Xəbər lenti


Ermənistanla Azərbaycanın sülh müqaviləsi bağlamasına əngəl olanlar Ermənistana hamilik etmək yolunu seçiblər. Bu yol, əlbəttə, sülhə deyil, regional gərginliyin artmasına və münaqişənin yenidən alovlanmasına aparır.  

Bu dəfə ermənilər hamilərini daha uzaqdan –  dünyanın supergüclərindən seçməklə özlərini yeni ağaların əlində daha böyük alət olmağa hazırlayırlar. ABŞ və Avropa İttifaqının aprelin 5-də Ermənistanla gözlənilən görüşü və imzalamaq istədikləri hərbi pakt (təhlükəsizlik təminatı barədə saziş) Ermənistanın Azərbaycanla hələ rəsmi sənədlə təsdiq olunmayan sərhədə hərbi texnika toplanmağının əsas məqsədini aydınlaşdırır. Bu da dəqiq aydın olur ki, bağlanması nəzərdə tutulan həmin hərbi pakt təkcə Azərbaycana qarşı deyil, ümumilikdə region ölkələrinə böyük təhdid kimi görünür. 

Rusiya bu hərbi paktı kəskin pisləyərək öz mövqeyini birmənalı olaraq bildirdiyi və Ermənistana açıq şəkildə xəbərdarlıq etdiyi halda, digər region ölkələri məsələ ilə bağlı hələ də fikir bildirməyiblər. “Qırmızı xətt” deyərək faktiki olaraq Azərbaycana hədə-qorxu gəlməyə çalışan İran hökuməti nədənsə bu məsələ ilə bağlı hələ ki, susur. 

Qonşu Gürcüstan, hətta qardaş Türkiyə də, aprelin 5-də ABŞ və Avropa İttifaqının Ermənistanla bağlamaq istədikləri hərbi paktla bağlı rəsmi açıqlama və ya müəyyən bir bəyanatla çıxış etməyiblər.  

Azərbaycan dövləti və xalqı region ölkələrinin hamısına təhdid olacaq bu qərara qonşu ölkələrin düzgün və ədalətli siyasi mövqe bildirəcəyəinə və bunu zamanında edəcəyinə inanır. 

Nəhəng dövlətlər Cənubi Qafqazı qarşıdurma məkanına çevirmək üçün  Ermənistandan bu savaşın poliqonu kimi faydalanmaq məqsədi güdürlər.  

Bundan əvvəl də Fransadan  -   Makron hökumətindən kömək uman Paşinyan hökuməti Cənubi Qafqazda bu cür “geopolitik xaos” yaratmaqla Azərbaycanı kəskin beynəlxalq təzyiqlərə məruz qoymaq və bununla öz avantürist istəyinə nail olacağına ümid edir. 

Artıq Ermənistan tarix boyu olduğu kimi yenə də alətə çevirlməsinin fərqində olmalı və “Dəmir Yumruq”u unutmamalıdır. Paşinyan hökuməti bilməlidir ki, necə görünməsindən asılı olmayaraq, hazırlanan bu planı Azərbaycan dövləti özünə qarşı təhdid olaraq qəbul edəcək və bunun qarşılığında müvafiq addımlar atmağa məcbur olacaq.  

Məlumdur ki, “ötən ilin yanvarında bir qrup ermənipərəst jurnalist və ictimai fəalın Yelisey sarayında prezident Emmanuel Makronla görüşündə Fransanın Azərbaycanın Qarabağ iqtisadi regionuna birbaşa müdaxilə variantları müzakirə edilib. Ermənilərin istəklərinə cavab olaraq, Fransa prezidenti bu məsələni uyğun dövlət strukturlarının təmsilçiləri ilə müzakirə edib, lazımi qərarlar qəbul edəcəyi ilə bağlı vəd verib”. (mənbə: Fransa, “Le Fiqaro” qəzeti) 

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəsini bu hiyləgərliklə qurulan planlardan əzmkarlıq göstərərək qorudu. Bu, həm də o deməkdir ki, 44 günlük Vətən savaşındakı mübarək zəfərimizdən sonra da bir günlük xüsusi əməliyyatda olduğu kimi, Azərbaycan ermənipərəstlərin bütün məkrli ssenarilərini iflasa uğratmağa hazırdır. 

31 mart azərbaycanlıların soyqırımı günüdür

                    (Qısa xatırlatma)

Rusiyadan və İrandan gələn silah-sursatla tam təchiz edilmiş ermənilər daha öncədən - 1918-ci ilin yanvar ayından hərəkətə keçərək Bakıdakı erməni kilsəsində yerləşmişlər.  Stepan Lalayan, Tetos Əmiryan, Əmir Xanyan planlar qurmuş və əlaltıları ilə birlikdə 31 martda Bakıdan başlayaraq Azərbaycanın bütün bölgələrinə hücuma keçmiş, evlərə soxulmuş, əliyalın xalqa qarşı böyük qırğınlar törətmişlər. 

Bugünədək də ermənilərin 31 mart soyqırımını müsəlman türklərinə qarşı etdiklərini söyləsələr də, bu soyqırımda Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin, o cümlədən çox sayda talışların, kürdlərin, ləzgilərin, tatların, padarların, saxurların, avarların və yəhudilərin öldürüldüyü faktlarla sübut olunmuşdur. Bu, “Mart soyqırımını” hazırlayanların planlarının bilavasitə bir parçası olmuşdur. Çünki azərbaycanlıları qırmaqla, qalanlarının da qaçıb gedəcəyi düşüncəsinə qapılan ermənilər “Böyük Ermənistan” xülyalarını bu cür planlarla həyata keçirəcəklərini sanırdılar. Bunu vəd edən güclü dövlətlər onları bir bütöv bir əsr boyu bu “xəstəlikdən” sağalmasına imkan verməmişlər.  

Bugün hamilərini dəyişdirərək,  güclüyə sığınmaq, mağdur imicinə bürünərək yaltaq xüsusiyyətlərindən istifədə edərək bənzər ssenari ilə köhnə xülyalarından əl çəkməyən ermənilər bilməlidirlər ki, indi Azərbaycan 1918-ci ildəki Azərbaycan deyil, onun güclü ordusu, hərbi gücü və qətiyyətli, təcrübəli lideri və içindəki xainlərdən təmizlənmiş, yumruq kimi bütöv xalqı var. 

44 günlük Vətən savaşında öz gücünü göstərən Azərbaycan dövlətinin  iradəsindən və qərarından kənarda Cənubi Qafqazda hansısa əməliyyat öncədən uğursuzluğu gözə almalıdır.

Adilə Nəzərova

"Kitab Evi" İctimai Birliyinin sədri

 

 




Ana səhifəyə qayıt        Baxış: 3 473          Tarix: 31-03-2024, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma