Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi Avropada birmənalı qarşılanmayacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına qəbul olunmaq üçün konkret tələblər irəli sürür:
“Bu tələblər ondan ibarətdir ki, Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar getsə də, Türkiyə Avropa İttifaqının irəli sürdüyü tələblərə cavab versə də, Aİ Türkiyəni qəbul etməyə niyə tələsmir?! Ankaranın qəzəbinin səbəbi də budur: Avropa İttifaqının tələblərinə uyğun olmayan bir neçə Şərqi Avropa ölkəsi İttifaqa qəbul olunduğu halda, qardaş ölkənin kənarda saxlanmasının anlamı nədir?!”
Politoloq deyib ki, son illər Türkiyə ilə Avropa arasında miqrantlarla bağlı böhran yaşanır:
“Türkiyə böhranın ən ağır şərtlərindən biri olan Suriya qaçqınlarının öz ərazisində yerləşdirilməsini üzərinə götürdükdən sonra Avropa İttifaqının siyasətində ona qarşı münasibətin dəyişəcəyini düşünürdü. Bunun tamamilə əksinin şahidi olduq, Türkiyəyə qarşı olan şərtlər nəinki yumşaldı, hətta daha da ağırlaşdı. Türkiyədə gedən daxili siyasi məsələlər, islahatlar da Avropanı qane etmir və onlar Türkiyədə diktatorluq meyillərinin artdığını iddia edirlər. Hərçənd təcrübə göstərir ki, Türkiyə hakimiyyətinin həyata keçirdiyi islahatlar şəffaf seçkilərin nəticələrinə əsaslanır. Belə olan halda Avropanın təsir mexanizmləri Türkiyədə zəifləyir. Ankara Avropadan bu ölkədəki seçkilərin nəticələrinə hörmətlə yanaşmasını istəyir. Bu məsələ Avropa ilə Türkiyə arasında getdikcə daha da mürəkkəbləşir. Almaniya rəhbərliyi isə bunun səbəbini Ərdoğanda görür. Bu vəziyyətin yaxın illərdə dəyişəcəyini düşünmürəm. 2019-cu ildə Türkiyədə seçkilər olacaq ki, burada da əsas namizəd Rəcəb Tayyib Ərdoğandır. Bu, gərginliyin daha da artmasına səbəb olacaq”.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker bu gün Türkiyə ilə münasibətlərin gərginləşdiyini bildirib.
Paylaş: