbaycan Respublikası da bu sırada artıq möhürünü vurub, beynəlxalq hüququn subyekti kimi, dünya xəritəsində yeri, xarici siyasətdə və diplomatik missiyada imzası var.

Hüquqi, demokratik dövlət kimi Azərbaycan insan hüquq və azadlıqlarının prioritetini qəbul edir, tanıyır, məhz hüquqla özünün hakimiyyət funksiyalarını məhdudlaşdıra bilir. Bu baxımdan, dövlətimizin siyasi təbiəti və mahiyyəti bilavasitə insan hüquqları ilə açılır. Fərdin cəmiyyətdəki rolu və yeri, onun dövlətə mənsubluğu, onunla hüquqi, siyasi və iqtisadi bağlılığı qarşılıqlı hüquq və vəzifələr daşıması ilə təsdiqini tapır.

Azərbaycan dövləti üçün “insan hüquqları” anlayışı son dərəcə mühüm əhəmiyyət kəsb edir. 1991-ci ildən başlayaraq insan hüquq və azadlıqları sahəsində islahatlar davam edir. Bu, Azərbaycan dövlətinin Beynəlxalq Hüququn prinsiplərinə uyğun beynəlxalq öhdəliklərinin vicdanla yerinə yetirilməsinin canlı təzahürüdür.

Təəssüflə qeyd etmək istərdim ki, beynəlxalq ictimaiyyətin şüurunda, dünya mədəniyyətində, sağlam insanların düşüncələrində quldarlıq quruluşundan tutmuş 1948-ci ilə və 1948-ci ildən müasir zamana qədər insan hüquqları o qədər də əhəmiyyətli diqqətə malik olmamış, insan hüquqlarına hörmət nəzarətdən çıxmış, hüquq düşüncələri deformasiyaya uğramış, hüquq və azadlıqlara diqqətsizlik hallarının xəritəsi böyüməkdə davam edir. İnsanların köməksiz vəziyyətdə qalmasına təsir edən siyasi faktorlar və şərait, onu doğuran səbəblər aradan qalxmır. Bütün bunlar geniş iqtisadi imkanlara malik dövlətlərin ağılasığmaz fəaliyyətidir.

Uzun illərdir Azərbaycan ərazisi işğala məruz qalıb. Nasist ruhlu və nasist düşüncəli Ermənistan tərəfinin qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarına müstəsna hörmətsizliyi bütün dünya siyasilərinin və ictimaiyyətinin gözü qarşısında elə müstəsna həyasızlıqla da davam edir. Əslində Yerevan Beynəlxalq Hüququn 10 prinsipinin hər birini, hər gün usanmadan, çəkinmədən pozur. BMT TŞ-nın heç bir üzvü isə onlara “dur” deməyə ya cəsarətləri çatmır, ya da istəmirlər. Amma insanlığa zidd, xüsusi amansıslığı ilə müşayət edilən əməlləri beynəlxalq hərbi tribunalın predmetidir. Yubanırıq, çox yubanırıq. Yerevan hüquqi qüvvəsi olmayan atəşkəs protokolundan sui-istifadə edir, möhkəmlənməsi üçün vaxt uzadır.

Qədim Roma müdriklərinin və imperator-sərkərdələrinin ifadələri ilə desək, “Sülh ərəfəsində qəbul edilən qanunların əksəriyyətini müharibə rədd edir. Güclə yox, hüquqla hərəkət etmək daha ədalətlidir”. 

Azərbaycan, hələ ki, hüquqla danışır. Sonrası qarşı tərəf üçün baha başa gələ bilər…

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra da ərazi bütövlüyünün pozulmasına məruz qalmış, bir milyondan çox Azərbaycan vətəndaşları dözülməz həyat şəraitində, qaçqın həyatında yaşamalı olsalar da, insan hüquqları barədə qəbul edilən aktlar insanların acı taleyini dəyişməyə gücü çatmamışdır. Lakin Azərbaycan dövlətinin ardıcıl, humanist siyasəti nəticəsində qaçqınlar və məcburu köçkünlər artıq dözülməz həyat yaşamaqdan qurtulmuşlar. Bu da Azərbaycan dövlətinin ali məqsədinin bariz nümunəsidir. (Dünyada son illərin misli görünməmiş qaçqınlıq həyatı isə daha sərt, yazılmamış qanunlarla idarə olunur.)

Dünyanın əksər ölkələrinin konstitusiyalarında insan hüquqları ilə bağlı müddəalar əksini tapıb. Belə yanaşma dövlət, cəmiyyət və fərd üçün həyati vacib məsələdir, əhəmiyyətlidir. İnsan hüquqları Allahın yaratdığı hər bir şəxsin, şəxsiyyətin ləyaqətlə və azad mövcudluğu üçün zəruridir, sosial ehtiyaclarının (həllində) ödənilməsində konstitusion əhəmiyyət daşıyır.

Bundan başqa, insan hüquq və azadlıqları dövlətin və cəmiyyətin yaşaması üçün də siyasi, iqtisadi və mənəvi həyat fəaliyyətinin məcmusu kimi qəbul edilir. Belə ki, hüquq və azadlıqlar realizə olunmadan, vətəndaşların iqtisadi mühitinin canlandırılması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, seçki hüququ olmadan isə cəmiyyətin idarəçilik strukturunun formalaşdırılması cəhdi nəticə verməz.

 

İNSAN HÜQUQ VƏ AZADLIQLARI İDEYASININ YARANMA TARİXİ

 

Tarixi mənbələrə istinadən belə qənaətə gəlmək olar ki, insan hüquqları ideyasının yaranması eramızdan əvvəl V-IVəsrlərə (Afina və Romada) təsadüf edilir. Həmin dövrlərdə azadlığa və tərəqqiyə səmtlənən yolda vətəndaşlıq prinsiplərini (ayrılmaz, bölünməz və pozulmaz hüquqlar) qorumaq böyük addım sayılırdı. Siniflər arasında hüququn qeyri-bərabər bölgüsü, antoqonist ziddiyyətlər cəmiyyətin sonrakı inkişafına şərait yaradan “münbit” mərhələ Dövlət və Hüququn da yaranmasına təsir etdi. Bu, kortəbii surətdə baş versə də, uzun illər ərzində yaranmış tarixi zərurətin məhsulu kimi xüsusi mülkiyyətin yaranmasının və digər sahələrdəki inkişafın nəticəsi idi.

Mənbələr insan hüquqlarını mürəkkəb, çoxşaxəli, əhəmiyyətli dərəcədə hüquq normalarının genezisindən asılı olan (hüququn təşəkkül tapdığı normalar) hadisə kimi anladır. Tarixi mənbələrə görə, İnsan və vətəndaş hüquq və azadlıqlarının hüquq normalarının təkmilləşdirilməsi vasitəsilə ərsəyə gəlməsində romalıların böyük xidmətləri var. Əvvəlcə mononorma kimi mövcud olan hüquq və azadlıqlar, sonradan hüquq normasına çevrildi.

Orta əsrlərdə, feodal cəmiyyətində (asılı cəmiyyətdə) azadlıq son dərəcə məhdud idi. Tədricən monarxların hüquqlarının məhdudlaşdırılmasına cəhdlər oldu. İngiltərədə 1215-ci ildə Böyük “Azadlıq Xartiyası” qəbul edildi. Xartiya kral məmurlarının özbaşınalıqlarına sədd çəkdi, qanunu bilənlər hakim statusuna seçildilər, azad insanlara qarşı yalnız qanuna müvafiq cəza tətbiq edilməyə başlanıldı.

1628-ci ildə qəbul olunan “Hüquqlar haqqında Petitsiya” ilə kralın üzərinə rəiyyətin hüquqlarının təmin edilməsi vəzifəsi həvalə edildi. (Bir növ kral hakimiyyətinin ali məqsədinə çevrilmişdi).

İnsan hüquqlarının müdafiə olunmasının sonrakı mərhələsi “Habias Korpus aktı”nın qəbulu ilə davam etdi. (1679-cu ildə) Şəxsiyyətin toxunulmazlığı müəyyən edildi və təqsirsizlik prezumpsiyasına zəmanət verildi.

1689-cu ildə qəbul edilən “Hüquqlar haqqında Bill”də idarə edən dairə ilə, burjuaziya qrupu arasında kompromis variant kimi, parlamentin əhəmiyyətli rolu müəyyən edildi. Onun razılığı olmadan qanunların ləğvinə qadağa qoyuldu.

İnsan hüquqlarına dair ideyalarının sonrakı inkişafı ABŞ-da davam etdi.

Tomas Peynin və Ceffersonun təbii hüquq nəzəriyyəsi bu ideyanın inkişafına böyük təsiri oldu. Məsələn, “Virciniya hüquq bəyannaməsi”ndə (1776-cı ildə) deyilirdi: “Təbiətcə bütün insanlar bərabər həddə – azad, müstəqil və anadangəlmə hüquqlara malikdirlər. Onların hər biri ictimai münasibətlərə daxil olarkən özlərini və yaxınlarını müəyyən müqavilələrdən – razılaşmalardan məhrum edə bilməzlər, ələlxüsus, xoşbəxtliyin və təhlükəsizliyin təmininə yönələn yaşamaq hüququndan, azadlıqdan faydalanmaya bilməzlər.”

1789-cu ildə ABŞ-ın konstitusiyasına insan hüquq və azadlıqlarına dair 10 dəyişiklik təklif edildi.

J.J. Russonun, Qrotsiyanın, C. Lokkun və Monteskyönün ideyaları Böyük Fransa İnqilabının güclü faktoru kimi insan hüquqlarının gələcək inkişafına böyük təkan verdi. Bunun nəticəsi olaraq 1789-cu ildə Fransada “İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi” qəbul edildi.

İnsan hüquqlarının müasir təcəssümü 1948-ci ildə qəbul edilən “İnsan hüquqları üzrə ümumi Bəyannamə”, 1976-cı ildə qəbul edilən “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” və həmin ildə qəbul edilən “Siyasi, iqtisadi və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” oldu.

 

ƏSAS HÜQUQLAR KONSEPSİYASI

 

Bu sahədə iki bir-birinə zidd konsepsiya vardır:

1. Təbii (ayrılmaz) hüquqlar nəzəriyyəsi;

Bu nəzəriyyəyə görə, publik azadlıqlar təbii və alınmaz hesab edilir. Hətta hakimiyyətlə münasibətdə – siyasi və hüquqi bağlılıq zamanı da bu dəyərlər alına bilməzdi. Səbəbi belə izah olunurdu ki, insana məxsus olan əsas hüquqlar faktiki olaraq anadangəlmə – doğumu ilə qazanıldığından məhdudlaşdırılması mümkün olmazdı. Bu baxımdan, belə hüquqlar təbii hüquqlardır, dövlətdən asılı deyil və hətta ona qarşı dayanarsa da təbiidir. Bir faktor kimi dövlət onu tanımalı və hörmət etməlidir.

Əsas hüquqlar- fərdin dövlət və cəmiyyət qarşısında muxtar hüquqlarıdır. Yəni hakimiyyət ilə münasibətdə fərdin muxtariyyətə mənsubluğudur .

2. Hüquq təqdim etmə nəzəriyyəsi;

Əsas hüquqlar hər yerdə hüquq formasında mövcud olur. Hüquq – dövlət tərəfindən sanksiyalaşdırılan və hamı üçün məcburu xarakter daşıyan normaların məcmusu, hakimiyyətin yerinə yetirilməsi forması kimi qəbul edilir. Hətta əsas hüquqlar da özü-özlüyündə dövlət hakimiyyətinin təcəssüm aspektidir. Bu hüquqlar dövlət tərəfindən fərdə verilirsə, dövlət tərəfindən də məhdudlaşdırıla bilər. Bu mənada mütləq hüquq və azadlıqlar yoxdur. Dövlət özünün real imkanları daxilində mənsub olduğu fərdləri hüquqla təmin edir. Ona görə, müxtəlif ölkələrdə əsas hüquqlar spesifik cəhətə malikdir.

 

İNSAN HÜQUQLARI NƏSLİ

 

İnsanların sair hüquqlarından əmələ gələn əsas fundamental hüquqlar və azadlıqlar onların müxtəlif həyat sferasını təmin etmiş olur. Şəxsi, siyasi, sosial, iqtisadi və mədəni hüquqlar bu qəbildəndir. Bu hüquqlar həm quruluşuna, həm də meydana gəlmə, yaranma tarixinə görə fərqlənir.

İnsan hüquqlarının ilk nəsli – lliberal dəyəri burjua inqilabı prosesində formalaşmış, sonra demokratik dövlətlərin normalarında əksini tapmışdır. Fikri ifadə etmək azadlığı, qanun qarşısında bərabərlik, yaşamaq hüququ, şəxsiyyətin toxunulmazlığı və azadlığı, qanuni əsas olmadan azadlıqdan məhrum edilmiş şəxsin həbsdən azad olmaq hüququ, vicdan və din azadlıqları belə hüquqlardandır. (neqativ azadlıqlar)

İnsan hüquqlarının ikinci nəsli – insanların özlərinin iqtisadi vəziyyətinin, rifah halının yaxşılaşdırılması uğrunda mübarizə prosesində formalaşan hüquqlarıdır (pozitiv hüquqlar). Bu hüquqlara əmək hüququ, sərbəst iş seçmək hüququ, sosial təminata olan hüquq, istirahət, analığın və uşaqların müdafiəsi, təhsil hüquqları və s.

İnsan hüquqlarının üçüncü nəsli – buna İkinci Dünya müharibəsindən sonra formalaşmış hüquqlar daxildir. Bura-sülh şəraitində yaşamaq – sülhə olan hüquq, sağlam ətraf mühitdə yaşamaq hüququ, sosial və iqtisadi inkişafın hər bir xalqa və şəxsə mənsubluğu aid edilir.

 

ƏSAS HÜQUQLARIN XARAKTERİSTİKASI

 

Əsas hüquqlar, publik azadlıqlar kimi xüsusi (özəl) hüquqlara qarşı olduğuna görə, həmişə publik-hüquqi xarakter daşımışdır. Dövlətlə birbaşa münasibətdə yerinə yetirilir  (seçkilər və əməyə olan hüquq). Publik hakimiyyət sistemində fərdin istənilən azadlığı hüquqi cəhətdən onun hüquqları kimi mövcud olur, müəyyən azadlıqlara olan hüquq ərsəyə gəlir. Bu, hüquqi cəhətdən həmişə yaşayan (hökm sürən) adətlərə cavab vermir. Azadlıq mütləq hüquq kimi anlaşılır. Belə individual azadlıqlar anlama görə ikili rol oynayır:

1. Fərdin hüququ (fiziki toxunulmazlığı);

2. Müəyyən azadlığa olan hüquq (söz və fikir azadlığı);

Əsas hüquqlar publik (“publik” – el, ümumxalq, ictimai, ümumbəşəri, geniş kütlə və s. mənasında işlədilir.) azadlıqlar kimi məhdudlaşdırılmır. Publik azadlıqların məhdudlaşdırılması üsullarını hüquq formasının özü irəli edir. Publik azadlıqlar hüquqi tənzimetmənin obyekti də adlanır. Əsas hüquq və azadlıqların subyekti isə fərdlər və müəyyən mənada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ola bilər.

Kollektiv hüquqlara gəldikdə isə iki əsas aspektə diqqət yetirmək lazımdır:

1. Vətəndaş fərd olaraq çıxış edir, lakin o, bu hüququ kollektivlə də realizə edə bilər (sərbəst toplaşmaq). Kollektiv bu hüququ realizə etsə də, fərdi hüquqdur.

2. Vətəndaş müəyyən konstitusion hüquqları çərçivəsində sosial qruplarla əsas subyektiv hüquq və azadlıqlarının həyata keçirilməsində çıxış edir.

 

ƏSAS HÜQUQLARIN MƏNBƏLƏRİ

 

Müasir beynəlxalq hüquq və milli hüquq qaydaları ayrı-ayrı dövlətlərin suveren hüquqları kimi əsas hüquq və azadlıqların qanuni tənzimlənməsini müəyyən edir. Hər bir dövlət milli qanunvericilik vasitəsi ilə əsas hüquqların həddini, realizə qaydalarını təsbit edir, onu tanıyır və tənzimləyir. Milli qanunvericilik səviyyəsində bu:

1. İnsan və vətəndaş hüquqlarına dair milli bəyannamədə (Beynəlxalq normaların milli standartı).

2. Dövlətin Konstitusiyasında əksini tapır.

Konstitusiyada hüquqların əks olunması o qədər də böyük əhəmiyyət kəsb etmir (bu hüquqi dövlətlərin xislətinə uyğundur). Mühüm cəhət konstitusiyanın necə akt olması, hansı siyasi rejimi müdafiə və kimin iradəsini ifadə etməsindən ibarətdir. Əgər əsas qanun, normativ hüquqi akt kimi birbaşa qüvvədədirsə, ali və yüksək hüquqi qüvvəyə malik olmaqla ümumxalq iradəsini ifadə edirsə, belə hüquqların müdafiəsi üçün bilavasitə ona istinad etmək kifayətdir.

Konstitusiyanın birbaşa qüvvədə olmadığı ölkələrdə isə əsas hüquq və azadlıqlar qanunvericilikdə və alt qanunvericilik aktlarında əks olunur.

Əsas hüquqların mənbələrinə və beynəlxalq sənədlərə:

1. BMT-nin Nizamnaməsi (bir sıra prinsipal tələblər)
2. 1948-ci ildə qəbul olunan və BMT-nin nizamnaməsini traktovka edən insan hüquqlarının ümumi bəyannaməsi;
3. İnsan Hüquqlarına dair Pakt (Siyasi və mülki hüquqlar haqqında 1946-cı il) Beynəlxalq standartlara uyğun akt.
4. İnsan hüquqları üzrə Avropa Konvensiyası (1956-cı il tarixli) Avropada ümumi əməkdaşlıq üçün nəzərdə tutulan əsas aktı aid etmək olar.

 

HÜQUQİ STATUS

 

İnsan və vətəndaş hüquqları statusu altında fərdlərin hüquq və vəzifələrinin məcmusu başa düşülür. Bu cür yanaşma insan və vətəndaşların hüquqi vəziyyətinin əsas məzmunu olsa da, ona digər hüquqi faktorlar – vətəndaşlıq, insan hüquq və azadlıqların prinsipləri, hüquq və azadlıqlara zəmanət məsələləri də təsir edir. İnsanların hüquq və vəzifələri milli qanunvericilikdə, daha çox insan və vətəndaşların əsas hüquqi statusunu müəyyən edən konstitusiyada təsbit edilmiş, hüququn bəzi sahələrində, o cümlədən dövlət hüququnda nəzəri və praktik olaraq əksini tapır. Qeyd etdiyim kimi vətəndaşlıq hüququ, konstitusion prinsiplər, əsas hüquq və azadlıqlar, onların təmini və əsas vəzifələr insanların hüquqi vəziyyətinin mühüm elementləridir. Lakin insanların hüquqi vəziyyəti bu elementlərlə tamamlanmır. Hüququn bəzi sahələrində yer alan vətəndaşların digər hüquq və vəzifələri də əsas hüquq və azadlıqların, vəzifələrin üzərində qərarlaşır, inkişaf edir. Konstitusiyada təsbit olunan hüquq və azadlıqlar, vəzifələr digər hüquq sahələtində qeyd olunan bəşəri dəyərləri inkar etmir, əksinə onların inkişafına stimul və müdafiəsinə zəmanət verir.

Cəmiyyətdə insanların hüquqi vəziyyətinin təminatı üçün məhkəmə və qanun qarşısında hamının bərabərliyi prinsipi mühüm faktordur. Dövlət insan və vətəndaşların bərabər hüquq və azadlıqlara malik olmasına zəmanət verir. Sosial qrupuna, dininə, milliyyətinə, dil və siyasi mənsubluğuna baxmayaraq hamı qanun qarşısında bərabər sayılır.

İnsan hüquq və azadlıqları özgəninkiləşdirilə, qanunvericilikdə göstərilən hallardan başqa heç bir halda, heç kim tərəfindən məhdudlaşdırıla bilməz. Bu da bir prinsipdir. Lakin, dövlət və ictimai maraq xətrinə vətəndaşların hüquq və azadlıqları müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə yanaşma, yalnız konstitusion quruluşun qorunması, ölkənin və ictimai mənəviyyatın mühafizəsi, vətəndaşların həyat və sağlamlıqlarının müdafiəsi məqsədilə mümkün ola bilər.
Hüquqi status subyektlərin hüquqi vəziyyətini müvafiq normalarla müəyyən edən hüquq və vəzifələrin məcmusudur.

Bura:

1. Hüquq subyektliyi, hüquq qabiliyyətliyi, fəaliyyət qabiliyyətliyi və subyektin delikt qabiliyyətliyi-yəni subyektin anlaqlı olaraq (hərəkət və hərəkətsizliklə) əməlinin zərərli nəticəsini sərbəst düşünmək, törədilən xətaya görə cavab verə bilmək qabiliyyəti və hüquqi məsuliyyət daşıya biləcəyi(dəymiş ziyana görə məsuliyyəti) aiddir.

2. Qanunla müəyyən edilən hüquq və vəzifələr.

3. Müəyyən edilmiş hüquqlara zəmanət.

4. Subyektin vəzifələrini icra etməyə görə məsuliyyəti.

Bəs şəxsiyyətin hüquqi statusu necə başa düşülür?

Bu, dövlət və cəmiyyət qarşısında şəxsiyyətin hüquq və vəzifələrinin qanunla müəyyən edilməsi və tənzimlənməsidir. Şəxsiyyətin statusu özündə ictimai statusun müəyyən hissəsini əks etdirməklə insani və vətəndaş keyfiyyətlərinə aid edilir. Şəxsiyyətin hüquqi statusu ilə hüquqi vəziyyəti fəqlidir. Şəxsiyyətin inkişafı daha çox onun hüquqi vəziyyətindən asılı olur. İnsanın hüquqi vəziyyəti dövlətin mahiyyəti ilə, ictimai iqtisadi quruluşla müəyyən edilir. İnsan sosial fenomen kimi ictimai gücə malik yaradıcı varlıqdır. Şəxsiyyətin inkişafı dövlətin və cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsindən və sosial fəallığından asılı olur. Bu baxımdan, hər bir vətəndaş hüquq və azadlıqlarını, onun həyata keçmə metod və üsullarını yaxşı bilməli, cəmiyyətin və dövlətin inkişafında o dəyərlərdən bəhrələnməyi bacarmalı, konstitusion vəzifələrin onun hüquq və azadlıqları ilə qırılmaz əlaqədə olmasını aydın dərk etməlidir.

Şəxsiyyət hər şeydən əvvəl sosial fərd olaraq sadəcə təbiətin ayrılmaz bir zərrəciyi olan insan deyil. O, ətrafı və cəmiyyətlə qarşılıqlı əlaqədə, asılı olur. Şəxsiyyət bioloji və sosioloji varlıq olaraq insanın ayrılmaz hissəsi, ictimai münasibətlərin məcmusudur.
Sosial və bioloji varlıq olan fərdin-insanın bazisini əmək təşkil edir. Necə deyərlər, Yalnız əmək insanı digər canlılardan fərqli formalaşdırmış və inkişaf etdirmişdir. Şəxsiyyətin inkişafının əsas kriteriyası fərdin yaşadığı mühitdə, iradəsinə hakim, müstəqil “hökmranlıq” edə bilməsidir. Şəxsiyyətin hüquqi statusu cəmiyyətdə onun rolunu və yerini, ictimai vəziyyətini, əsas fəaliyyət növünü və istiqamətini hüququn mahiyyətinə xas müəyyən edir və şəxsiyyətlə kollektiv, cəmiyyət və dövlətlə hüquqi münasibətlərin dairəsini əhatə edir, əsas subyektiv hüquqları əks etdirir. Onun toxunulmazlığını, sosial və bioloji varlıq kimi ətrafı, dövlət və cəmiyyət qarşısında vəzifələrini qanuniləşdirir. Həm də şəxsi hüquqlarının da dairəsini normativləşdirir.

ƏSAS HÜQUQLAR SİSTEMİ

Əsas hüquqlar sistemi adətən beynəlxalq praktikanı təcəssüm etdirir. Konstitusiyada təsbit olunan bütün hüquqlar şəxsi, siyasi, sosial-iqtisadi hüquqlara ayrılır.

Şəxsi hüquqlar- şəxsin muxtariyyətinə və daxili aləminə, şəxsi həyatına arzu olunmayan müdaxilənin yol verilməzliyi kimi anlaşılır. Bu hüquq və azadlıqlar, insanın hüquqi statusunun əsas bazasını təşkil edir. Onların əksəriyyəti mütləq xarakter daşıyır, daha doğrusu həm ayrılmaz, pozulmaz və toxunulmaz olmaqla məhdudlaşdırıla bilməz. (Qanunvericilikdə göstərilən hallardan başqa)
Bura aiddir:
-Yaşamaq hüququ . Bu növ hüquq insan hüquqlarına aid bütün beynəlxalq hüquqi aktlarda demək olar ki, bütün ölkələrin konstitusiyalarında insanların ayrılmaz və qanunla mühafizə olunan hüquqları kimi əks olunur.

Müstəsna cəza tədbiri kimi ölüm hökmünə maratorium qoyulsa da Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində hansı əməllərə görə yaşamaq hüququndan məhrum edilə biləcəyi qeyd olunur.
Yaşamaq hüququ dövlətin üzərinə bir növ vəzifələr qoyur. Dövlət müharibəni və hər cürə münaqişəni rədd edən sülhsevər siyasət yürütməli, bu hüquqa zəmanət verməklə səhiyyə sistemində vətəndaşların həyat və sağlamlıqlarına aid islahatlar aparmalı, cinayətkarlığa, terror aksiyalarına qarşı səmərəli mübarizə həyata keçirməli, istehsalatda bədbəxt hadisələrin qarşısını almağa qabaqlayıcı tədbirlər görməlidir. və s.

ŞƏXSİYYƏTİN LƏYAQƏTİ

Şəxsi hüquqlara aid bu keyfiyyət başqalarının hüquq və azadlıqlarına, vəzifələrinə hörmət etməyi özündə birləşdirir. Ləyaqətin mühafizəsinə qanunla zəmanət verilir, konstitusiylarda ayrıca maddə ilə (Azərbaycan Respublikası konstitusiyasının 46-cı m) əksini tapır.

AZADLIQ HÜQUQU VƏ ŞƏXSİ TOXUNULMAZLIQ

Azadlığa olan hüquq elə bir dəyərdir ki, hər kəs qanunla qadağan olunmayan hərəkətləri etmək imkanlarını əldə edir. Bu, hüquqla sıx bağlı olan,şəxsin imperativləşən toxunulmazlığı,onun həyatını, sağlamlığını, şərəf və ləyaqətini əhatə edən əvəzsiz dəyəridir. İnsan öz taleyi ilə bağlı sərbəst sərəncam vermək qabiliyyətində və bacarığındadır, həyat yolunu özü seçə və müəyyən edə bilər. Müdaxilə yolverilməzdir. Bu, Azərbaycan dövlətinin konstitusiyasında da (m. 28, 32) bəyan edilmişdir.
Şəxsi həyata, mənzil toxunulmazlığına, milli mənsubiyyətə, vicdan və söz azadlığına olan hüquqlar da əsas hüquqlardandır.
Fikir- hər bir insanın özünə xas ayrılmaz cəhətidir. Lakin sözün azadlığı varsa ona məhdudluq tələbi də qoyula bilər. Demokratiya ilə azad sözün taleyi eyni olsa və biri digərindən ayrı yaşaya bilməsə də, sözə məhdudiyyət olmalıdır. Məsələn: Milli ədavəti qızışdıran, düşmənçilik yaradan, amansızlığa imkan verən sözlərin səsləndirilməsi(və səhnələşdirilməsi) qəbuledilməzdir.

SİYASİ HÜQUQLAR

Bu hüquqlar şəxsin, dövlətin və cəmiyyətin idarə olunmasında, siyasi həyatında iştirakı, siyasi mövqeyinin müəyyən edilməsi (siyasi azadlığı) başa düşülür. Bu tək (fərdi), və başqaları ilə birləşib həyata keçirilə bilər. Birləşmək hüququ şəxsin (vətəndaşın) siyasi həyatının əsas aspektlərinə toxunan siyasi hüquqdan bəhrələnməsidir. Məqsəd hər kəsin ictimai və siyasi həyatda iştirak etməkdə sərbəst olmasından ibarətdir.

Sonda… Başqalarının hüquqlarını pozmamaq və ziyan vurmamaq üçün öz hüquq və azadlıqlarımızı, ondan istifadə qaydalarını yaxşı bilməliyik. Hüquqlara hörmətlə yanaşmalıyıq ki, bizə də ehtiram etsinlər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 231          Tarix: 17-10-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma