Xəbər lenti

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Amerikanın Səsi" radiosunun Ermənistan bölməsinin Ermənistan-Azərbaycan prosesi ilə bağlı suallarını cavablandırıb.

Bu barədə Oxu.Az aysor.am-a istinadən xəbər verir.

Şimali Atlantika Müqaviləsi Təşkilatı baş katibinin xüsusi nümayəndəsi Cənubi Qafqaz regionunda sabitliyin NATO üçün vacib olduğunu vurğulayaraq, alyansın İrəvan və Bakı arasında ABŞ və Aİ-nin iştirakı ilə sülh prosesinə dəstəyini ifadə edib.

"Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, sülhün bərqərar olmasına və onlar arasında uzunmüddətli sülh sazişinin bağlanmasına yönəlmiş danışıqları qətiyyətlə dəstəkləyirik. Biz tərəfdaşlarımızı düzgün istiqamətə aparmağa çalışırıq. Bizim üçün isə düzgün yol münasibətləri tənzimləməkdir, çünki bu, Qafqaza sabitlik gətirəcək", - deyə Kolomina bildirib.

O bəyan edib ki, Qafqaz Qara dəniz regionuna birbaşa təsir göstərir və Qara dəniz NATO-nun strateji maraqları regionudur: "Ona görə də regionda sabitlik bizim marağımızdadır, çünki qeyri-sabitlik bizə təsir edir".

Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş görüb-görmədiyini soruşduqda Kolomina müsbət irəliləyiş görəcəyinə inandığını və dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşü xüsusilə qeyd edib.

"İnanıram ki, inkişaf var. Bunun bizi hara aparacağını bilmirəm, lakin biz bu prosesi bacardığımız qədər dəstəkləməyə davam edəcəyik", - deyə NATO baş katibinin xüsusi nümayəndəsi bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 963          Tarix: 13-07-2024, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma