Cenevrə ötən ilin “aprel müharibəsi”nin nəticəsi olaraq keçirilən Vyana və Sankt-Peterburq görüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin ilk təmasına ev sahibliyi etdi. Və 2015-ci ilin son ayında – dekabrın 19-da - İsveçrənin paytaxtı Berndə keçirilən görüşdən demək olar ki, heç nəyi ilə fərqlənmədi: eyni ifadələr və görüş başa çatandan sonra videokameraların və fotoobyektlərin önündə diplomatik mimikalar. Lakin görüş sonrası verilən bəyanatlar, xüsusilə “gərginliyin azaldılması ilə bağlı razılaşma” diqqət çəkir və prosesdən “Bu görüşü kim və niyə təşkil etdi; prezidentlər niyə buna razı oldu; bundan sonra nələr olacaq?” kimi suallar boylanır.
Təxminən 1,5 saat çəkən görüşlə bağlı yalnız üç açıqlama verildi: Minsk qrupunun bəyanatı, Serj Sarkisyanın İsveçrədəki erməni diasporu önündə dediyi sözlər və Azərbaycan prezidentinin köməkçisi Novruz Məmmədovun dedikləri.
Həmsədrlər “Görüş konstruktiv mühitdə keçdiyini, prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdıdığını” bəyan etdilər.
Serj Sarkisyan “Problemin həlli ilə bağlı konkret variant yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması ilə bağlı tədbirlər görək və ön cəbhədə qurbanlar olmasın. Həm Azərbaycan prezidenti, həm də mən bu məsələdə çox maraqlıyıq. Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik” deyə bildirdi.
Novruz Məmmədov isə Ermənistan prezidentinin yenə öz ampulasında olduğunu, “razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin” anlaşmasını pozduğunu, “həmsədrlərdən və ATƏT-in nümayəndəsindən belə utanmadığını”, “Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və belə də qalacağını” bəyan etdi. Ardınca da əlavə etdi ki, “Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq”.
Göründüyü kimi, Sarkisyan görüşdəki razılaşmanı pozaraq, “öz qələbəsi”ni elan etməyə çalışdı. Lakin onun erməni diasporu qarşısında dedikləri Cenevrəyə gəlişinin məqsədini müəyyən etməyə imkan verir: daxili auditoriyaya işləmək. Əslində “Bizim üçün yeganə həll yolu odur ki, Qarabağ Azərbaycanın hüdudlarından kənarda olsun” sözləri görüşdə bunun tam əksinin müzakirə edildiyi ehtimalını gücləndirir. Yəni Sarkisyan bu sözü deməyinə səbəb olan zərurət olmasaydı, Məmmədovun bəhs etdiyi razılaşmanı pozmazdı. Bu baxımdan, 2018-ci ilin aprelində postunu tərk edəcək Sarkisyanın açıqlaması öz gələcəyinə hesablanmışdı.
Birincisi, o, gələn il siyasətdən getsə belə, tarixdə “erməni maraqlarını qoruyan prezident” kimi qalmaq istəyir. Səlahiyyət müddətinin bitməsinə aylar qalmış Cenevrəyə gələrək, danışıqlar masasına əyləşməsinin səbəblərindən biri də budur. Hərçənd, Sarkisyanın Ermənistanı idarə etməkdən əl çəkmək niyyəti görünmür. Və burada ikinci amil önə çıxır.
İkincisi, Sarkisyanın prezident səlahiyyətləri başa çatandan sonra ya Milli Təhlükəsizlik Şurasının baş katibi olmaq, ya da baş nazir olaraq Ermənistanda bütün strukturlara rəhbərlik etmək niyyəti var. Onun “Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz” sözlərini dolayısı ilə “hər kəsə nəzarət edəcəm” kimi də oxumaq mümkündür. Yəni: Qarabağın zəmanətçisi yalnız odur; ölkəyə rəhbərlik edə biləcək başqa şəxs Azərbaycanın qarşısında geri çəkilə bilər; buna görə də o, belə bir təhlükənin qarşısını almaq üçün hər şey edəcək.
Nəticə etibarilə, Sarkisyanın Cenevrəyə gəlişi, ardınca razılaşmanı pozub bu açıqlamanı verməsi, gələcək rəqiblərini indidən neytrallaşdırmaq gedişidir.
Gərginlik?: Cenevrə danışıqlarında “gərginliyin azaldılması ilə bağlı” razılıq şübhəli məqamlar yaradır. Cəbhədə intensiv şəkildə atəşkəs pozulsa da, “aprel müharibəsi”ndə, yaxud ondan əvvəl olduğu səviyyədə gərginlik müşahidə olunmur. Bunun fonunda prezidentlərin məhz “gərginliyin azaldılması” ilə bağlı razılaşma əldə etmək üçün bir araya gəldiyi ehtimalı qəbuledilməzdir. Hər halda bir il yarımdan sonra prezidentlər gərginliyi müzakirə etmək məqsədilə görüşmədi. Deməli, bu ictimaiyyətə hesablanmış diplomatik etiket və görüşün detalları üzərindəki pərdədir. Və şübhəsiz ki, ümumi bəyanatın bu formasını görüşü təşkil edən tərəf hazırlayıb.
Görüşü kim təşkil etdi?: Prezidentlərin ilin sonuna kimi Rusiyanın təşkilatçılığı ilə görüşəcəyinə dair informasiya yayılmışdı. Hər kəs görüşün rus torpaqlarında olacağını gözlədiyi halda, ABŞ önə keçdi və məkan olaraq Cenevrə seçildi. Görüşün məhz Avropada keçirildiyi üçün təşkilatçının ABŞ olduğu fikri yaranmır, bu fikri formalaşdıran daha güclü məqamlar var:
1. Hər iki ölkənin XİN rəhbərləri prezidentlərin görüşünü təşkil etməklə bağlı razılığa Amerika torpağında – Nyu-Yorkda gəldilər.
2. Görüşdən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdi və diqqət çəkən məqam o idi ki, səfər zamanı ən aktiv həmsədr məhz ABŞ-ın yeni təyin etdiyi diplomat Endrü Şofer idi.
3. Yeni həmsədr Minsk qrupunun tərkibində İrəvana səfər zamanı işğal olunmuş Dağlıq Qarabağa ayrılıqda baş çəkdi. Ardınca həmsədrlər Bakıya gəldi və Prezident İlham Əliyev E.Şoferi qəbul etdi. Güman ki, Şofer İrəvanda və Bakıda görüşlə bağlı danışıqlar apararaq, razılaşma əldə edib.
Görüş niyə təşkil edildi?: Danışıqların atmosferindən də göründüyü kimi, Cenevrədə münaqişənin həlli ilə bağlı heç bir ümidverici nəticə yoxdur. Lakin Amerikanın məqsədi heç də nəyəsə nail olmaq yox, Rusiya ilə döyüşdə siyasi gediş edərək, önə çıxmaq istəyi idi. O da istisna deyil ki, ABŞ gələcəkdə tərəflərə yeni həll variantı təqdim etmək istəyir, Cenevrə toplantısı da bu istiqamətdə atılan ilk addımdır. Lakin indiki məqamda Cenevrə görüşü ABŞ-Rusiya qarşıdurmasının nəticəsi olaraq görünür. Ən maraqlı məqam isə münaqişə ilə bağlı okeanın o tayında hazırlanan və Ermənistanın danışıqlarda ilkin şərt kimi irəli sürdüyü “atəşkəsə nəzarət mexanizmi”nin kənara qoyulması idi.
Və burada diqqətçəkən əsas suallardan biri danışıqlar xatirinə keçirilən görüşdə iştirak etməkdən qəti şəkildə imtina edən rəsmi Bakının Cenevrə görüşünə niyə razı olmasıdır. Yaxud sualı belə qoya bilərik:
Prezident İlham Əliyev Cenevrəyə niyə getdi?
a) Cenevrə görüşünü Donald Trampın Ağ Evdə rəhbərliyə gəldikdən sonra Qarabağ münaqişəsi ilə bağlı ilk təşəbbüsü hesab etmək olar. Bu baxımdan, Azərbaycan lideri həm Trampın ilk təşəbbüsünü geri çevirmədi, həm də Tramp Administrasiyasının Qarabağla bağlı nəbzini yoxlamış oldu. Bunu diplomatik manevr olaraq qiymətləndirmək olar.
b) Belə demək mümkünsə, ABŞ Bakının tələbəni qəbul etdiyi üçün Cenevrə görüşü baş tutdu. Söhbət Obama dövründə erməni lobbisinə bağlı olan konqresmenlər Eds Roys və Eliot Engel tərəfindən hazırlanmış “atəşkəsə nəzarət mexanizmi”ndən gedir. Bu layihə Dağlıq Qarabağda mövcud status-kvonun saxlanılması və möhkəmləndirilməsinə hesablanıb. Rəsmi Bakı mexanizmləri qəti şəkildə inkar edir, İrəvan isə bunu danışıqlarda ilkin şərt kimi irəli sürür. Nazirlərin Nyu-York görüşündə bu məsələ müzakirələrdən çıxarıldı. Ardınca Cenevrə danışıqlarında da Ermənistanın şərti gündəliyə salınmadı. Hesab etmək olar ki, Prezident İlham Əliyev Trampın göndərdiyi həmsədr Şoferi qəbul edərkən, “atəşkəsə nəzarət mexanizmi” məsələsinin kənara qoyulması ilə bağlı öz şərtini irəli sürüb və məhz bu, qəbul edildiyi üçün Cenevrə görüşünə razılıq verib. Lakin məsələ təkcə Trampın Obamadan qalma layihədən imtinası yox, həm də işğalçı Ermənistanın heç bir şərt irəli sürmədən danışıqlar masasına əyləşməsidir.
Cenevrədə Bakı nə qazandı?: Görüş münaqişənin həllində heç bir rol oynamadı, lakin Azərbaycanın qazanclı çıxması ilə nəticələndiyini deyə bilərik. Təbii ki, münaqişə ədalətli şəkildə həll olunmadığı təqdirdə, belə qazanclar kiçik görünür. Amma bu qazancın mürəkkəb diplomatik müharibədə 1:0 önə keçmək olduğu da diqqətdən yayınmamalıdır.
Ermənistan ötən ilin 16 mayında Vyanada keçirilən görüşdə irəli sürülən “atəşkəsə nəzarət mexanizmi”ni danışıqlara başlamaq üçün ilkin şərt kimi irəli sürürdü. Və yaxşı bilirdi ki, Bakı bunu qəbul etməyəcək. Şərtin qəbul olunmaması isə danışıqların dondurulması deməkdir. Hər iki halda İrəvan qazanc əldə edir: Bakı şərti qəbul etsə, bu şüurlu şəkildə mövcud status-kvonun möhkəmləndirilməsinə imza atmaqdır, qəbul etməyəndə isə İrəvan həmsədr ölkələrə “mən danışıqlara hazıram, amma Azərbaycan masaya gəlmək istəmir” mesajını verirdi. Azərbaycan dilemma qarşısında qalmışdı, çünki bu mexanizmləri təklif edən Qərbdə Ermənistana dəstək verənlər məsələni daim ön plana çıxarır və işğalçının mövqeyinə dəstək verirdilər. Lakin Bakının manevrləri İrəvanın oyununun bumeranq effekti verməsi ilə nəticələndi. Ermənistan danışıqları pozmağa hesablanmış ilkin şərtindən imtina etdi və danışıqlar masasına Bakının istəyi ilə əyləşdi. Bu, həm də Ermənistanın növbəti görüşlərdə “keçmiş şərti” yenidən irəli sürməsinin çətinləşməsi deməkdir. Faktiki olaraq Cenevrə görüşünü Azərbaycan üçün uğurlu hesab etmək olar.
Gələcək necə görünür, yaxud rusların cavabı nə olacaq?: Bundan sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında suların durulacağını gözləmək çətindir. Çünki gələn il Azərbaycanda və Ermənistanda seçkilərdir, bu isə istər-istəməz danışıqlar prosesinin ləngiməsi deməkdir. Lakin Serj Sarkisyanın Ermənistanda “təhlükəsizlik təminatçısı” olduğunu sübut etmək cəbhədə gərginliyi artırması da istisna deyil. Bunu qarşıdakı zaman göstərəcək.
publika.az
İlin sonuna kimi prezidentlərin yenidən görüşməsi ehtimalı da yüksəkdir. Çünki Rusiya ABŞ-a qarşı demarş edəcək. Ötən il Vyana görüşündən dərhal sonra Sankt-Peterburq görüşünün keçirilməsi təcrübəsi də bu ehtimalı artırır. Digər tərəfdən, Cenevrə görüşü haqda heç bir gözlənti olmadığı vaxt prezidentlərin Rusiya torpağında Putinin təşkilatçılığı ilə bir araya gələcəyi haqda danışılırdı. Bu baxımdan, Rusiya qarşıdakı aylarda “təşəbbüsü geri qaytarmaq” istəyi ilə Qarabağ görüşü təşkil edə bilər.
Paylaş: