Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı yalan və saxtakarlığın klassik formasıdır.
Ovqat.com bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə torpaq iddiası və Türkiyəni bu gün tarixi saxtakarlıq olan "erməni soyqırımı"nda ittiham etməsindən sonra qonşulara dostluq münasibəti təklif etməsi məlumatsız auditoriya üçün qurulan bir teatr tamaşasını xatırladır: "Sarkisyan sivil, demokratik, müasir düşüncəli bir lider kimi görünməyə çalışır, ancaq Ermənistan dünyada artıq çoxdan beynəlxalq hüquq normalarına riayət etməyən, qonşu dövlətlərlə müharibə və diqtə dilində danışan, öz ölkəsində demokratik dəyərləri tapdalayan bir ölkə kimi tanınır".
Deputat vurğulayıb ki, Ermənistan bu gün saxta bir oyun oynamağa, beynəlxalq ictimaiyyətdə özünün ləkələnmiş imicini təmizləməyə çalışır: "O, ölkə daxilində indiki hakimiyyətin bir güc və nüfuz olduğunu göstərməyə çalışır. Amma tarix belə saxta oyunları çox görüb. Hesab edirəm ki, Ermənistanın özünü təmizə çıxarmaq və törətdiyi cinayətlərdən yaxasını qurtarmaq mümkün olmayacaq".
Paylaş: