Xəbər lenti

10 Noyabr Bəyanatının imzalanmasından sonra Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyət funksiyası getdikcə zəifləyir.

Çünki üç ilə yaxın müddət ərzində Azərbaycanın gördüyü tədbirlərlə sülhməramlıların gələcək mandatı üçün barmaq yeri azalır.

Ümumi fonda Azərbaycanın:

- İşğaldan azad edilmiş ərazilərdə hərbi təhlükəsizlik sistemini qurması,

- Aeroportlar tikməsi,

- “Böyük Qayıdış”ı sürətli icra etməsi,

- Geniş quruculuq işləri görməsi,

- Qarabağda erməni separatçılara qarşı bir neçə dəfə antiterror əməliyyatları keçirməsi,

- Əhəmiyyətli yüksəkliklərə nəzarəti bərpa etməsi, Fərrux kəndində, Laçın şəhərində, Zabux və Sus kəndlərində suverenliyini təmin etməsi,

- Laçın yolunun Ermənistana giriş nöqtəsində sərhəd-buraxılış məntəqəsi qurması vəziyyəti öz xeyrinə doğru xeyli şəkildə dəyişdirib.

Bütün bunlar avtomatik olaraq Ermənistan və Qarabağdakı separatçılar üzərində şiddətli təzyiq yaradan elementlər toplusudur.

Artıq Ağdam-Xankəndi yolu ilə Qarabağdakı ermənilərə humanitar karvan yollanılıb, hərçənd ki, onun keçidi hələ baş tutmayıb.

Keçidin reallaşması üçün Rusiya sülhməramlılarının komandanlığı ilə danışıqlar aparılır, lakin reallıq budur ki, artıq Azərbaycan bütün ərazi hüdudları çərçivəsində suverenlik iddialarını xeyli irəlilədib.



Regional həssaslıq və bölgədə oyunçuların aktivləşərək fəaliyyətlərini hər gün yeni mərhələyə keçirməsini nəzərə alsaq, deyə bilərik ki, rəsmi Bakı məqsədlərini tədrici şəkildə reallaşdırmağa üstünlük verir.

Hər bir vəziyyətdə gedişat Rusiya sülhməramlılarının “əməliyyat modeli”ni daraldır, bu kontingentin regiondan çıxarılmasını şərtləndirir.

Lakin hələ ki Azərbaycanla Rusiya arasında sülhməramlıların çıxış proqramına dair müzakirələr getdiyini demək çətindir. Bununla belə, Bakı əlindəki kartları elə oynayır ki, proses özü təbii şəkildə yetişsin və Azərbaycan məqsədlərinə çatsın.

Düşünmək olmur ki, sülhməramlılar gedəndən sonra belə, regionda vəziyyətin kövrəkliyi aradan qalxıb, onun yerinə möhkəm bünövrə qoyulacaq.

Buna baxmayaraq, Azərbaycan sülhməramlıların çıxışı üçün həddindən artıq imtiyazlar qazanıb ki, bu da öz ərazilərində yurisdiksiyasını təmin etmək üçün xeyli imkanlar qazandırır. 

Bu, Azərbaycan-Rusiya münasibətlərindəki “səssiz müharibə”ni izah etməyə imkan verir, hərçənd, etiraf etmək lazımdır ki, Bakı ilə Moskva körpüsündə razılaşmalar da qabarıqlaşır.

Regionda hökmranlıq iddialarını minimallaşdırmaqdan ötrü Azərbaycan separatizmə daha sarsıdıcı zərbələr tətbiq etmək hərəkətlərinin davamını gətirə bilər. Çünki regionda separatçılıq, erməni amili ilə oyun quran kanallar dağıldıqca Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində konstitusion quruluşunu bərpa etməyə daha çox yaxınlaşacaq. Təbii ki, Azərbaycan regiondakı oyunçuların ehtiyat üçün hazırladıqları statusları da gözdən qaçırmayacaq.

Bu, Azərbaycanın portfelini şaxələndirəcək və yeni oyunlara qarşı yeni əks-həmlələr işə düşəcək.

Bunun mənası odur ki, Azərbaycan Qarabağdakı hadisələr fonunda milli təhlükəsizliyi və beynəlxalq nüfuzu üçün əsas olan siyasi, iqtisadi, ictimai əsasları möhkəmləndirməyə davam edəcək.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 909          Tarix: 30-08-2023, 18:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma