Bakıda fransız müstəmləkələrinin müstəqilliyinə yönəlmiş beynəlxalq azadlıq cəbhəsi yaradılıb.
Müvafiq bəyannaməni Korsika, Karib dənizi adalarını və Yeni Kaledoniyanı təmsil edən onlarla partiya imzalayıb. Paris repressiya yolu ilə son vaxtlar adaların müstəqillik hərəkatını zəiflətməyə müvəffəq olub, lakin onun kökünü kəsə bilməyib. Forumda kaledoniyalı siyasi məhbusların yaxınları da iştirak ediblər. Cəbhə Makronun repressiv maşınına qarşı özünü hansı üsullarla müdafiə etməyi planlaşdırır və Moskva burada hansı mövqedən çıxış edəcək?
NEWS.ru bu barədə material yayımlayıb. Məqalədə rusiyalı siyasətçi və politoloqların məsələyə münasibəti əks olunub.
Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markovun sözlərinə görə, Azərbaycan belə bir forum çağırmaqla Fransaya "şapalaq" vurub. Ekspert bildirib ki, "imperialist güclər" arasında özünü ən yaramaz aparan Fransadır. O, mərkəzi Afrikanın fransızdilli ölkələrini misal gətirib - formal olaraq onlar çoxdan müstəqildirlər, amma əslində Paris bu ərazilər üzərində real hakimiyyəti saxlayıb.
"Bəli, orada Fransanın təsiri zəifləyir, lakin bunlar hələ də ən kasıb ölkələrdir. Beşinci Respublika orada öz neokolonial rejimini qurub və hələ də ozünün dənizaşırı ərazilərini talayır. Eyni zamanda, bu regionların inkişafına imkan vermir", - deyə politoloq gileylənib. Markov Moskvada belə forumların hələ təşkil edilməməsindən təəssüfləndiyini bildirib.
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov hesab edir ki, Fransanın xaricdəki əraziləri çətin ki yaxın gələcəkdə müstəqillik əldə etsin, lakin Bakıda keçiriləcək forum olduqca vacibdir.
"Müstəmləkəçiliyin demək olar ki, bütün aspektləri müzakirə edildi. Bu mövzuları BMT-nin gündəliyinə və UNESCO kimi digər böyük beynəlxalq təşkilatların platformalarına çıxarmaq imkanı olacaq. Deməli, konqres xaricdəki ərazilərin Fransadan müstəqillik qazanmasından əvvəl atılmış mühüm addımdır", - deyə o izah edib.
Ekspert hesab edir ki, antimüstəmləkəçilik hərəkatında ən aktual məsələlərdən biri mədəniyyət və ekologiya məsələləridir. "Bir vaxtlar müstəmləkələrdən oğurlanaraq Parisə aparılan qiymətli əşyalar problemi diqqəti çəkir. Müstəmləkələrə əlverişsiz şərtlər qoyulur - onlar təbii sərvətləri qəpik-quruşa satır, bahalı və eyni zamanda yararsız mallar almağa məcbur edilir, ekoloji cəhətdən zərərli istehsalat sahələrinə yer ayırırlar", - Solonnikov bildirib.
Dövlət Dumasının deputatı Aleksey Juravlev öz növbəsində NEWS.ru-ya açıqlamasında bildirib ki, 21-ci əsrdə hələ də zəli kimi başqalarına yapışan və qopmaq istəməyən ölkələr var. "Yeri gəlmişkən, bir çox Qərb ölkələrinin bu və ya digər dərəcədə müstəmləkələri var. Nəinki Fransa, hətta Böyük Britaniya, hətta faktiki olaraq demokratiyanın beşiyi sayılan ABŞ-nin də".
Deputatın sözlərinə görə, Rusiyanın heç vaxt belə asılı əraziləri olmayıb və sovetlər dövründə Kreml müstəmləkə qalıqlarına qarşı məqsədyönlü mübarizə aparıb. "Yeri gəlmişkən, hələ 1920-ci ildə Bakıda Şərq xalqlarının qurultayı keçirildi, orada müstəmləkə boyunduruğundan qurtulmaq barədə müzakirələr gedirdi. Deməli, bu baxımdan Azərbaycanın gözəl irsi var və nə yaxşı ki, Bakı yenidən bu mövzuya qayıdıb", - deyə rusiyalı parlamentari yekunlaşdırıb.
Paylaş: