Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrinin olduğunu vurğulayıblar.

Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.

Sual oluna bilər: “İlkin şərt olmadan münasibətlərin tam normallaşdırılması” nə deməkdir?

Bu, konstitusiya dəyişikliyinə getmədən diplomatik və iqtisadi-siyasi münasibətlərin bərpasını da ehtiva edir?

Qeyd edək ki, Azərbaycan prezidenti bir müddət əvvəl Ermənistanla sülh müqaviləsi bağlamaq üçün qarşı tərəfin konstitusiya dəyişikliyinə getməsini şərt qoymuşdu. Bunu onunla əsaslandırmışdı ki, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı açıq ərazi iddiaları var. İrəvan bunu dəyişdirməsə, onunla sülh müqaviləsi bağlamaq mümkün deyil.

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Heydər Oğuz Azərbaycan prezidenti İlham Əliyevin sülh sazişi üçün irəli sürdüyü bu ilkin şərtin tamamilə qanuni olduğunu və ondan keçməyin mümkünsüzlüyünü bildirdi:

“Çünki erməni tərəfinin 2009-cu ildə Türkiyə ilə apardığı danışıqların nəticələrindən çıxan təcrübələr də bunu tələb edir. Bilirsiniz ki, həmin danışıqlar zamanı əldə olunan razılıqlar “Sürix protokolları” adı altında toplanmışdı. Həmin protokollarda ermənilərin konstitusiya dəyişikliyi maddəsi də vardı. Uzun illər sürən danışıqlardan sonra Ermənistan Konstitusiya Məhkəməsi sənədlərin ölkə konstitusiyasına uyğun olmadığına qərar verir və 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sərkisyan onların denonsasiyası haqqında fərman imzalayır. Bununla da “Sürix protokolları” tarixin arxivinə göndərilir”.

10 oktyabr 2009-cu il. İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında iki protokol imzalanıb

Heydər Oğuzun fikrincə, o zaman Ermənistan Konstitusiya Məhkəməsi öz qərarını İlham Əliyevin dəyişdirilməsini tələb etdiyi maddələrə istinadən vermişdi:

“Bu məntiqlə, Ermənistanla əldə olunan bütün razılaşmalar yenə nə zamansa özlərini toparlayıb köhnə xəyallara düşən ermənilər tərəfindən rədd oluna bilər. Nəticədə illərlə çəkilən əziyyət boşa gedər. Onsuz da ermənilərin indiki konstitusiyası bu münasibətlərin normalaşmasının qarşısını almaq istəyən imperialist qüvvələr tərəfindən o cür hazırlanıb. Məqsəd bu regionda sülhün qarşısını kəsmək, Türkiyə və Azərbaycan üzərində davamlı basqı yaratmaqdı. Bu mənada həmin konstitusiya dəyişdirilməsə, münasibətlərin normallaşmasına ümid bağlamaq olmaz”.

Məhz bu məntiqdən hərəkət edən siyasi şərhçi Türkiyə prezidentinin “ilkin şərtlər” deyərkən ya hansısa ciddi normallaşma prosesini, ya da sülh müqaviləsi imzalamağı nəzərdə tutmadığına inanır:

“Türkiyə tərəfindən yayılan məlumatı diqqətlə nəzərdən keçirsək, həqiqətən də bunun həlledici məsələlərə şamil olunmadığını görə bilərik. Məlumatın mətnində “iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsi və indiyə qədər razılaşdırılmış məsələlərin təsdiqlənməsi” qeyd olunur. Təbii ki, nümayəndələr arasında danışıqların davam etməsi üçün hansısa şərtə ehtiyac yoxdur. Amma məsələ sülh sazişinə gələndə nə Azərbaycan, nə də Türkiyə öz ərazilərinə iddia edən və bunu konstitusiya kimi bütün beynəlxalq sənədlərdən üstün tutulan qanunvericilik aktına salan tərəflə bir masaya oturmaz. Əks halda, onunla sülh müqaviləsi bağlamaq yenə onun konstitusiyası ilə təsbit olunan iddiaları ilə də razılaşmaq deməkdir”.

Heydər Oğuzun təxminlərinə görə, “ilkin şərtlər olmadan normallaşma prosesinə davam etmək” təklifi Paşinyan tərəfindən Türkiyə prezidentinə verilib:

“Görünür, Paşinyan indiki halda konstitusiya dəyişikliyinin onun bacaracağı iş olmadığını Ərdoğanın diqqətinə çatdırıb. Deyib ki, Ermənistanda vəziyyət sizin təsəvvür edəcəyiniz səviyyədə deyil. Bir tərəfdən Moskva, digər tərəfdən onun İrəvanda qızışdırdığı keşiş tayfası, bir başqa tərəfdən də xaricdəki diaspora öz məkrli niyyətləri naminə aparılan danışıqları pozmağa çalışır”.

Zaira Akifqızı

Globalinfo.az




Ana səhifəyə qayıt        Baxış: 5 120          Tarix: 20-06-2024, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma