Xəbər lenti

"Bu günlərdə İranın nüfuzlu "Xəbər-onlayn" portalı Cənubi Qafqazda baş verən dəyişikliklər barədə ekspert müzakirəsi təşkil edib. "Zəngəzur: tranzit keçidi, yoxsa NATO-nun Turan dəhlizi? İran nə etməlidir?" başlığı ilə keçirilən həmin müzakirədə Tehran Universitetinin professoru, Qafqaz və Mərkəzi Asiya üzrə tanınmış ekspert Bəhram Əmir-Əhmədian, İranın Ermənistandakı sabiq səfiri Seyidəli Səqqaian və Qafqaz məsələləri üzrə ekspert Andranik Simonyan iştirak edib. Verilən məlumata görə, müzakirə gedişində Zəngəzur dəhlizinin mahiyyəti, Cənubi Qafqazda baş verən proseslərdə regional və transregional oyunçuların rolu, 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatı hüquqi aspektləri, Azərbaycan və Türkiyənin geosiyasi planları və digər mövzulardan bəhs olunub".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni videotəhlildə qeyd edilib.

Bildirilir ki, sözügedən müzakirədə İranın İrəvandakı keçmiş səfiri Seyidəli Səqqaian 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi zamanı İranın Ermənistana göstərdiyi yardım barədə xatirəsini danışıb.

"O bildirib ki, hərbi əməliyyatlar nəticəsində Qara dəniz vasitəsilə Gürcüstan üzərindən Ermənistana ərzaq və yanacaq daşınması kəsilmişdi. Bununla əlaqədar Ermənistanın baş naziri məni dəvət edib bildirdi ki, bizim yalnız üçgünlük yanacaq və un ehtiyatımız var və İrandan kömək istədi; mən dərhal Tehrana yollandım, aparılan müzakirələr nəticəsində ozamankı prezident Əhmədinejadın göstərişi və Ali Milli Təhlükəsizlik Şurasının qərarı əsasında 48 saat ərzində Ermənistana un və yanacaq göndərildi. "Beləliklə, İran bir daha Ermənistanın dadına yetişdi" - deyə keçmiş səfir əlavə edib. Diplomat onu da vurğulayıb ki, yardım göstərildikdən sonra Ermənistanın ozamankı baş naziri Tiqran Sarkisyanla görüşdə ona deyib: "Cənab baş nazir, gördünüz, nə Moskva, nə ABŞ, nə də Fransa Ermənistana kömək etmədi, yenidən İran Ermənistanı xilas etdi".

Bu, Azərbaycan torpaqlarının erməni işğalında olduğu dövrdə İranın təcavüzkar Ermənistana göstərdiyi yardımların yalnız bir epizodudur və İranın işğalçı dövlətin ayaqda qalması üçün atdığı addımlar bununla məhdudlaşmayıb. Təsadüfi deyil ki, keçmiş səfir öz çıxışında İranın bir daha, yəni növbəti dəfə Ermənistanın dadına yetişməsini və onu çətin vəziyyətdən xilas etməsini xüsusi vurğulayıb".




Ana səhifəyə qayıt        Baxış: 3 254          Tarix: 27-09-2024, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma