Ekspert: ““Qarabağ klanı”nın yenidən hakimiyyətə gətirilməsi Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə soyuqluq gətirər”
Ermənistanın daxili siyasi seqmentində baş verən proseslər Rusiyanın baş nazir Nikol Paşinyanı devirmək məqsədilə yeni həmləyə əl atdığı ehtimalını önə çıxarır, xüsusilə keçmiş prezident Robert Köçəryanın həbs edilən oğlu Levon Köçəryanın “Ermənistan” fraksiyasından deputat mandatı alması və buna görə azadlığa çıxması fonunda.
Hesab etmək olar ki, Köçəryan oğlu Levonu azad etmək məqsədilə ona rəhbərlik etdiyi fraksiyadan “mandat” bağışlandı. Hərçənd Levonun parlament kürsüsünə çıxan kimi verdiyi açıqlamalar baş verənlərin təsadüf olmadığı versiyasını gücləndirir. Levon Köçəryan iki məsələ üzərində xüsusilə dayanıb.
Birincisi, Nikol Paşinyanın devrilməsi. O bildirib ki, əsas hədəfi hakimiyyət dəyişikliyidir: “Bunun necə həyata keçiriləcəyi haqda deyə bilərəm ki, müxtəlif küçə aksiyaları olub, seçkilərdə iştirak var, hərçənd gələcəkdə nəsə olacağını düşünürəm”.
Bununla oğul Köçəryan atasının edə bilmədiyini üzərinə götürdüyünü elan etdi. İkincisi, Qarabağ iddiasının gündəmə gətirilməsi. Levon iddia edib ki, “Qarabağ səhifəsi bağlanmayıb” və o, bununla bağlı mübarizə aparacaq. Baş verənlərin günahını isə Paşinyanın üzərinə yıxıb.
Axar.az yazır ki, Levon Köçəryan Ermənistan müxalifətinin yeni lideri, yaxud yeni siması olaraq ortaya çıxıb. Və bu planın Rusiyada hazırlandığı istisna edilməməlidir. Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planı sirr deyil, lakin bunu sosial məsələlər üzərində edə bilmədiyi də ortadadır. Əsas motiv kimi Qarabağ məsələsi götürülsə də, müxalifətin indiyə qədər həyata keçirdiyi fəaliyyət nəinki nəticə vermir, ümumiyyətlə, effektiv deyil. Bunun səbəblərindən biri kimi erməni ictimaiyyətinin Robert Köçəryan və Serj Sərkisyanın timsalında keçmiş klana olan nifrəti, Paşinyan gedəcəyi təqdirdə, eyni xunta rejiminin qayıdacağına dair qorxularıdır. İstisna deyil ki, Rusiya bu vəziyyətdə “bir daşla iki quş” vurmaq gedişi edir: həm müxalifətin yeni liderini-simasını önə çəkir, bununla əhalinin inamını qazanmağa çalışır, həm də yeni sima olaraq özünə yaxın olan şəxsi seçir, erməni müxalifəti üzərində nəzarət imkanlarını riskə atmaq istəmir.
Moskvanın gənc Köçəryan üzərindən belə bir plan qurmaq istəməsi nə qədər ciddi ola bilər?
AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov Ermənistanda Paşinyana qalib gələcək lider görmür: “Levon Köçəryanın Ermənistan müxalifətinin yeni lideri olma ehtimalı olduqca aşağıdır. Hətta belə olsa belə bu nəyisə dəyişməyəcək. Çünki bu gün Ermənistanda Rusiyaya bağlı olan müxalif qüvvələrin mövqeləri olduqca zəifdir. Bunun da bir neçə səbəbi var. Birincisi, istər Köçəryanın, istərsə də Sərkisyanın hakimiyyəti dövründə ölkədə baş alıb gedən özbaşınalıq, korrupsiya, əhalinin güzəranının həddən artıq aşağı olması erməni ictimaiyyətində bu klana olan inamı həddən artıq azaldıb. İkincisi, bu gün erməni ictimaiyyətində anti-Rusiya mövqeyi o qədər güclüdür ki, Rusiyaya bağlı olan istənilən siyasi fiqur məğlub olmağa məhkumdur.
Kiminsə yenidən Qarabağ kartından istifadə edərək uğur qazanması ehtimalı da demək olar ki, yoxdur. Nəzərə almaq lazımdır ki, anti-Rusiya mövqeyi nümayiş etdirən Paşinyan və komandası seçkilərdə böyük faizlə qələbəni məhz İkinci Qarabağ savaşındakı məğlubiyyətdən sonra əldə ediblər. Yəni erməni ictimaiyyəti üçün Qarabağ məsələsi böyük ölçüdə artıq keçmiş məsələdir. Paşinyan və komandasına səs verən çoxluq, bununla həm də Qarabağ yükünün Ermənistan üzərindən götürülməsinə səs verib.
Levon Köçəryanın Rusiya projesi olma ehtimalına gəldikdə isə bu qeyri-ciddi məsələdir. Rusiya yaxşı dərk edir ki, Robert Köçəryan və Serj Sərkisyanın timsalında keçmiş klana olan nifrət bu komandadan olan hər hansı bir şəxsin Paşinyan üzərində qələbə ehtimalının sıfıra endirir. O ki qala bu, Köçəryanın oğlu ola.
Rusiya üçün erməni müxalifətinin lideri timsalında ən uyğun namizəd əslində Vardanyan idi. Onun istər Ermənistan, istərsə də Qarabağ erməniləri üçün etdikəri, saxta “erməni soyqırımı” iddialarının dünyada yayılmasındakı xidmətləri, Ermənistanda çoxlu sayda iş yerləri açması, mütəmadi olaraq yardım kampaniyaları keçirməsi, o cümlədən də Köçəryan və Sərkisyan komandasında təmsil olunmaması, dünyadakı erməni diaspor təşkilatları ilə əlaqələri və nəhayət maliyyə imkanları ona müxalifət lideri qismində çıxış etmək imkanı tanıya bilərdi. Amma Rusiya bu kartdan vaxtından əvvəl və yanlış yerdə istifadə etdi, nəticə də göz qabağındadır.
Təbii ki, bu günün özündə də Rusiyada fəaliyyət göstərən, kifayət qədər maliyyə imkanlarına və erməni ictimaiyyətində müəyyən mövqelərə malik şəxslər var. Amma onların hər hansı birinin Paşinyana təzyiq edə biləcək və ya Ermənistanı yenidən Rusiyanın orbitinə qaytaracaq gücü yoxdur. Ermənistanı dizə gətirmək üçün yeganə mümkün variant hərbi çevriliş variantıdır. İndiki halda Paşinyanı ancaq bu yolla hakimiyyətdən uzaqlaşdırmaq olar".
BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı da Köçəryanın oğlunun hakimiyyətə gətirilməsini o qədər də real saymır: “Uzun müddətdir ki, Paşinyan-Köçəryan düşmənçiliyi davam edir. Köçəryan Paşinyanı həbsə göndərən prezident olub. Paşinyan da hakimiyyətə gələn kimi birinci Robert Köçəryanı həbs etdi. Bir müddət sonra Putinin şəxsi müraciətindən sonra Paşinyan Roberti azadlığa buraxdı. Artıq demək olar ki, bu düşmənçilik bir-birinə patoloji nifrət səviyyəsinədir, Köçəryan ailəsi də qisasçılıq hissi ilə yaşayır. Köçəryanın oğlu Levonun Rusiya tərəfindən hakimiyyətə gətirilməsi planı az inandırıcıdır. Çünki Rusiya çox yaxşı bilir ki, Ermənistan cəmiyyətinə uzun müddət rəhbərlik etmiş Köçəryan-Sərkisyan cütlüyünün böyük dəstəyi yoxdur. Bu adamları korrupsioner, qəddar, zülmkar bir xunta rəhbəri kimi xarakterizə edirlər. Paşinyan 44 günlük Vətən müharibəsində böyük məğlubiyyətə uğramasına baxmayaraq, dərhal keçirdiyi növbədənkənar seçkidə yenidən baş nazir seçilməyi bacardı. Köçəryana erməni cəmiyyəti yenə səs vermədi. Uzun müddətdir ki, belə bir sual yaranıb ki, Ermənistanda keçmiş spiker Dəmirçiyanın güllələnməsi təcrübəsi ola-ola Rusiya Paşinyanı niyə aradan götürmür? Rusiyanın uzun illik dövlətçilik təcrübəsi var. Rusiya ilk olaraq Ermənistanda sosial dayaqları güclü olan qərbpərəst qüvvələri xalqın gözündən salmaq və bütün dayaqlarını sıradan çıxarmaq istəyir. Hörmətdən düşən, Sorosun cocuğu və Fransanın bacısı olan Paşinyanın aradan götürülməsi daha uyğun olar. Rusiya Ermənistanda Qərbi gözdən salmaq məqsədini qarşısına qoyub. Nikol devriləndən sonra Rusiya özünün əlaltısını Ermənistana gətirər. Putinin qarşısında müti kimi durmaq istəyən o qədər erməni var ki. Levon indiki vəziyyətdə Paşinyana təzyiq kimi istifadə olunur. Bu qüvvələr Ermənistanda revanşist kimi qəbul olunur. Erməni xalqı bir daha dərindən düşünməlidir ki, 30 il ermənilərin var-yoxunu oğurlayan bir klanın yenidən hakimiyyətə qayıtması gücü Azərbaycanla növbəti müharibə deməkdir və Azərbaycanın dəmir yumruğunun Ermənistanın başını əzməsinə gətirib çıxaracaq. Buna görə də ermənilər növbəti səhvlərini etməməlidirlər. Həmçinin də Rusiya ilə həm Azərbaycanın, həm də Türkiyənin qarşılıqlı əlaqələrinin olmasını da unutmaq olmaz. Putin İlham Əliyevə çox böyük hörmətlə yanaşır. Köçəryan tayfasının yenidən hakimiyyətə gətirilməsi Rusiya ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin soyuqluğuna gətirib çıxarar. Bundan da ən çox ziyan çəkən Rusiya olacaq”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
Paylaş: