Ermənistan 8 avqust anlaşmasını pozaraq avropalı kəşfiyyatçıları bölgədən çıxarmır, Laçın və Zəngilan istiqamətlərində isə sərhəd qoşunlarını yerləşdirir - Bakının tələbi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Avropa İttifaqı (Aİ) Ermənistanda qrant və vədlərlə rusofobiyanı təbliğ edir. “Onlar indi Ermənistanda müşahidə və faktiki kəşfiyyat missiyasını yerləşdirərək respublikanı öz hərbi-siyasi orbitinə çəkiblər”, - Zaxarova qeyd edib. Zaxarovanın bu açıqlaması Azərbaycanı da yaxından maraqlandıran Aİ-nin sərhədimizdə daha nə qədər qalacağı mövzusunu aktuallaşdırıb.
Yada salaq ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddəti daha iki il uzadılıb. Bu qərara əsasən, avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında qalacaqlar. Bakı ilə İrəvan arasında faktiki sülhə baxmayaraq, Ermənistanda hələ də fəaliyyət göstərən Aİ monitorinq missiyası həftəsonu Ermənistan-Azərbaycan sərhədində 7000-ci monitorinq keçirib. Missiyanın rəhbərliyinin bu münasibətlə dərc edilmiş bəyanatında yubiley patrulunun sərhədin hansı hissəsində aparıldığı göstərilmir.
Rəsmi Bakı dəfələrlə bildirib ki, artıq Aİ-nin müşahidə missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. Yayda Ağ Evdə paraflanan sülh sazişi mətninin 7-ci maddəsində də yazılır ki, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcək. Tərəflər qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.
Bu o deməkdir ki, regiondakı Aİ müşahidəçiləri Ermənistanın sərhədyanı rayonlarını tərk etməli olacaqlar. Buna baxmayaraq, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos “erməni ictimaiyyətini təmin etmək istəyirəm ki, Avropa İttifaqının missiyası mandatına uyğun fəaliyyətini davam etdirəcək” deyib. Maraqos deyib ki, Aİ missiyası Ermənistan hakimiyyətinin dəvəti ilə ölkədədir və gərək olduğu müddətdə burada qalacaq.
O da faktdır ki, “müşahidə missiyası” adı altında sərhədimizdə faktiki hərbi infrastruktur yaradılıb. Aİ-nin bu missiyanı sərhədimizdə saxlamaqda əsl məqsədi nədir? Maraqlıdır ki, Ermənistan sərhəddə sərhəd qoşunlarını yerləşdirməyə başlayıb.
Belə ki, Laçın və Zəngilan istiqamətlərində “Kornidzor”, “Xndzoresk” və “Hartaşen” sərhəd zastavaları yaradılıb. Qeyd edək ki, indiyə qədər Ermənistan Azərbaycan sərhədində yalnız Müdafiə Nazirliyinin qüvvələrini yerləşdirmişdi. Hazırda da Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələri fəaliyyət göstərir.
Hərbi ekspert Ramil Məmmədli bildirib ki, Paşinyan sərhədin delimitasiya olunan hissələrindən avropalı “revizor”ların çıxarılacağı vədini verib. Onun xatırlatmasına görə, Ermənistan hökumətinin başçısı “kəşfiyyat missiyası”nın yekun sülh sənədi imzalandıqdan sonra bölgəni tamamilə tərk edəcəyini açıqlayıb: “Bu qərarın verilməsində iki faktor ola bilər - biri sərhəddə yerləşmək və kəşfiyyat işləri aparmaqdırsa, əsas səbəb Rusiya ilə bağlıdır. Zaxarovanın açıqlamasında da bu narahatlıq hiss olunur. Söhbət Rusiya hərbçilərinin Ermənistanın Türkiyə və İranla sərhədlərində yerləşdiyi halda, bölgəyə avropalı jandarm qüvvələrinin yerləşdirilməsindən gedir. Rusiya bu addımı onun vassalı kimi gördüyü ölkədə Qərbin öz hərbi mövcudluğunu artırmaq cəhdləri kimi qiymətləndirir”.
R.Məmmədli Aİ missiyasının 2027-ci ildən tez Ermənistandan gedəcəyini gözləmir: “Hətta ondan sonrakı dövrdə müxtəlif status və təyinatla onların bölgədə fəaliyyətinin uzadılması istisna deyil. Həmçinin kamfulyaj olunaraq Ermənistanda işləyə bilərlər. Məqsəd Ermənistanda Qərbin təsirlərinin saxlanmasıdır. Bu mövcudluq özünü ictimai-siyasi və hərbi tərəfdən göstərir. Avropa İttifaqı sərhəddə bu missiyanı saxlamaqla Rusiyaya göz dağı verdiyini düşünür. Bununla demək istəyirlər ki, Ermənistan kimi forpost ölkəni Kremlin əlindən alıblar. Lakin hesablamalar yanlışdır. Vaxtilə Gürcüstanı da belə görürdülər. Üstəlik, Rusiyanın Ermənistanda iki hərbi bazası var - Gümrü və Erebunidə. Dediyim kimi, digər sərhədlərində də rus hərbçilər yerləşib. Yəni Avropa İttifaqı mülki missiya adı altında Ermənistanda nəyəsə nail olacağını düşünürsə, əlamətləri görünmür. Sadəcə, Rusiyaya qarşı bir addımdır və Cənubi Qafqazda onun sıxışdırılmasına hədəflənib”.
Hərbi ekspert Ermənistanın Azərbaycanla əldə olunan 8 avqust razılaşmasının sözügedən bəndini pozduğunu hesab edir: “Sərhəddə üçüncü qüvvənin olmaması barədə anlaşma varsa, nə üçün avropalı müşahidəçilər orada qalmalıdır? Sərhədin delimitasiyası da sürətli getməlidir ki, ən azından Paşinyan verdiyi sözü yerinə yetirsin və onları demarkasiya olunan yerlərdən çıxarsın. Ümumiyyətlə, Ermənistan müxtəlif güclərin hərbi poliqonuna oxşayır. Bir sərhədində rus əsgərləri, Azərbaycanla şərti sərhəddə avropalı "casus"lar, üstəgəl erməni hərbçiləri. Bu da absurddur və bir ölkənin ayrı-ayrı güclərin əlində necə oyuncağa çevrildiyini göstərir. Azərbaycan sərhədlərini isə yalnız öz əsgərlərimiz qoruyur".
Müsahibimiz Ermənistanın bu təhlükəli siyasətə son qoymalı olduğunu düşünür: “Azərbaycanla sərhəddə Ermənistan sərhəd qoşunlarının yerləşdirilməsinə gəlincə, bu məsələdə razılıq ola bilər. Məsələ bundadır ki, paraflanmış sülh mətninə əsasən sərhəddə üçüncü qüvvə olmamalıdır. Paşinyan isə avropalı kəşfiyyatçıları üçüncü tərəf saymır və onlar guya mülki müşahidəçilərdir. Halbuki "binokl"la ərazilərimizi izləyirlər, aralarında hərbi kəşfiyyat missiyası yerinə yetirənlər var, hətta silahlarının olması da mümkündür. Üstəlik, missiyada Avropaya aidiyyəti olmayan Kanada da yer alır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Paylaş:




























