İqor Subbotin
“Nezavisimaya qazeta”, Rusiya; 24.XI. 2017
Moskvada, “Washington Post”da nəşr edilən yazıdan sonra haqqında müzakirələrin yenidən başladığı ABŞ-ın Suriyanın şimalında hərbi varlığını saxlamaq planını tənqid etdilər. Rusiya parlamentində Vaşinqtonun siyasətini Yaxın Şərqin bu ölkəsində “özünə ehtiyat üçün faydalı mövqe saxlamaq cəhdi” adlandırırlar.
Ekspertlərsə hesab edirlər ki, bazalar rus-amerikan bazarlığının başlıca predmeti deyil, onların gələcəyi regionun bütün oyunçuları üçün aydındır. Böyük ehtimalla, məsələ budur ki, kürdlərin nəzarətində olan şimal ərazilərində enerji ehtiyatları necə bölünəcək.
Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev “Washington Post”un ABŞ rəhbərliyinin Suriyanın şimal ərazilərində hərbi təsirini saxlamaq niyyəti haqqında verdiyi məlumata reaksiya verərkən, deyib: “Bu, partiyanın endşpilə keçməsinin tutarlı təsdiqidir: çoxları finalda özünə ehtiyat üçün faydalı mövqe saxlamağa tələsir ki, buradan Suriyada siyasi tənzimləmə prosesinə təsir etsinlər. Bu, eyni zamanda Vaşinqtonun ondan açıq şəkildə yan keçən, – Rusiya, Türkiyə və İran liderlərinin üçlü Soçi sammitilə bu, əyani surətdə təsdiq olundu, – Suriya prosesi qatarının sonuncu vaqonuna sıçrayıb minmə cəhdidir”.
“Washington Post”un nəşr etdiyi bu məlumatı Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə üzrə komitə sədri Vladimir Şamanov da hiddətlə şərh edib. O, gileylənərək bildirib ki, “Münaqişə sonrası tənzimləmə üzrə bundan sonrakı proses kənar amillərdən asılı olacaq. Onların başlıca olanı – gözlənilməz davranışları ilə birlikdə, amerikalılardı”.
Rusiya siyasətçilərinin bəyanatları nə qədər sərt səslənsə də, Moskva özünün uzunmüddətli Suriya strategiyasını işləyib hazırlayarkən, Vaşinqtonun kürd qüvvələrinə aid olan şimal ərazilərində öz mövqelərini qoruyub saxlamaq istəyəcəyini nəzərə almaya bilməzdi.
Pentaqonun real fəaliyyəti hərbi varlığın ixtisarından deyil, artırılmasından xəbər verir. “Al-Monitor”un Vaşinqton nəşri diqqəti idarənin kadr məsələləri üzrə xidmətinin rüblük hesabatına yönəldir. Sənədə əsasən, Yaxın Şərq və Şimali Afrikada, o cümlədən Suriya və İraqda yerləşdirilən Amerika hərbçilərinin, "rezervist"lərinin və mülki şəxslərinin sayı 2017-ci ilin ikinci yarısında həmin ilin birinci yarısına nisbətən, 33% artıb. “Chatham House”un baş elmi işçisi Mika Zenko “Twitter”də yazıb ki, “Pentaqonun kadrlar haqqındakı rüblük hesabatını oxumadıqca, siz heç zaman bilməzsiniz ki, ABŞ-ın Yaxın Şərqdə iştirakı 33% artıb. Maraqlıdır, Konqres bunu bilirmi?”
Türkiyə ekspert mühitində isə qeyd edirlər ki, Suriyada ABŞ hərbi bazalarının uzunmüddətli varlığı şübhə altına alınmır. Siyasi elmlər namizədi, politoloq Kərim Has “NQ”-yə deyib: “Müharibə sonrası dövrdə RF-nin Suriyadakı hərbi bazalarının varlığını heç kimin müzakirə etmədiyi kimi, oradakı ABŞ bazalarını da heç kim müzakirə etməyəcək. İndi danışıqların predmeti Suriya dövlətinin inzibati quruluşu və kürdlərin ala biləcəyi səlahiyyətlərdir. Başlıca məsələ bir də enerji ehtiyatlarının bölüşdürülməsidir”.
Sirr deyil ki, Suriyanın şimalında neft yataqları var. Təhlilçinin fərz etdiyinə görə, Rusiya istəyir ki, kürdlər üç sahədə – hərbi, xarici siyasət və enerji sferalarında Dəməşqdən asılı olsunlar.
Ekspert fikrini belə yekunlaşdırıb: “Rusiya təkid edəcək ki, kürdlər enerji sahəsində Dəməşqdən, onun vasitəsilə də Moskvadan asılı olsunlar. Bu planda onlara tam müstəqillik verilməyəcək”.
Suriyanın şimalında təsirli qüvvələrdən biri hesab edilən kürd “Demokratik ittifaq” partiyasında hesab edirlər ki, müharibə sonrası quruculuqda çox şey yaxın zamanda Soçidə keçirilməli olan “Milli dialoq konqresi”ndən asılı olacaq. “Demokratik ittifaq”ın Moskvadakı emissarı Abd Salam Əli “NQ”-yə bildirib: “Əgər kürdlər Suriya probleminin həllinin bir hissəsi olacaqsa, onda Suriyanın şimalında ABŞ-ın hərbi varlığına ehtiyac olmayacaq. Suriya probleminin həlli Rusiya və ABŞ-ın əlindədir, ancaq burada həlledici oyunçu Rusiyadır. Biz bunu dəqiq başa düşürük”.
Rusiya ekspertləri hesab edirlər ki, ABŞ-ın uzunmüddətli iştirakı “Suriyanın müharibə sonrası quruculuğu” haqqındakı Rusiya ideyasını mürəkkəbləşdirən çoxsaylı amillərdən biridir. Beynəlxalq işlər üzrə Rusiya şurasının eksperti, “Al-Monitor”un Moskva bürosunun rəhbəri Maksim Suçkov“NQ”-yə bildirib: “Fikrimcə, Moskva anlayır ki, öz qoşunlarını çıxarması üçün Vaşinqtona birbaşa təzyiq etmək qeyri-mümkündür. Xüsusən hərbi varlığın artırılması ABŞ üçün yalnız konkret olaraq Suriyada, onun müharibə sonrası quruculuğuna təsir etmək imkanı əldə etməkdən və bu iştirakı Cenevrədə siyasi kapitala çevirməkdən ötrü möhkəmlənmək üsulu deyil, həm də sonradan İrana təzyiq etmək imkanıdır. ABŞ hərbi kontingentinin digər Yaxın Şərq ölkələrində artırılması da çox yönü ilə bura daxil edilə bilər. Rusiya, çətin ki, bu məsələdə nə isə edə bilsin. Buna görə də Moskvanın Suriya trekindəki vəzifəsini mən belə təsəvvür edirəm: bizim bütün (bu, Türkiyə və İrana da aiddir) oyunçuları Suriyadaxili danışıqların (Soçi və ya Astanada- “NQ”) müşahidəçisi, nəsihətçisi və təminatçısı rolunda çıxış etməyə inandırmaq və təminatçıların təsirində olan tərəflərə kostruktiv təsir etmək. Hərbi iştirak isə Putin-Tramp razılaşmasında xarici birləşmələrin Suriyanı tərk etməli olması haqqında müvafiq bəndin olmasına baxmayaraq, növbəti məsələ olacaq”.
strateq.az
Paylaş: